Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Keyfiyyətli müəllim kadrları hazırlığı ümumi inkişafın açarıdır

 

Yusif MƏMMƏDOV,
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor

Cəmiyyətin tərəqqisi məktəbdən, məktəbin dəyəri isə keyfiyyətli və səriştəli kadr potensialından, ilk növbədə, müəllimdən asılıdır. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyətimiz ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir və onun qarşısında belə bir vəzifə qoyur: “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək”. Bu, Azərbaycan müəllimlərinin həyata keçirməli olduğu müqəddəs bir vəzifə, ilahi bir missiyadır. Cəmiyyət tərəqqi, inkişaf, mədəni yüksəliş üçün məhz müəllimlərə borcludur. Ulu öndər Heydər Əliyev deyirdi: “Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur. Mən müəllimdən yüksək ad tanımıram”. Müəllimlik peşəsi şərəfli olduğu qədər də məsuliyyətli, çətin və mürəkkəb bir işdir. Müdriklərdən biri deyib ki, müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər. Yaxşı öyrətmək üçün də yaxşı öyrənmək lazımdır. Bu baxımdan K.D.Uşinskinin fikirləri maraq doğurur. O yazırdı: “Müəllim nə qədər ki, oxuyur, öyrənir, o yaşayır, o, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür”.

Azərbaycanda müəllim kadrları hazırlığının mükəmməl bir sistemi yaranmışdır. Ümumtəhsil məktəblərində 150 mindən artıq müəllim böyüyən nəslin təlim-tərbiyəsi ilə məşğul olur ki, onların da böyük əksəriyyəti universitetimizin məzunlarıdır. Biz bununla qürur duyuruq. Bununla yanaşı, Bakı şəhərində sınaq qiymətləndirilməsi zamanı müəllimlərin 12,7 faizinin ixtisas üzrə sualların (maksimum 40 baldan) 50 faizinə belə düzgün cavab tapa bilməməsi bizi ciddi narahat edir. Rayon məktəblərində də elmi-metodiki hazırlığı zəif, məktəbdən, şagirddən ruhən, qəlbən uzaq olan, hər cür yeniliyi “süngü” ilə qarşılayan, müqəddəs müəllim adına kölgə salan müəllimlər, vəzifə məsuliyyəti, təşkilatçılıq qabiliyyəti, kollektivi vahid məqsəd ətrafında səfərbər etmək baxımından müasir tələbləri ödəməyən, təhsilin müasir problemlərini, bu sahədəki islahatların mahiyyətini dərk etməyən, yaradıcılığı və təşəbbüskarlığı ilə fərqlənməyən məktəb direktorları da az deyil. Platon deyirdi ki, pinəçinin bir cüt ayaqqabını pis tikməsi bir nəfər afinalıya ziyan vurduğu halda, müəllimin pis işi, pis tərbiyəsi bütün Yunanıstana ziyan gətirir. Məktəbi belə təsadüfi adamlardan təmizləmək üçün müəllimlərin təhsil-tərbiyə fəaliyyətinin ciddi, qərəzsiz, ədalətli, obyektiv, sistemli şəkildə dəyərləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin qiymətləndirilməsi üçün sertifikatlaşdırma imtahanlarının keçirilməsi müəllim kadrlarının seçilməsində, yerləşdirilməsində və təlimin keyfiyyətinin yüksəldilməsində mühüm amil ola bilər.

Məni həmişə bir məsələ düşündürür: necə olmalıdır ki, ümumtəhsil məktəblərinə ancaq öz ixtisasını mükəmməl bilən, müasir təhsil-tərbiyə və informasiya-kommunikasiya texnologiyalarından baş çıxaran, məktəbi və şagirdləri sevən müəllimlər işə götürülsün? Universitetləri güc-bəla ilə bitirənlər, təlimdə zəif nəticə göstərənlərin məktəbə gedən yolu birdəfəlik bağlansın. Təhsil Nazirliyinin son illərdə müəllimlərin işə götürülməsi ilə bağlı elektron qəbul qaydalarını tətbiq etməsi bu sahədə xeyli dəyişikliyə səbəb olmuşdur. Belə ki, 2015-2016-cı tədris ilində müəllim olmaq üçün sənəd verən 24437 nəfər iddiaçıdan 21795 nəfəri test imtahanında iştirak etmək hüququ qazanmışdır. Həmin imtahanlarda iştirak edən 18574 nəfərdən 2618 nəfəri müəllim adına layiq görülmüşdür.

