Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
dekabrın 1-də Naxçıvana səfəri çərçivəsində şəhər 2
saylı uşaq musiqi məktəbinin açılışında da iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını
bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə məlumat verildi ki, bu
musiqi məktəbi 1987-ci ildə yaradılıb. Məktəb binasının
darısqallığı son vaxtlar burada tədrisin müasir
səviyyədə qurulmasına əngəl törədirdi. Bu çətinliyi
nəzərə alaraq muxtar respublika rəhbərliyi məktəb üçün
yeni bina tikilməsi haqqında qərar verib. Şəhərin
görməli yerlərindən birində - Atatürk küçəsində ümumi
sahəsi 2540 kvadratmetr olan 4 mərtəbəli yaraşıqlı bina
qısa müddətdə ucaldılıb. Burada 300 şagird müxtəlif
musiqi alətlərində ifaçılıq sənətinə, həmçinin milli və
klassik musiqinin sirlərinə yiyələnəcək. Bunun üçün 4
şöbədə 7 ixtisas üzrə tədris aparılacaq. Təlim və
tədrisin yüksək səviyyədə aparılması üçün bütün zəruri
tədbirlər görülüb. 39 fərdi sinif otağı, tədris otaqları
və müxtəlif tədbirlərin keçirilməsi üçün zal ən müasir
avadanlıqla təchiz edilib.
Ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar
Respublikasında da yeni mədəniyyət və incəsənət
ocaqlarının gənc nəslin istifadəsinə verilməsi, mövcud
olanların yüksək səviyyədə bərpası, onların müasir
avadanlıqla təchiz edilməsi dövlətin mədəniyyət sahəsinə
hərtərəfli qayğısının bariz nümunəsidir.
Dövlətimizin başçısı məktəbdə təlim və tədrisin
yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və
tövsiyələrini verdi.
AZƏRTAC |