Naxçıvan
Dövlət Universitetində “XX əsr Azərbaycan memarlığında
Mikayıl Hüseynov zirvəsi” mövzusunda elmi konfrans
keçirilib. Konfransdan öncə universitetin rektoru,
AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov memarlıq
ixtisasının tələbələrinin əl işlərindən ibarət sərgi ilə
tanış olub. Rektor konfransı giriş sözü ilə açaraq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1
iyun 2015-ci il tarixli sərəncamı ilə görkəmli memar,
akademik Mikayıl Hüseynovun anadan olmasının 110
illiyinin dövlət səviyyəsində qeyd olunmasını
milli-mənəvi irsimizə, memarlıq elminə yüksək dəyər kimi
qiymətləndirib. Qeyd olunub ki, Sosialist Əməyi
Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət
mükafatları laureatı, ictimai xadim Mikayıl Hüseynov
müasir Azərbaycan memarlıq elminin banisidir. Onun həyat
və fəaliyyətinin, memarlıq üslubunun tədrisi və təbliği
zəruri əhəmiyyətə malikdir. Rektor universitetin
memarlıq ixtisasının tələbələri üçün Mikayıl Hüseynov
adına təqaüdün təsis olunması ilə bağlı fikir də
səsləndirib.
Universitetin memarlıq kafedrasının müdiri, memarlıq
üzrə fəlsəfə doktoru Qadir Əliyev “Mikayıl Hüseynovun
yaradıcılığı” mövzusunda məruzə edərək görkəmli memarın
SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü, SSRİ xalq
memarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Böyük
Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri
üzvü, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının
ilk prezidenti Mikayıl Hüseynovun elmi-pedaqoji
fəaliyyəti barədə məlumat verib.
Memarlıq kafedrasının dosenti, memarlıq üzrə fəlsəfə
doktoru Gülnarə Qənbərova “Mikayıl Hüseynov
yaradıcılığında monumental memarlıq”, memarlıq
ixtisasının IV kurs tələbəsi İsmayıl İsmayıllı “Mikayıl
Hüseynovun Azərbaycan memarlığının inkişafında rolu”
mövzularında məruzə ilə çıxış ediblər.
Mehriban SULTAN |