 Son illərdə müəllim hazırlığının vahid konsepsiyası, aydın strategiyası və konkret dövlət proqramı hazırlanmış, 3000-ə yaxın məktəb binası tikilmiş, yararsız təhsil obyektləri əsaslı təmir olunmuş, ümumi təhsilin məzmunu yeniləşdirilmiş, yeni dərslik siyasəti reallaşdırılmış, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsinin yeni modeli tətbiq edilmiş, təhsil müəssisələrinin böyük əksəriyyəti informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilmiş, təhsil sisteminin informasiyalaşdırılması, xaricdə təhsil və beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində uğurlu addımlar atılmışdır. Məktəblərin infrastrukturunun yeniləşdirilməsində Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri oldu. Bununla yanaşı, sürətlə modernləşən respublikamızda təhsilin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi üçün yeni, daha səmərəli və təsirli addımların atılmasına ehtiyac yarandı. Həmin ehtiyacların ödənilməsi, ölkədə insan kapitalının davamlı inkişafı üçün şəraitin yaradılması, mövcud infrastrukturun təkmilləşdirilməsi, müasir düşüncəyə, yeni təhsil - tərbiyə texnologiyasına, əxlaqi - mənəvi saflığa, yüksək peşə və ixtisas hazırlığına malik pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi dövrün tələbinə çevrilmişdir.

Akademik bacarığı, tədris təcrübəsi və peşəkarlıq səviyyəsi ilə fərqlənən keyfiyyətli müəllim kadrlarının hazırlanması müəllim peşəsinin nüfuzunun yüksəldilməsini tələb edir. Pedaqoji fəaliyyət prosesində peşəkarlıqla yanaşı, müəllim nüfuzunun da böyük rolu vardır. Müəllim canlı, şüurlu, faktlara və hadisələrə öz fərdi münasibəti olan insanlarla işləyir. Müəllim şagirdlər, öz həmkarları və valideynlər arasında yüksək nüfuza malik olduqda onun pedaqoji fəaliyyətinin səmərəli olduğunu söyləmək olar. Müəllimin nüfuzu onun mənəvi statusudur. Nüfuz insanın ictimai proseslərin gedişi təcrübəsində əldə etdiyi mənəvi ləyaqətə söykənən digərlərinə təsir etmək qüvvəsidir. Pedaqoji nüfuz müəllimin mənəvi-etik və psixoloji-pedaqoji hazırlığından çox asılıdır. Onun səviyyəsi müəllimin biliyinin dərinliyi, erudisiyası, ustalığı, işə və iş yoldaşlarına münasibəti, ümumi hazırlığı, ictimai fəallığı, valideynlərlə işləmək metodu, məişətdə davranışı və s. ilə müəyyən edilir. Müəllim nüfuzunu qərarla, əmrlə, göstərişlə qaldırmaq qeyri-mümkündür. Müəllimlik peşəsinin nüfuzunu hər bir müəllim öz iş və mənəvi keyfiyyətləri ilə yüksəldə bilər.

