Bakı
Dövlət Universitetində “Avropa hüququ və milli
qanunvericilik: qarşılıqlı əlaqələrin formalaşması və
inkişaf perspektivləri” adlı beynəlxalq elmi-praktik
konfrans keçirilib. Universitetin rektoru, akademik Abel
Məhərrəmov konfransda iştirak edən xarici qonaqları,
professor-müəllim heyətini salamlayaraq Azərbaycan
Respublikasının Konstitusiyasının qəbulunun 20-ci,
BMT-nin və YUNESKO-nun yaradılmasının 70-ci, 1950-ci
Avropa Konvensiyasının qəbulunun 65-ci, 10 dekabr
1948-ci il tarixli İnsan hüquqları haqqında Ümumi
Bəyannamənin qəbul edilməsinin növbəti ildönümünə həsr
olunan konfransın əhəmiyyətindən danışıb. Ümummilli
lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən
Konstitusiyanın Avropa ölkələri və dünya birliyi
tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən rektor,
habelə Almaniya ali təhsil ocaqları ilə əlaqələrdən,
Vürzburq Universiteti ilə “İkili diplom” layihəsinin
uğurla davam etməsindən də bəhs edib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev
bildirib ki, 20 il əvvəl müstəqil Azərbaycanın qurucusu,
ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə
Konstitusiya komissiyası yaradıldı və çox nüfuzlu
şəxslərin, alimlərin, mütəxəssislərin hər birinin
rəyləri nəzərə alınmaqla hazırkı Konstitusiya qəbul
olundu. Ölkədə bütün qanunvericilik və digər
normativ-hüquqi aktlar bu əsas qanuna söykənir.
Çıxış edən Vürzburq Universitetinin prorektoru,
professor Ekxard Paxe və Bakı Dövlət Universitetinin
hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev
ikigünlük konfrans barədə ətraflı danışaraq, keçiriləcək
iclaslar, müzakirə olunacaq mövzular barədə məlumat
verib.
Daha sonra konfrans işini bölmələrdə davam etdirib.
Ümumilikdə 4 bölmə iclasında keçirilən konfransda 35
məruzə dinlənilib.
Mətbuat xidməti |