Noyabrın
26-da Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondu Azərbaycan Texniki Universitetində (AzTU)
“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və
nəşrinin 200 illiyi münasibətilə “Kitabi-Dədə Qorqud -
Fon Dits - 200” mövzusunda tədbir keçirib.
Tədbir Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un
alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin
qeyd edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq
reallaşdırılıb.
Tədbiri giriş sözü ilə universitetin rektoru, əməkdar
elm xadimi, professor Havar Məmmədov açaraq bu gün
Azərbaycanda elmə, təhsilə, mədəniyyətə böyük önəm
verildiyini deyib. Rektor Bilik Fondunun texniki
təmayüllü ali məktəblərdə də Dədə Qorqudla bağlı
tədbirlər keçirməsini alqışladığını bildirib.
“Kitabi-Dədə Qorqud” boylarının xalqımızın mənəvi
sərvəti olduğunu vurğulayan rektor peşəsindən,
ixtisasından asılı olmayaraq, hər bir azərbaycanlının
dastan qəhrəmanlarını sevdiyini dilə gətirib. O qeyd
edib ki, “Kitabi-Dədə Qorqud” dastanının nəşr edilməsi
və dünyaya tanıdılması Azərbaycan xalqının həyatında
əlamətdar hadisələrdən biridir. “Dədə Qorqud” dastanı
ilə bağlı ölkəmizdə indiyədək çoxlu araşdırmalar
aparılıb və qorqudşünaslığın ayrıca sahə kimi
formalaşdırılması istiqamətində mühüm addımlar atılıb.
2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik
yubileyinin UNESCO-nun xətti ilə beynəlxalq səviyyədə
təntənəli qeyd edilməsi bu abidənin tədqiqi tarixində
yeni mərhələnin başlanğıcı olub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru,
professor İsaxan Vəliyev təmsil etdiyi qurumun
maarifçilik istiqamətində həyata keçirdiyi layihələrdən
danışıb.
AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir
üzvü Muxtar İmanov “Kitabi-Dədə Qorqud” dastanı haqqında
geniş məlumat verib, onun dünya folklorunda və
dastanşünaslığında özünəməxsus yerinin olduğunu
vurğulayıb. Sonda müəllimləri və tələbələri
maraqlandıran suallar cavablandırılıb.
Müşfiq BORÇALI |