Azərbaycanın
maarifçilik tarixində Şuşanın ədəbi, mədəni və təhsil
mühiti böyük rol oynamışdır. 1830-cu il dekabrın 30-da
Şuşada 19 şagirdlə açılan qəza məktəbi ilə Azərbaycanda
dövlət təhsil sisteminin bünövrəsi qoyulmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev uzaqgörənliklə
1982-ci ilin yanvar ayının 12-də Şuşa şəhər 1 nömrəli
orta məktəbin 150 illik yubileyinin qeyd olunması
haqqında Azərbaycan KP MK Bürosunun qərarını imzalamış
və bu qərar əsasında məktəbin yubileyi təntənəli
şəkildə keçirilmişdir. 2010-cu ilin dekabr ayında
məktəbin 180 illik yubileyinin dövlət səviyyəsində
mütəşəkkil və təntənəli surətdə keçirilməsi, bu
münasibətlə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
məktəbin müəllimləri Babayeva Sevil Həsən qızının və
Süleymanova Aidə Vəli qızının “Əməkdar müəllim” fəxri
adı, Hüseynov Yunis Rza oğlunun, Allahverdiyeva Gülşən
Qafar qızının və Kərimova Bahar Hüseyn qızının
“Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
imzaladığı sərəncamlar və yubileydə məktəbin
kollektivinə ünvanladığı təbrik məktubu bütün
şuşalılar, o cümlədən rayonun çoxsaylı təhsil işçiləri
tərəfindən sonsuz minnətdarlıq hissi ilə
qarşılanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 14 sentyabr 2011-ci il tarixdə imzaladığı 1720
nömrəli Sərəncama uyğun olaraq Bakı şəhəri, Yasamal
rayonu, Yeni Yasamal - 2 yaşayış massivində inşa
edilmiş Şuşa şəhər 1 nömrəli tam orta məktəbin yeni
binası 2015-2016-cı dərs ilinin ilk günündə bütün
təhsil infrastrukturu ilə ərazidə yaşayan məcburi köçkün
ailələrin övladlarının istifadəsinə verilmişdir.
Azərbaycan
Respublikasının təhsil naziri Mikayıl Cabbarovun
məktəbin yeni binada fəaliyyətə başlaması münasibətilə
göndərdiyi səmimi təbrik məktubu rayonun pedaqoji
kollektivlərində böyük ruh yüksəkliyi yaratmışdır.
2015-ci il sentyabrın 15-də məktəbdə “Bilik günü”
münasibətilə keçirilən möhtəşəm tədbirdə “Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra
Hakimiyyətinin başçısı Bayram Səfərovun, Təhsil
Nazirliyinin şöbə müdiri Aydın Əhmədovun, millət
vəkillərinin iştirakı rayonun təhsil işçiləri tərəfindən
dövlətimizin təhsilə olan böyük diqqət və qayğısı kimi
qiymətləndirilmişdir.
Azərbaycandakı tarixi məktəblərdən söz düşəndə 185
yaşlı Şuşa məktəbinin adı birincilər sırasında
çəkilir. Xalqımızın mədəniyyət beşiyi sayılan Şuşa
şəhəri həm də maarif ocağı olmuşdur. Azərbaycanın Rusiya
ilə birləşdirilməsindən sonra bir-birinin ardınca
meydana gələn müxtəlif tipli dünyəvi məktəblərdən biri
də təbiətin füsunkar guşəsi olan Şuşada həyata vəsiqə
almışdır. Çar hökuməti Zaqafqaziyada dövlət məktəblərini
açmazdan əvvəl belə məktəblərin nizamnaməsini
hazırlayaraq 1829-cu il avqustun 2-də təsdiq etmişdir.
Həmin nizamnamədə nəzərdə tutulan şəhərlərdən birinci
olaraq Şuşada qəza məktəbi yaradılmışdır.Yerli əhalinin
dünyəvi təhsil verən məktəb açmaq səyi və Şuşanın
iqtisadi tərəqqisi ona bu sahədə birincilik
qazandırmışdı. Azərbaycan ərazisində ilk qəza
məktəbinin təntənəli açılışı 1830-cu il dekabrın 30-da
olmuşdur. Açılışda məktəbin müdiri N.Mixaylovski
Zaqafqaziyada tədris müəssisələri təsis etmək üçün
1829-cu il nizamnaməsindən çıxarışı oxumuş və qəza
məktəbinin təsisini elan etmişdir. Həmin gün I sinif
açılmış və məktəb 19 şagirdlə təlimə başlamışdır.
Beləliklə, Azərbaycanda ilk dövlət məktəbi sisteminin
bünövrəsi qoyulmuşdur.