Bu sətirləri yazarkən orta məktəbdə oxuduğum illər və məktəb müəllimlərim yada düşür. Müəllimlərə nəinki biz şagirdlər, həm də kənd camaatı hörmət və ehtiram göstərirdi. Valideynlərimiz onları bizə nümunə göstərərdi. Mən müəllimlərimi elə ilahiləşdirmişdim ki, hətta onların məişət işləri görmələrinə təəccüb edirdim. Onların nitqi, ədəb-ərkanı, səliqəli və təmiz geyimləri, şux yerişləri, gülümsər sifətləri, məhəbbət dolu ürəkləri məni valeh etmişdi. Ən böyük arzum onlar kimi müəllim olmaq idi. Bütün fənləri əla qiymətlərlə oxuyub məktəbi qızıl medalla bitirdim. Riyaziyyat müəllimliyi peşəsini seçdim, ADU-nun (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsini bitirdim, ali məktəb müəllimi oldum, elmi dərəcə və adlar aldım. Məhz riyaziyyat ixtisasını seçməyimin səbəbkarı orta məktəbdə riyaziyyat müəllimim Novruz müəllimin zehnimdə yaratdığı ideal müəllimlik obrazı oldu. Elmi-pedaqoji sahədə qazandığım bütün uğurlarda müəllimlərimin payı var.

Bəzən pedaqoji peşənin nüfuzunun yüksəldilməsi üçün müəllimlərin əməkhaqqının dəfələrlə artırılmasını təklif edirlər. Fikrimizcə, bu, doğru yol deyil və bütün müəllimlərin əməkhaqqının birdən-birə eyni məbləğdə artırılması tədris göstəricilərinin yaxşılaşdırılmasına səbəb olmayacaq. Əməkhaqqı diferensiallaşdırılmalı, yalnız əməyi sertifikatlaşdırılan müəllimlərin əməkhaqqısı artırılmalıdır.

Keyfiyyətli və səriştəli müəllim kadrlarının hazırlığının ilkin şərti pedaqoji peşəyə seçimin düzgün, obyektiv və şəffaf aparılmasından asılıdır. Bunun üçün isə, ilk növbədə, pedaqoji peşəyə sənəd verən abituriyentlərin peşəyəyararlılıq səviyyəsi yoxlanılmalıdır. İstəmədən, sevmədən müəllimlik peşəsini seçənlər çoxdur. Ona görə də ümumtəhsil məktəblərində peşə məsləhətləri elmi xarakterdə, məqsədli və düşünülmüş şəkildə aparılmalıdır. Təəssüf ki, ali məktəblərə mövcud tələbə qəbulu sistemi bu seçimi reallaşdırmağa imkan vermir. Abituriyentlərin pedaqoji peşəyə maraq, meyil və qabiliyyətləri, zahiri görünüşləri, xüsusilə də ibtidai sinif müəllimliyi ixtisasını seçənlərin yazı və nitq mədəniyyəti yoxlanılmır. Musiqiçi üçün musiqi duyumu, rəssam üçün rəng duyumu nə qədər zəruri və vacibdirsə, müəllim üçün pedaqoji sövqtəbiilik, pedaqoji qabiliyyətlər o qədər zəruri və vacibdir. Müəllimin xüsusi peşə və ictimai funksiyaları onun qarşısında mühüm tələblər qoyur. Müəllim şagirdlər, valideynlər və ümumiyyətlə, cəmiyyət üçün nümunə, etalon olmalıdır. Digər peşə sahiblərinin peşəkarlığı, insan və şəxsiyyət kimi formalaşması məhz müəllimdən asılıdır. Zəruri kompetensiyalara malik müəllimin olması yaxşı həkim, yaxşı mühəndis, yaxşı hüquqşünas, yaxşı iqtisadçı, peşəkar hərbiçinin hazırlanması deməkdir. Bu səbəbdən də son illərdə təhsillə bağlı qəbul edilən bütün sənədlərdə, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”(2012), “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda (2013) təhsilalanların öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində müəllim həlledici sima hesab olunur. Müəllimin şəxsi keyfiyyətləri hesab olunan pedaqoji kompetensiyalar onun uşaqlara məhəbbətində, onlarla işləməkdən və ünsiyyətdə olmaqdan həzz almaqda özünü göstərir. İllərlə ağ xalatlı həkim olmaq, insanların fiziki sağlamlığının keşiyində dayanmaq arzusu ilə yaşayan, ali məktəbə qəbul zamanı bu istəyini reallaşdıra bilməyən, təsadüf nəticəsində biologiya müəllimliyi ixtisasına düşən və yaxud hüquqşünas, diplomat olmaq istəyən abituriyentlərin tarix, ədəbiyyat, sinif müəllimliyi ixtisaslarına daxil olmaları, həmin peşəni istəyərək seçənlərə nisbətən yüksək bal toplamalarına baxmayaraq, onların gələcəkdə yaxşı müəllim olacaqlarına dəlalət etmir. Müəllim fitrətən müəllim, ustad olmalıdır. Müəllimin praktik fəaliyyəti üçün zəruri olan təşkilatçılıq, tədqiqatçılıq, təlim (öyrətmə), elmi-idraki qabiliyyətləri pedaqoji peşəyə maraq və meyli olmayan, təsadüf nəticəsində bu ixtisasa düşən abituriyentlərdə yaratmaq olduqca çətindir. Bir müddətdən sonra həmin tələbələrin özləri də səhvlərini dərk edir, təhsillərini yarımçıq qoymalı olurlar. Nəticədə müəllimlik peşəsini sevməyən birisinin onun yerini tutması səbəbindən ali məktəbə qəbuldan kənarda qalan abituriyent də, düzgün olmayan seçimin qurbanı olan tələbə də, onun valideyni də əziyyət çəkir, tələbənin təhsilini maliyyələşdirən dövlət külli miqdarda vəsait itirir. Elə buna görə də ali məktəblərə tələbə qəbulunun qaydaları təkmilləşdirilməli, ixtisaslar, xüsusilə təhsil ixtisasları digər qruplardan ayrılmalıdır. Keyfiyyətli müəllim kadrları yetişdirmək məqsədilə pedaqoji ixtisaslara sənəd verən abituriyentlərin peşəyəyararlılıq səviyyəsinin müəyyənləşdirilməsi, nitq və yazı mədəniyyətinin yoxlanılması üçün müsahibələrdən keçirilməsi, yüksək bal toplayanların pedaqoji peşəyə istiqamətləndirilməsi zəruri və vacibdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin I kursuna qəbul olunmuş tələbələrlə aparılan

