Dekabrın
2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)
xalqımızın böyük hərbi xadimi, istedadlı sərkərdə,
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri olmuş
general Səməd bəy Mehmandarovun 160 illik yubileyinə
həsr olunmuş elmi konfrans keçirilib. Konfransda öncə
Səməd bəy Mehmandarovun xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm
xadimi, professor Yusif Məmmədov konfransı giriş sözü
ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev bu il sentyabr ayının 29-da
“General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin
keçirilməsi haqqında” sərəncam imzalayıb. Elmi konfrans
da həmin sərəncama uyğun olaraq keçirilən bir tədbirdir.
Məşhur hərbi xadim, görkəmli general Səməd bəy
Mehmandarovun 160 illik yubileyinin dövlət səviyyəsində
keçirilməsi şanlı hərb tariximizin öyrənilməsi, gənc
nəslin azərbaycançılıq məfkurəsinə uyğun və
hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması və eləcə
də müasir ordu quruculuğunun inkişaf etdirilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir.
Elmi konfransda ADPU-nun Türk və Şərqi Avropa xalqları
tarixi və tarixin tədrisi metodikası kafedrasının
professoru Mais Əmrahov “General Səməd bəy Mehmandarov
və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi” mövzusunda
məruzə ilə, yazıçı-jurnalist, polkovnik-leytenant
Şəmistan Nəzərli “General Səməd bəy Mehmandarov -
Azərbaycan Xalq Cümhuriyyətinin ilk ordu qurucusu”,
fəlsəfə və sosial fənlər kafedrasının dosenti, əməkdar
jurnalist Yasin Qaraməmmədli isə “General Səməd bəy
Mehmandarov və müasir gənclik” mövzularında çıxış
ediblər.
Konfrans suallar və çıxışlarla yekunlaşıb.
Mətbuat və informasiya şöbəsi |