Şuşada
qəza məktəbi Azərbaycanda ilkin olaraq yaradıldığı kimi,
fəaliyyət göstərdiyi bütün illərdə təlim-təhsil
keyfiyyətinə görə də birinci yerdə gedirdi. Lakin o
dövrdə böyük maraqla açılan bu və digər qəza
məktəblərinin verdiyi təhsilin səthiliyi az keçməmiş
üzə çıxdı. Hökumət yeni nizamnamə ilə maarif sahəsində
təkmilləşdirmə işi aparmağı lazım bildi. Beləliklə,
1835-ci il mayın 12-də Zaqafqaziya məktəblərinin ikinci
nizamnaməsi təsdiq edildi. Bu nizamnamədə Azərbaycan
üzrə 4 qəza məktəbini, o cümlədən Şuşa qəza məktəbini
təkmilləşdirmək nəzərdə tutulurdu. Şuşa qəza məktəbi
yeni nizamnamə ilə işləməyə başladı. II və III
siniflərdə rus dilinin qrammatikası, coğrafiya, tarix,
hesab, Azərbaycan dili, hüsnxətt, rəsm fənləri tədris
edilirdi. Azərbaycan dili ruslar üçün də məcburi fənn
kimi həftədə 6 saat keçilirdi.
1848-ci il dekabrın 18-də Zaqafqaziya məktəblərinin yeni
nizamnaməsi qəbul edildi. Qəza məktəblərinin, o
cümlədən Şuşa qəza məktəbinin qarşısında yeni vəzifələr
qoyulurdu. Belə ki, əvvəlki fənlərdən əlavə dəftərxana
qaydalarına aid qısa məlumat da tədris planına daxil
edilmişdi. Azərbaycan dilinin öyrənilməsinə daha geniş
yer verilirdi.
Tez-tez olan bu dəyişikliklərə baxmayaraq, Şuşa qəza
məktəbində tədris-təlim işi digərlərinə nisbətən
yüksək səviyyədə gedirdi. Şagirdlərin sayına görə bu
məktəb bütün Zaqafqaziyada birinci yeri tuturdu.
1865-ci ildə Şuşa qəza məktəbində 240 şagird oxuyurdu.
Şagirdlərin bədii zövqünü təmin etmək və sinifdənxaric
oxusunu təşkil etmək üçün Şuşa qəza məktəbində
kitabxana yaradılmışdı. 1845-ci ilin məlumatına görə,
Şuşa qəza məktəbinin kitabxanasında 301 adda kitab və
digər tədris vəsaiti olmuşdur.
1868-ci ildən tədris planına latın və Avropa dilləri
daxil edildi. Şuşa qəza məktəbində fransız dilinin
tədrisi tətbiq olundu.
Azərbaycanda qəza məktəblərindən bir neçəsini şəhər
məktəbinə çevirmək fikri meydana çıxdı. Bu baxımdan
ilk ümumtəhsil ocağı olan Şuşa qəza məktəbi 1874-cü ildə
Zaqafqaziyada şəhər məktəblərinin də qaranquşu
oldu-Şuşa şəhər məktəbinə çevrildi.
Beləliklə, Şuşa şəhər məktəbi xeyli şagirdi,
kitabxanası, tədris-maddi bazası olan Şuşa qəza
məktəbinin bazasında 1874-cü ildə fəaliyyətə başladı.
Yeni məktəb daha yüksək tipli idi. Ona görə də pedaqoji
heyətin əksəriyyəti Tiflis Aleksandrinski Müəllimlər
İnstitutunu bitirənlərdən ibarət idi. Onlar xalq
içərisində hörmət və nüfuz sahibi kimi tanınırdılar.
Şuşa şəhər məktəbinin ana dili müəllimləri Mirzə Həsən
Əmirov və Aslan bəy Əmirov məhz belələrindən idilər.
Şuşada şəhər məktəbi şagird çoxluğuna görə yenə də
seçilirdi. 1876-cı ildə Şuşa şəhər məktəbində təkcə I
sinifdə 70, 1877-ci ildə isə 160 şagird var idi.
Şuşa şəhəri XIX əsrin 70-80-cı illərində yüksək iqtisadi
inkişafı ilə yanaşı, ədəbiyyat və incəsənət, elm və
maarifin tərəqqisi ilə də seçilirdi. 1870-ci ildən
başlayaraq burada teatr tamaşaları göstərilirdi. 1880-ci
ildən isə Şuşa şəhər məktəbi nəzdində xüsusi musiqi
sinifləri açıldı.