söhbətdən məlum olur ki, bəzən şagirdə valideynləri, sinif və məktəb yoldaşları, tanışları və qohumları peşə məsləhətləri verirlər. Əlbəttə, əgər belə məsləhətlər abituriyentin fərdi marağı, bacarığı və qabiliyyəti, sağlamlıq vəziyyəti, peşəyararlılığı nəzərə alınmaqla verilərsə, onda faydası çox olar. Təcrübə sübut edir ki, daha çox sistemsiz və pərakəndə verilən, təsadüfi xarakter daşıyan məsləhətlər abituriyentin fərdi-psixoloji xüsusiyyətlərinə əsaslanmayıb, həmin şəxsin onu necə görmək istəməsindən irəli gəlir. Peşə məsləhətləri təsadüfi şəxslər tərəfindən deyil, pedaqoqlar, psixoloqlar və həkimlər tərəfindən verilə bilər.

Ötən əsrin 70-80-ci illəri ilə müqayisədə abituriyentlərin peşə seçimində valideynlərin rolu məktəb müəllimlərinə nisbətən xeyli azalmışdır. Belə ki, ADPU-nun ibtidai sinif müəllimliyi ixtisasına qəbul olan I kurs tələbələri ilə aparılan sorğunun nəticələrinə görə, I kursa qəbul olan tələbələrin 49%-i məktəb müəllimlərinin təsiri, 41%-i digər başqa səbəblərin təsiri ilə müəllimlik peşəsini seçdikləri halda, 10%-i valideynlərinin təsiri ilə həmin peşəni seçdiklərini bildirmişlər.

