Hər
dəfə müəllimlərdən söhbət gedərkən yadımıza, ilk
növbədə, ən yaxşı, ən sevimli müəllimlərimiz düşür. O
müəllimlərimiz ki, qayğılı bir təbəssümü ilə qəlbimizi
işıqlandırmış, ürəklərə yol tapmışlar. O müəllimlərimiz
ki, elmi, ustalığı, tələb və tapşırıqları ilə bizi
zirvələrə yüksəltmişlər. Belə müəllimlərimizdən biri də
taleyini BDU ilə bağlayan, burada yorulmaq bilmədən
çalışaraq ömrünü tələbələrə həsr edən, onlara böyük rus
xalqının dilini öyrədən Lətifə Müseyibovadır. Lətifə
Mahmud qızı Müseyibova 1930-cu il iyulun 29-da Bakı
şəhərində doğulmuşdur. Orta təhsilini müvəffəqiyyətlə
başa vurandan sonra arzuları Lətifə xanımı M.F.Axundov
adına ARDİ-yə gətirmişdir. Ali məktəbi müvəffəqiyyətlə
bitirdikdən sonra 1961-ci ildə BDU-nun humanitar
fakültələr üzrə rus dili kafedrasında müəllim işləməyə
başlamışdır. 1970-ci ildən həmin kafedranın baş müəllimi
vəzifəsində çalışır.
Ömrünün ən gözəl, yaddaqalan illərini BDU
auditoriyalarında tələbələri arasında keçirən Lətifə
xanım sözün həqiqi mənasında çox bacarıqlı, mehriban
müəllim, gözəl ana, qayğıkeş insandır. Məhz bu
keyfiyyətlərinə görə dərs dediyi tələbələrin, işlədiyi
kafedranın əməkdaşlarının böyük hörmətini qazanmışdır. O,
uzunillik qüsursuz əməyinə görə Təhsil Nazirliyinin,
Bakı Dövlət Universitetinin fəxri fərmanlarına layiq
görülmüşdür. L.Müseyibova dərs deməklə bərabər, yaradıcı
axtarışlar da aparmış, ali məktəblərdə rus dilinin
tədrisinin aktual məsələləri mövzusunda onlarca məqalə
yazaraq mətbuatda dərc etdirmişdir. O, 19 dərs
vəsaitinin müəllifidir.
Böyük şəxsiyyətlər zaman-zaman müəllim haqqında
müdrik sözlər, gözəl kəlamlar demişlər. Platon deyirdi
ki, “Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir”.
Ulu öndərimiz Heydər Əliyev isə müəllimi zülməti yaran
nur, cəhaləti elmin qılıncıyla yox edən, elmi üstün olan,
qəlbiylə insanlara yaxınlaşan, böyük örnək, insanlara
elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi
həyat quran şəxsiyyət adlandırmışdır. Düşünürəm ki,
Lətifə xanım məhz belə müəllimlərdəndir. O öz biliyini
tələbələrə həvəslə aşılayan təhsil fədaisidir. Çox
şahidi olmuşam ki, tələbələr dəhlizdə Lətifə xanımı
görərkən ona hörmətlə yanaşırlar. Bu hörməti Lətifə
xanım özü qazanıb.
85 yaşlı Lətifə müəllimlə bu günlərdə həmsöhbət
oldum. Söhbət gəlib onun ömür-gün yoldaşı olmuş, Lətifə
xanımla uzun illər BDU-da bir binada işləmiş hörmətli
professor, coğrafiya fakültəsinin keçmiş dekanı Müseyib
müəllimdən düşdü. Kövrək qəlbli Lətifə xanım Müseyib
müəllim haqqında bitib-tükənməyən bir sevgi, hörmətlə
danışdı. Kövrəldi...
“Ömrümün neçə ilini Müseyib müəllimlə birgə
addımladıq. 2011-ci il sentyabrın 4-də Müseyib müəllimi
itirdik. Ölümündən 4 il keçib. İnanın ki, hər yerdə, hər
an Müseyib müəllimi gözüm axtarır” - deyə kövrək
hisslərini mənimlə bölüşdü. Dedi ki, ona qalan Museyib
müəllimin xoş xatirəsi, onu yaşadan Müseyib müəllimin
balalarıdır. “Müseyib müəllim mənim üçün həmişə sağdır”.
İnsanlara qayğını, hörməti yüksək qiymətləndirən
qocaman müəllim Müseyib müəllimin xatirəsinə
universitetdə göstərilən sayğını da dəyərləndirdi.
Müseyib müəllimin adının coğrafiya fakültəsində
dərs dediyi auditoriyalardan birinə verilməsi, həmin
auditoriyanın qarşısında barelyefinin vurulmasına görə
BDU-nun rektoru Abel Məhərrəmova minnətdarlığını
bildirdi. Bunu deyərkən gözünün yaşı nurlu simasından
süzüldü.
Onun haqqında bu sətirləri qələmə alarkən uzun
illər bir yerdə işlədiyi həmkarlarının fikirlərini də
öyrənmək istədim. Öncə kafedranın müdiri Ədibə xanım
Paşayeva ilə görüşdük. “Lətifə xanımla bağlı o qədər xoş
xatirələrim var ki, bitib-tükənməzdir”, - deyə Ədibə
xanım o xatirələrdən bəzilərini bizimlə bölüşdü: “Lətifə
xanımı 1967-ci ildən tanıyıram. Olduqca səmimi, mehriban,
xoşxasiyyət insandır. Uzun illərdir ki, bu kafedrada
çalışırıq. Dərs dediyi tələbələri də Lətifə xanımı çox
istəyir. Lətifə xanım hər bir insanın sevincinə sevinən
insandır. Kafedrada iş yoldaşları ilə də çox
mehribandır. Sözün əsl mənasında sevilən, seçilən zıyalı
xanımdır”.
Digər həmsöhbətim - Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova da
Lətifə xanım haqqında xoş sözlər dedi. Bildirdi ki,
Lətifə xanım sözün həqiqi mənasında fakültədə böyük
nüfuza malik, məğrur insandır. Təmkinlidir. Artıq 85
yaşı olsa da auditoriyalara girməkdən, dərs deməkdən
yorulmur. Xoşbəxt ana, xoşbəxt nənədir. Mən Lətifə
xanıma uzun ömür, cansağlığı arzu edirəm.
Söhbətimizin sonunda Lətifə xanımdan daha nə demək
istədiyini soruşdum. Təbiətən təvazökar olan Lətifə
müəllim daha özündən danışmadı. Universitetdə, kafedrada
ona göstərilən qayğıya, hörmətə görə rektora, kafedra
müdirinə minnətdarlığını bildirdi, iş yoldaşlarının
ünvanına xoş sözlər dedi.
Biz də ona - adını universitetin tarixinə yazan,
neçə-neçə tələbəsinin, yetirməsinin qəlbində özünə
məhəbbətdən heykəl qoyan bu sadə, səmimi insana, gözəl
müəllimə uzun ömür, cansağlığı arzu edirik.
Sədaqət ABDULƏZİZOVA,
BDU-nun əməkdaşı |