Şuşa şəhər məktəbi müəllim hazırlığında da müəyyən rol
oynayırdı. Bu məktəbi daha yaxşı qurtaranlar imtahan
vermək yolu ilə ibtidai məktəb müəllimi adını ala
bilirdilər. Belələrindən biri də Əbdüləli Muxtarov
idi. Ə.Muxtarovun yüksək hazırlığını nəzərə alaraq onu
1896-cı ildə Qori Müəllimlər Seminariyası nəzdindəki
Azərbaycan ibtidai məktəbinə müdir təyin etmişdilər.
Şuşa şəhər məktəbinin ilk buraxılışından bir neçə nəfər
1879-cu ildə Qori Müəllimlər Seminariyasına daxil
olmuşdu. Bunların arasında məşhur müəllim Əliş bəy
Tahirov, Azərbaycan elmi-pedaqoji tarixində görkəmli
ədəbiyyatşünas, pedaqoq kimi yer tutan Firidun bəy
Köçərli və tanınmış pedaqoq Səfərəli bəy Vəlibəyov da
var idi. XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi Nəcəf bəy Vəzirov və bir çox görkəmli
simalar da ilk təhsillərini Şuşa (qəza) şəhər
məktəbində almışlar.
Məktəb XX əsrin ilk iki onilliyində də fəaliyyətini
davam etdirmiş, xeyli məzun buraxmışdır. XX əsrin 20-ci
illərindən sonra isə məktəb özünün əsl çiçəklənmə
dövrünə qədəm qoymuş, müqəddəs təhsil ocağına
çevrilmişdir. Belə ki, Şuşa şəhər məktəbi 1927/1928-ci
dərs ilindən yeddiillik məktəbə çevrildi. Yeddiillik
məktəbə çevrildikdən sonra o, həm də şagirdləri orta
ixtisas məktəblərinə daxil olmağa hazırlayırdı. Şuşa
yeddiillik məktəbi ən yaxşı təhsil ocaqlarından hesab
edilirdi.
1933-cü ildən bu məktəb Şuşa yeddiillik nümunə məktəbi
adını aldı. 1933-1934-cü dərs ilində məşhur şairlərdən
Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm Şuşa
yeddiillik məktəbində olmuşlar.
Şuşa yeddiillik nümunə məktəbinin bütün məzunları
həyatda layiqli iz qoymuşlar. Süleyman Ələsgərov, Əşrəf
Abbasov, Aftab Kazımova və başqaları xalqımızın fəxri
olmuşlar.
Şuşa yeddiillik nümunə məktəbi 1937-1938-ci dərs
ilindən 1 nömrəli şəhər orta məktəbinə çevrildi.
1939-1940-cı tədris ilində 110 yaşlı məktəbin orta
təhsil üzrə ilk buraxılışı oldu.
1966-cı ildə 1 nömrəli məktəbdən yeni bir təhsil
ocağı-4 nömrəli orta məktəbi yarandı. 1 nömrəli Şuşa
şəhər orta məktəbi yeni binaya köçdü və burada dahi
bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyaraq
fəaliyyətini davam etdirdi. Həmin dövrdə Şuşada
yaşayıb pedaqoji fəaliyyət göstərmiş müəllimlərin
əksəriyyəti bu məktəbin yetirmələri idilər. Əməkdar
müəllimlər Zəhra Məmmədova, Məmməd Zöhrabov, Nisə
Şəfiyeva, Gülarə Məmmədova bu məktəbin məzunları olmuş
və uzun müddət doğma məktəbdə işləmişlər.
Sovet dövründə məktəbin yetirmələri içərisində
ümumittifaq şöhrəti qazanmış elm, maarif, mədəniyyət və
dövlət xadimləri, hərbi sərkərdələr çox olmuşdur.
Onlardan akademiklər Lətif İmanov, Səttar Əsədov, Cəlal
Allahverdiyev, elmlər doktorları Paşa Rüstəmov, Validə
Yusifzadə, Sabir Rüstəmov, Əbülfət Rüstəmov, Cəlal
Şükürov, Sayalı xanım Tağıyeva, Əkbər Ağayev, Əhəd
Əhmədov, Kamran Məmmədov, Sovet İttifaqı Qəhrəmanı Xəlil
Məmmədov və başqalarının adlarını iftixarla çəkmək olar.
Məktəb öz kadrları və yetirmələri ilə həqiqətən fəxr
etməyə layiqdir. Sovet dövründə məktəbin direktorları
olmuş Hacı Zalov, Zülfüqar Abdullayev, Səttar Kərimov,
Murtuza Allahverdiyev, Mütəllim Abbasov, Tovuz Abbasova,
Mərdan Əliyev, Çərkəz Səfixanov, Ərkinaz Səfərova, Dadaş
Dadaşov, müstəqillik dövründə isə Sevil Babayeva, Naimə
Əliyeva zaman-zaman güclü pedaqoji kollektivlər təşkil
edərək məktəbin qarşısında dayanan vəzifələrin yerinə
yetirilməsinə səy göstərmişlər.