Pedaqoji kadr hazırlığında mühüm problemlərdən biri də ötən əsrin ikinci yarısından başlayan, müasir dövrdə həyəcan doğuracaq bir həddə çatmış məktəblərdə gedən feminizasiya prosesidir. Feminizasiya effektlərini təhlil edən professor Əbdül Əlizadə oğlanların tərbiyəsində qadınların - evdə ananın, məktəbdə isə çoxluq təşkil edən qadın müəllimlərin daha fəal rol oynaması faktına diqqəti cəlb edir: günün çox hissəsini qadınlarla ünsiyyət şəraitində keçirən oğlan uşaqları çox vaxt onların təkcə düşüncə tərzini götürmür, həm də məhz qadın meyarlarını mənimsəyir, başqa sözlə, dünyaya qadın gözü ilə baxmağa başlayır. Əbəs yerə demirlər ki, xarakteri xarakter formalaşdırır. Ali pedaqoji təhsil müəssisələrinə qəbul olan tələbələrin böyük əksəriyyətinin, hətta mühəndis-pedaqoji ixtisasına daxil olanların 90%-ə qədərinin qızlardan ibarət olması bizi həyəcan təbili çalmağa sövq edir. Qeyri-adekvat olan bu vəziyyətin aradan qaldırılması məqsədilə oğlanların pedaqoji peşəni seçmələri üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, onlara xüsusi təqaüdlərin və imtiyazların verilməsi, fikrimizcə, işin xeyrinə ola bilər.

Ali təhsilin zamanın tələblərinə uyğun qurulması onun infrastrukturunun təkmilləşdirilməsini tələb edir. Yüksək elmi-pedaqoji kadr potensialına, güclü maddi-texniki bazaya, müasir və yeni kampuslara malik olmadan təlimin keyfiyyətini Avropa standartları səviyyəsində təmin etmək real görünmür. Keyfiyyətli və səriştəli müəllim kadrlarının hazırlanması ali pedaqoji təhsil müəssisələrinin nəzdində baza məktəblərinin, təcrübə-istehsalat mərkəzlərinin yaradılmasının vacibliyini ön plana gətirir. Məktəbəqədər, ümumtəhsil, ilk peşə-ixtisas, musiqi məktəbləri üçün pedaqoji kadr hazırlığını həyata keçirən ADPU-nun nəzdində bağça-məktəb-lisey kompleksinin, musiqi və peşə məktəbinin yaradılması nəzəriyyə ilə praktikanın vəhdətini, gələcək müəllimlərin təhsil prosesinə çevik və dinamik adaptasiya olunmasını təmin etməklə yanaşı, innovativ təlim metodlarını öz işinə uğurla tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail olan səriştəli və peşəkar müəllimlərin yetişməsini təmin edər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi nəzarəti ilə ADPU üçün kampusun tikintisinin planlaşdırılması gənclərdə bu peşəyə maraq yaratmağa xidmət etməklə yanaşı, yüksək ixtisaslı müəllim kadrları hazırlığını təmin edəcəkdir. Təhsil Nazirliyinin universitetimizə Almaniyadan yüksək qiymətə alınmış kimya, biologiya və fizika laboratoriyalarını hədiyyə etməsi, yalnız ADPU-ya deyil, ümumiyyətlə, Azərbaycanda müəllim kadr hazırlığına göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirilməlidir.

Son illərdə müəllimlərin maddi rifah halının yüksəldilməsi, peşəkarlığın və müəllimlik peşəsinə marağın artırılması sahəsində aparılan davamlı və məqsədyönlü islahatlar bu şərəfli peşənin ictimai nüfuzunu xeyli artırıb. Təhsil Nazirliyi tərəfindən yüksək rəqabət və şəffaf şəraitdə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsi müəllimlik ixtisasına artan marağın göstəricisidir. Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarovun təşəbbüsü ilə ali məktəblərə qəbul zamanı birinci yerdə məhz müəllimlik ixtisasını yazan, qəbul imtahanlarında 500-dən artıq bal toplayan 300 tələbəyə nazirlik tərəfindən 100 manat həcmində “Gələcəyin müəllimi” təqaüdünün verilməsi gələcək müəllimlərə əlavə stimul vermişdir. Artıq 600 tələbə bu təqaüdə layiq görülüb.

