Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində möhtəşəm ümumtürk abidəsi olan
“Kitabi-Dədə Qorqud” dastanının ilk nəşrinin 200 illik
yubileyinə həsr olunmuş “Türk epos mədəniyyəti və
“Kitabi-Dədə Qorqud” dastanı” mövzusunda elmi-nəzəri
konfrans keçirilib. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 20 fevral 2015-ci il
tarixli sərəncamından irəli gələn tədbirlər çərçivəsində
keçirilən konfransda xalqımızın mədəni sərvətlər
xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri
milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən
“Kitabi-Dədə Qorqud” abidəsinin əhəmiyyətindən
danışılıb.
Konfransı giriş sözü ilə açan universitetin
rektoru, professor Fərəh Əliyeva müstəqillik tariximizdə
ədəbi hadisə olan “Kitabi-Dədə Qorqud” eposunun 1300
illik yubileyinin qeyd edilməsindən, ümummilli lider
Heydər Əliyevin klassik irsə münasibətindən geniş bəhs
edib. Rektor daha sonra bu dastanın milli-mədəni irsin
qorunub yaşadılması və böyüməkdə olan gənc nəslin
azərbaycançılıq ruhunda tərbiyə olunmasında oynadığı
roldan danışıb.
Plenar iclasda AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunun direktor müavini, əməkdar elm xadimi,
professor Məhərrəm Qasımlı çıxış edib.
Konfransda “Kitabi-Dədə Qorqud” dastanının
tədqiqinə dair videoçarx və kitab sərgisi nümayiş
olunub.
Mətbuat xidməti |