Şuşa şəhər 1 nömrəli orta məktəbi yarandığı vaxtdan
1992-ci ilin may ayınadək Şuşa şəhərində öz fəaliyyətini
fasiləsiz olaraq davam etdirmişdir. Məktəbdə hər cür
avadanlıqla təmin olunmuş 4 fənn laboratoriyası, 2
linqafon kabineti, maşınşünaslıq kabineti, gənclərin
çağırışaqədərki hazırlığı kabineti, zəngin kitabxana,
geniş idman zalı, akt zalı, yeməkxana və s. fəaliyyət
göstərirdi. Məktəb mərkəzi istilik sistemi ilə təmin
olunmuşdu.
Ötən əsrin 80-ci illərindən Şuşa 1 nömrəli orta
məktəbini bitirən gənclərdən 6 nəfəri qızıl, 7 nəfəri
isə gümüş medala layiq görülmüşdür.
Şəhərin ermənilər tərəfindən işğal edilməsindən sonra
məktəbin şagird və pedaqoji kollektivi respublikamızın
müxtəlif rayonlarında müvəqqəti məskunlaşsalar da, bu və
digər məktəblərimizin şagirdləri və müəllimləri cəlb
olunmaqla yenidən təşkil edilmiş və 1992-ci ildən
2015-ci ilədək Bakı şəhəri Yasamal rayonu 38 nömrəli
orta məktəbin binasında, onun maddi-texniki bazasından
istifadə etməklə II növbədə fəaliyyət göstərmişdir.
Hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq
Sərəncamı əsasında Yeni Yasamalda tikilmiş müasir
maddi-texniki vasitələrlə 70-dən çox sinif otaqları, 280
yerlik akt zalı, idman zalı, fənn laboratoriyaları,
informatika kabineti, şahmat otağı, tibb otağı, bufeti
olan 1200 şagird yerlik 4 mərtəbəli möhtəşəm məktəb
binasında fəaliyyət göstərən Şuşa şəhər 1 nömrəli tam
orta məktəbində 300-dən artıq şagird təhsil alır.
Onların təlim-tərbiyəsi ilə 29 müəllim məşğul olur,
məktəbə Elçin Dadaşov rəhbərlik edir. Bu məktəbin
müəllimləri gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün
bütün qüvvələrini səfərbər edirlər. Son on ildə
məktəbin 50-dən çox məzunu respublikanın müxtəlif ali
məktəblərinə qəbul olmuşdur. Məzunlardan xarici
ölkələrin ali məktəblərində təhsilini davam etdirənlər
də vardır.
Ulu öndərimiz tərəfindən əsası qoyulan, möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam
etdirilən xarici və daxili siyasəti dəstəkləyən bütün
şuşalılar kimi, 1 nömrəli tam orta məktəbin pedaqoji
kollektivi də gələcəyə böyük inamla baxır. Onlar
məcburi köçkün övladlarını fiziki və mənəvi cəhətdən
sağlam, savadlı böyütmək, onları doğma Şuşaya
qayıdacağımız günə hazırlamaq kimi şərəfli bir işlə
məşğul olurlar. İnanırlar ki, tezliklə ölkə Prezidenti
İlham Əliyev cənablarının müdrik siyasəti nəticəsində
tarixi yurdları olan doğma Şuşamıza qayıdacaq və daha
müasir Şuşa şəhər 1 nömrəli məktəbin sinif otaqlarında
doğma Azərbaycanımız üçün XXI əsrə layiq müasir gənclər
yetişdirəcəklər.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai
Birliyinin yeni qərargahının açılış mərasimində çıxış
edərək demişdir: “Mən şübhə etmirəm ki, Azərbaycanın
ərazi bütövlüyü bərpa olunacaq, biz Dağlıq Qarabağa
qayıdacağıq və o bölgəni yenidən quracağıq, bütün
dağıdılmış binaları, məscidləri, məktəbləri, evləri
bərpa edəcəyik. Biz sadəcə istəyirik ki, buna tezliklə
nail olaq, bu gün qaçqın həyatı yaşayanlar tezliklə öz
ata-baba torpaqlarına qayıtsınlar”.
Artıq bu il dekabrın 30-da təhsil sahəsində həmişə öz
ənənəsi ilə seçilən Şuşa şəhər 1 nömrəli məktəbin 185
yaşı tamam olur. Ölkəmizdə təhsilin inkişafına
göstərilən qayğı nəticəsində əldə olunmuş
nailiyyətlərdə 185 yaşlı Şuşa məktəbinin də öz payı
vardır.
Təvəkkül ƏLİYEV,
Şuşa Rayon Təhsil Şöbəsinin müdiri,
əməkdar müəllim |