Təhsil Nazirliyinin tövsiyəsi ilə universitetimizin professor-müəllim heyətinin Bakı şəhərinin ayrı-ayrı məktəblərində məzunlarla keçirdiyi görüşlər, pedaqoji peşə ilə bağlı apardıqları söhbətlər də səmərəli olmuşdur. Belə ki, bir il bundan əvvəl ADPU-ya qəbul olan tələbələrdən cəmi 19 nəfəri 500-dən artıq bal topladığı halda, bu il onların sayı 10 dəfə (188 nəfər) artmışdır. Dövlət sifarişi ilə təhsil alan tələbələrin sayında da kəskin artım baş vermişdir. Bu il universitetə qəbul olan tələbələrin 64,4 faizi dövlət sifarişli tələbələr olmuşdur. Ötən il bu göstərici 40 faiz olmuşdur. “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olunan 265 nəfər tələbədən yalnız 4 nəfəri ödənişli əsaslarla oxuyacaq. Bunlar çox yüksək göstəricilərdir.

Pedaqoji kadr hazırlığına yeni metodoloji yanaşma ulu öndər Heydər Əliyevin və onun siyasi məktəbinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü və ardıcıl təhsil siyasətinin nəticəsində mümkün olmuşdur. İlkin müəllim hazırlığının təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasında ali təhsilin bakalavr pilləsində ibtidai sinif müəllimlərinin hazırlığı üzrə çərçivə Kurikulumu” hazırlanmış, 3 pilot ali təhsil müəssisəsində (ADPU, AMİ, GDU) tətbiq olunmuşdur. Strategiyada ali təhsil üzrə yeni kurikulumların, səriştəyə əsaslanan standartların hazırlanması zəruri və vacib hesab olunur. Azərbaycan Respublikasının təhsil naziri M.Cabbarov müsahibələrinin birində haqlı olaraq qeyd etmişdir ki, müəllim hazırlığı üzrə yeni kurikulumlar tətbiq edilsə də, bütövlükdə ali təhsil müəssisələrinin kurikulumları əmək bazarının müasir şərtlərinə uyğun gəlmir. Strategiyada isə göstərilir ki, ali təhsil pilləsində kurikulumların inkişafı iqtisadiyyatın inkişaf dinamikasından geri qalır. Dövlətin ali təhsildən, xüsusilə də ali pedaqoji təhsildən gözləntiləri böyükdür. Millətin mənəvi potensialının formalaşması müəllimin dərin və hərtərəfli biliyə, praktik bacarığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə və müasir dünyagörüşə hansı səviyyədə malik olmasından asılıdır. Müasir dövrdə cəmiyyətdə intensiv olaraq dəyişən sosial-iqtisadi münasibətlər təhsil sisteminin bu proseslərə çevik və dinamik adaptasiyasını tələb etdiyindən, ildən-ilə öyrənmə prosesinin keyfiyyətini yüksəltmək müəllimlərdən təhsil prosesinə daha səriştəli yanaşma tələb edir. Müasir müəllim araşdırmalar aparmağı bacarmalı, müasir təhsil, tərbiyə, inkişaf texnologiyalarından baş çıxarmalı, düzgün diaqnozlaşdırma, proqnozlaşdırma, layihələşdirmə, informasiyavermə, təşkiletmə, qiymətləndirmə, nəzarətetmə və korreksiya funksiyalarını bilməli, tədqiqatçılıq keyfiyyətinə malik olmalıdır. Tədqiqatçılıq bacarığı olmayan müəllim bu keyfiyyəti öz şagirdlərinə aşılaya bilməz. Müasir məktəbin müəllimi yaradıcı olmalı, dərs dediyi şagirdin inkişafını bütün mərhələlər üzrə görməyi bacarmalı, onların şəxsiyyət kimi formalaşmasını düzgün istiqamətləndirməlidir. Məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqın milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək üçün müəllim şagirdin yaradıcı təfəkkürünə məxsus bütün psixo-pedaqoji xüsusiyyətləri bilməlidir.

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov