Məşhur
fransız yazıçısı Anatol Frans deyirdi: “Dərs elə
qurulmalıdır ki, sinifdə başında fikir, əlində
məşğuliyyət olmayan bir şagird olmasın”.
Mən dərslərimi məhz bu prinsiplə qurmağa çalışıram.
Müasir dövrdə yeni texnologiyalar şagirdlərin maraq
dairəsinin çox hissəsini təşkil edir. Buna görə də onlar
müasir kompüter texnologiyalarını öyrənməyə xüsusi həvəs
göstərirlər. Həm öz fənnimə, həm də şagirdlərə olan
sevgimdən onların bu öyrənmə həvəsini dərslərdə daha da
artırmağa səy edirəm.
Mən yeni təlim texnologiyalarının təhsilə tətbiqinə
başlanıldığı vaxtdan işləyirəm. Ona görə də ənənəvi
təlim üsullarından yeni, müasir təlim metodlarına
keçməkdə çətinliyim olmayıb. Müasir dövrdə məktəb
şagirdlərə müəyyən sahələrdə informasiyalar verməkdən
çox bu informasiyadan baş açmaq, onları təhlil etmək
bacarığı aşılamalı, öz zehni fəaliyyətini təşkil etməyə
qabil olan intellekt yetişdirməlidir. Bu sahədə
informatika müəllimlərinin üzərinə də mühüm vəzifələr
düşür. Bu vəzifələrin yerinə yetirilməsi isə müəllimin
intellektindən, xüsusi hazırlığından, öyrənməyi öyrətmək
bacarığından çox asılıdır. 10 illik təcrübəmdən və
keçdiyim innovasiya kursundan belə qənaətə gəlirəm ki,
müəllim hər gün, hər saat, hər dəqiqə öz bilik və
bacarığını artırmalı, müasir informasiya bolluğundan
zənginləşərək istifadə etməlidir.
İnformatika fənninin tədrisi onunla fərqlənir ki, eyni
bir dərs prosesində həm öyrənmə, həm də öyrənilənləri
tətbiqetmə imkanları çoxdur. Fəal təlimin ən yaxşı
xüsusiyyəti odur ki, təlim prosesində şagird özü problem
ətrafında tədqiqatlar aparıb nəticəni əldə edir.
İnformatika kompüterləşdirilmiş informasiya
sistemlərinin fəaliyyətinin layihələşdirilməsinin,
işlənməsinin, yaradılmasının, tətbiqinin və təsirinin
bütün tərəflərini öyrənən bir fəndir. İnformatikanın
əsas vəzifəsi informasiyaların qəbulu, toplanması,
təhlili, ötürülməsi, emalı və onlardan istifadə
qaydaları haqqında şagirdlərin tam biliklər qazanması,
aldığı biliklər əsasında dünyada baş verən proseslərin
əhəmiyyətini, informatika və informasiya
texnologiyalarının rolunu başa düşməsi, İKT-nin tərkib
hissələrini dərindən öyrənmək və informasiya
cəmiyyətinin inkişafını qiymətləndirməkdən ibarətdir.
Dərs müddətində təlimin əyaniliyini artırır, mürəkkəb
obyekt və proseslərin modelləşdirilməsinə, tədris
materialının daha asan mənimsənilməsinə imkan yaradır,
şagirdlərin müstəqil öyrənmə fəaliyyətini
genişləndirirəm.
Fənnin tədrisi zamanı əsas məqsədim şagirdlərdə məntiqi
və alqoritmik təfəkkür tərzini, məsələlərin həlli
üsullarına yaradıcı yanaşmaq, gündəlik tələb olunan
informasiyaları kompüter vasitəsilə ala bilmək bacarıq
və vərdişlərini inkişaf etdirməyə çalışıram.
Nuriyyə HÜSEYNOVA,
Baki şəhəri Rövşən Əliyev adına 254 nömrəli tam orta
məktəbin
riyaziyyat-informatika müəllimi |