Dekabrın 2-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsində İçərişəhərin Şirvanşahlar Sarayı
Kompleksi və Qız qalası ilə birgə UNESCO-nun Dünya İrs
Siyahısına salınmasının 15 illiyinə həsr olunan “Dünya
irsi: İçərişəhər - qədim şəhərin müasir tarixi”
mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir
Nuriyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən
sonra bir sıra beynəlxalq və regional təşkilatlarla, o
cümlədən UNESCO ilə əməkdaşlıq edir. Ölkəmiz bu
beynəlxalq təşkilatla birlikdə bir sıra layihələr həyata
keçirib.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə
1977-ci ildə Tarix-Memarlıq Qoruğu statusu almış
İçərişəhər 2000-ci ilin dekabrında Qız qalası və
Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə UNESCO-nun
Dünya Mədəni İrs siyahısına daxil edilib və 15 ildir bu
siyahıda layiqli yerini qoruyub saxlamaqdadır.
İçərişəhər Azərbaycanın UNESCO-nun Dünya İrs Siyahısına
daxil edilən ilk tarixi məkanıdır. 2003-cü ildə
İçərişəhər Təhlükə altında olan obyektlər sırasına daxil
edilib.
Vurğulanıb ki, 2005-ci ildə Prezident İlham
Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılıb.
S.Nuriyev ötən müddətdə Prezident İlham Əliyevin və
Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın daimi diqqət və
qayğısı altında İçərişəhərin unikal memarlıq-şəhərsalma
kompleksi kimi mövqeyinin möhkəmlənməsi, mühafizəsi,
bərpası, burada konservasiya və restavrasiya işlərinin
aparılması, tarix-memarlıq abidələrinin elmi, tarixi və
mədəni cəhətdən öyrənilməsi, dünyada tanıdılması və
beynəlxalq səviyyədə təbliği sahəsində görülmüş işləri
xüsusi qeyd edib. İçərişəhər ərazisində bir sıra zəruri
bərpa layihələrinin başlanmasını və abidələrin
dağıdılmasının qarşısının alınmasını nəzərə alaraq
2009-cu ildə İçərişəhər UNESCO-nun Təhlükə altında olan
obyektlər siyahısından çıxarılıb.
Təhsil naziri Mikayıl Cabbarov ölkəmizin artıq 23
ildir ki, UNESCO-nun tamhüquqlu üzvü olduğunu, bu
əməkdaşlığın abidələrin və tarixi yerlərin mühafizəsi,
onların bərpası və tədqiqi sahəsində zəngin dünya
təcrübəsinin öyrənilməsi üçün ölkəmizə, o cümlədən
İçərişəhərə geniş imkanlar açdığını bildirib.
İçərişəhərin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına
salınmasının bütün dünyada ümumbəşəri bir dəyər kimi
qəbul edilməsinin və yüksək qiymətləndirilməsinin əyani
göstəricisi olduğunu söyləyən M.Cabbarov, son illər
ərzində İçərişəhərin ərazisində yüksək peşəkarlıqla və
gözəl memarlıq üslubunda həyata keçirilmiş təmir-bərpa,
abadlıq, konservasiya və restavrasiya layihələrindən
bəhs edib.
Azərbaycan Respublikası Müəllif Hüquqları
Agentliyinin sədri Kamran İmanov idarəyə rəhbərlik
etdiyi 2006-2008-ci illərdə həyata keçirilən işlər
barədə məlumat verib. Bildirilib ki, idarə yeni
yarananda dünyanın məşhur memarları cəlb edilməklə
İçərişəhərdə bərpa və konservasiya işləri başlanıb.
Bundan sonra İçərişəhər Təhlükə altında olan obyektlər
siyahısından çıxarılıb.
Mədəniyyət və turizm nazirinin birinci müavini
Vaqif Əliyev, akademik Ziyad Səmədzadə, Azərbaycan
Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru
Gülçöhrə Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyası
(AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir
üzvü Yaqub Mahmudov əlamətdar gün münasibətilə
kollektivi təbrik ediblər. Qeyd edilib ki, İçərişəhərin
UNESCO-nun Dünya İrs Siyahısına salınması ölkəmizi
dünyada tanıtdıran mühüm hadisədir.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin bir qrup əməkdaşına Azərbaycan Memarlar
İttifaqının fəxri fərmanları təqdim edilib.
Sonda İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına
salınmasının 15 illiyinə həsr olunan film nümayiş
etdirilib. |