Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”
Məktəb direktoru təhsilin inkişafında aparıcı rol
oynayan əsas simalardan biri, bəlkə də birincisidir.
Tanınmış təhsil mütəxəssisləri də bizimlə söhbətlərində
direktorun kim olmasının təhsilin inkişafında çox böyük
əhəmiyyəti olduğunu dəfələrlə vurğulayıblar. Etiraf edək
ki, Təhsil Nazirliyi də son illərdə bu məsələyə xüsusi
önəm verir. Məktəb direktorlarının peşə və idarəetmə
bacarıqlarının artırılması üçün mütəmadi olaraq
təlimlər keçirilir. Bu təlimlərdə iştirakçılara müasir
şəraitdə direktorluq üçün zəruri olan kompetensiyalar
formalaşdırılır, peşəkarlığın artırılması məqsədi ilə
namizədlərin mərhələli seçim turları keçirilir. Əslində
direktor olmaq hər bir müəllimin arzusudur. Lakin yaxşı
direktor olmaq üçün təkcə arzu kifayət deyil. Bunun üçün
həm zəruri keyfiyyətlər, həm aydın fəaliyyət hədəfləri,
həm də direktorluğa müasir baxış, təlim-tədris
prosesinin keyfiyyətinin yüksəldilməsi üçün xüsusi
yanaşma tələb olunur. Bəs, görəsən müəllimlərimiz necə
düşünür? Onlar direktor olsalar məktəbdə daha çox hansı
məsələlərə xüsusi diqqət yetirərlər? Müasir məktəbin
inkişafı üçün nələri prioritet hesab edirlər? Bu
məqsədlə paytaxtın bir neçə orta ümumtəhsil məktəbində
olduq. Müəllimlərə “Siz direktor olsanız məktəbdə daha
çox hansı işləri görərdiniz” sualı ilə müraciət etdik.
Onların cavablarını oxucularımıza təqdim edirik.
Pedaqoji kollektivin potensialından maksimum istifadə
edərdim
Zümrüd
HƏSƏNQULİYEVA,
Bakı şəhəri 55 nömrəli tam orta məktəbin tarix müəllimi
Mən direktor olsam, ilk öncə məktəbdə
nizam-intizama xüsusi diqqət yetirərəm. İstər
müəllimlərin, istərsə də şagirdlərin intizamı yüksək
olmasa, heç bir uğur əldə etmək olmaz. Müasir gənclərdə
məsuliyyət hissinin aşılanmasına çalışaram.
Valideynlərlə sıx əlaqədə olmaqla bu məsələnin həllinə
nail ola bilərəm. Valideynlərin uşaqlarına qarşı
tələblərinin artmalı olduğunu düşünürəm.
Pedaqoji kollektivin potensialından maksimum
istifadə edərəm. Fərqlənən, tədris prosesinə xüsusi can
yandıran müəllimlərin stimullaşdırılması yolunda müəyyən
addımlar ataram. Bu addımları atarkən obyektivliyi öndə
tutaram. Bilik və bacarıq səviyyəsi aşağı olan
müəllimlərin peşəkarlığının artırılması yönündə işlər
apararam. Həmin müəllimləri müxtəlif treninq və
məşğələlərə cəlb etməklə pedaqoji prosesdə yaxından və
ürəkdən iştirak etməklərinə imkan yaradaram. Məncə, pis
müəllim yoxdur. Tələbkar, çalışqan və tənbəl, öz
üzərində çalışmayan müəllim var. Dövrümüzdə müəllim
nüfuzunun aşağı düşdüyü fikrindəyəm. Bunun səbəblərindən
birini də bəzi KİV nümayəndələrində görürəm. Onlar bəzən
əhəmiyyətsiz məsələləri gündəmə gətirməklə müəllim
nüfuzuna xələl gətirirlər. Bu baxımdan ümumi olmasa da,
heç olmasa direktor olduğum məktəbdə müəllim nüfuzunun
artmasına xüsusi diqqət yetirərəm. Bunun üçün müəllim,
şagird və valideynlərin də potensialından istifadə
etməklə bu problemin aradan qaldırılmasına çalışaram.
Bu gün məktəblərimizdə dərnək və fakültativ
dərslərdən səmərəli istifadə edilmədiyini düşünürəm.
Bunun obyektiv və subyektiv səbəbləri var.
Sadaladıqlarımdan maksimum dərəcədə istifadə etməklə
şagirdlərin akademik biliklərini və intellektual
səviyyələrini artırmağa çalışaram. Bilirsiz, məktəb elə
bir pedaqoji mühitdir ki, hansı məsələ ilə bağlı qərar
verilirsə-verilsin, bu, tədricən həyata keçirilməlidir.
