Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi
və doktorantı, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü,
Prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələr laureatı,
bəstəkar-pianoçu Pikə Axundova-Talıblı 16-18 noyabr
tarixlərində Türkiyənin Mimar Sinan Güzel Sanatlar
Universitesi Devlet Konservatuarında keçirilən
Bəstəkarlar Forumunda iştirak edib.
Səfərdə olan Pikə Axundova-Talıblı musiqişünaslıq
kafedrası tərəfindən aldığı təkliflə universitetin
tələbə, magistr, doktorant və müəllim heyəti qarşısında
seminar-dərslər keçib. Birinci seminarı o, müəllimi,
xalq artisti, professor Arif Məlikovun həyat və
yaradıcılığına həsr edib. Seminarda bəstəkarın
yaradıcılığı üzərində geniş təhlillər aparılaraq, onun
müxtəlif janrlarda yazdığı əsərləri auditoriya
tərəfindən dinlənilib. Professor Gülper Refigin
sözləri ilə desək, Pikə Axundova-Talıblı seminar
iştirakçılarını Azərbaycan musiqisinin sehrinə sala
bilib.
17 noyabr tarixində isə Bəstəkarlar Forumu çərçivəsində
Pikə Axundova-Talıblının ustad dərsləri keçirilib.
Burada bəstəkarlıq kafedrasının müdiri, professor Hasan
Uçarsu, müəllimlər Mehmet Nemutlu, professor Gülper
Refig və başqaları iştirak ediblər. Forum
iştirakçılarının istəyi ilə Azərbaycan bəstəkarı öz
əsərlərini onlara dinlədib. Bəstəkarın fortepiano
konserti, simfoniyası və bir sıra kamera-instrumental
əsərləri forum iştirakçılarının böyük marağına səbəb
olaraq alqışlarla qarşılanıb. Forumda bəstəkarlıq
kafedrası tələbələrini maraqlandıran yaradıcı insanın
musiqi dili, iş prosesi, onun qarşısında duran yaradıcı
problemlər və s. üzərində geniş diskussiyalar aparılıb.
Məruzəçi Azərbaycanda bəstəkarlıq məktəbi, gənc
bəstəkarların təhsili, tədris proqramı və başqa
məsələlər ətrafında söhbətlər aparıb. İki saatdan artıq
keçən ustad dərsi tələbələrdə xoş ovqat yaradıb və
onları maraqlandıran suallar cavablandırılıb.
Noyabrın 18-də bəstəkarın Azərbaycan musiqi tarixinə
həsr olunmuş seminarı keçirilib. Burada Pikə
Axundova-Talıblı Azərbaycanda şifahi-professional
ənənəvi musiqinin, bəstəkarlıq məktəbinin yaranmasının,
onun keçdiyi inkişaf yollarının geniş təhlilini aparıb.
Bir neçə bəstəkarın əsərlərini də auditoriyaya dinlədən
məruzəçi seminarda iştirak edən tələbə və müəllimlər
tərəfindən yüksək dəyərləndirilib. Mühazirədə təhlil
olunan hər bir mövzunu özləri üçün qeyd edən tələbələr
seminardan sonra da Azərbaycan musiqisi haqqında əlavə
məlumatlar əldə etmək arzusunda olduqlarını
bildiriblər.
Azərbaycan musiqisinin beynəlxalq aləmdə təbliği, son
illər bu istiqamətdə görülən işlər haqqında söhbətlər də
maraqla qarşılanıb. Müəllim və tələbələr uzun vaxt
çərçivəsində keçən seminardan heç də yorulmadıqlarını və
Azərbaycanın zəngin mədəni irsi haqqında geniş məlumat
aldıqlarını söyləyiblər.
Qeyd edək ki, bu, Pikə Axundova-Talıblının İstanbul
şəhərində yerləşən Mimar Sinan Güzel Sanatlar
Universitesi Devlet Konservatuarında ilk əməkdaşlığı
deyil. O, ilk dəfə 2010-cu ildə solo konsert proqramı
ilə orada çıxış edərək musiqiçılərin rəğbətini
qazanmışdı.
Səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
gerçəkləşib.
Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi” |