Təcrübələr də göstərir ki, məktəbdə radikal qərarlar
verib birdən-birə inqilab etmək olmaz. Bu baxımdan
yuxarıda qeyd etdiyim məsələlərə həssaslıqla
yanaşılmalı, görüləcək işlər tədricən olmalıdır.
Hər direktorun öz komandası olmalıdır
Fərqanə
İSAYEVA,
Bakıdakı Elitar Gimnaziyanın Azərbaycan dili-ədəbiyyat
müəllimi
Belə bir deyim var. General olmaq arzusunda olmayan
əsgər, əsgər deyil. Təbii ki, mən də məktəb direktoru
olmaq istəyirəm. Bunun üçün direktorumuzun da xüsusi
təşəbbüsü ilə Təhsil Naziliyinin təşkil etdiyi kurslarda
iştirak etmişəm və bu kursları uğurla başa vurmuşam. Mən
direktor olsam, hansı işləri görərəm sualına gəldikdə,
deyə bilərəm ki, hər bir rəhbər işçinin özünün məsələyə
müxtəlif baxışı, öndə tutduğu məsələlər olduğu üçün
mənim də müxtəlif fikirlərim mövcuddur. Öncə pedaqoji
kollektivdən başlayaq. Düşünürəm ki, hər bir direktorun
öz komandası olmalıdır. Bura əsasən direktor müavinləri
və məktəbin idarə olunmasında bilavasitə iştirak edən
şəxslərin olması vacibdir. Bundan başqa, komandanın
üzvlərinin peşəkar və çevik olması da düşünürəm ki, ən
vacib amillərdəndir. Onlar arasında işlər də bərabər
bölünməlidir. Birinə az, digərinə isə çox yük düşməyinin
tərəfdarı deyiləm. Müəllimlərin peşəkarlıq səviyyəsini
daim nəzarətdə saxlayaram və bu yöndə ciddi işlər
apararam. Şagirdlərlə bağlı görülən işlərə gəldikdə isə
düşündüyüm bir çox şeylər var. Məsələn, düşünürəm ki,
şagirdlərin uğurlarını ölçən bir meyar olmalıdır.
Fərqlənən şagirdlər mütləq stimullaşdırılmalıdır. Bundan
başqa, uşaqlarda sosiallaşma bacarıqlarının
formalaşdırılmasını ən mühüm məsələlərdən biri hesab
edirəm. Bildiyiniz kimi, internet və telefondan aşırı
dərəcədə istifadə şagirdlərdə sosiallaşma bacarıqlarını
zəiflədir. Bu yöndə ciddi addımlar atardım. Rus
bölmələrində oxuyan şagirdləri Azərbaycan filmlərini,
ədəbiyyatını dərindən öyrənməyə sövq edərdim. Düşünürəm
ki, bu çox vacib məsələdir. Bundan başqa, valideynlərlə
ciddi işlər aparardım. Bildiyin kimi hazırda valideynlər
övladları bir ibtidai sinifdə, bir də X-XI sinifdə
olanda məktəblə əlaqə saxlayırlar. Arada böyük bir
boşluq yaranır. Bu boşluğun aradan qaldırılması yönündə
ciddi addımlar atar, valideynləri məktəblə daha sıx
əlaqədə olmalarına çalışaram. Məktəbdə müxtəlif
layihələrin həyata keçirilməsi istiqamətində işlər
görərəm.
Stabil və qərarlı bir idarəetməyə üstünlük verərdim
Nuridə
QARAYEVA,
Bakı şəhəri 13 nömrəli tam orta məktəbin tədris işləri
üzrə direktor müavini
Məktəb direktoru təlim-tədris prosesinin keyfiyyətinə
təhsil lideri olaraq cavabdehdir və qarşılaşdığı bütün
çətinliklərin öhdəsindən gələ bilməlidir. Hər bir məktəb
rəhbəri qarşıya qoyduğu məqsədlərə çatması üçün həyata
keçirilməli olduğu fəaliyyətlərin xəritəsini-strateji
planını yaratmalıdır. Məsələn, növbəti 3 il üçün hansı
fəaliyyətləri həyata keçirmək məqsədə uyğundur?
Mən direktor olsam, mülayim, stabil və qərarlı bir
idarəetməyə üstünlük verərdim. Məncə, düzgün
ünsiyyətqurma və qərar qəbul etmədə kollektivləşməni
təmin etmə insanı mərkəzdə tutmaq kimi dəyərlər məktəb
rəhbərini sevilən və hörmət edilən liderə çevirir. Buna
görə də səmərəli məktəb rəhbəri tədris ocağında pozitiv
atmosfer yaratmalıdır.
Eyni zamanda müəllim-şagird, müəllim-müəllim,
müəllim-valideyn və hər birinin ictimaiyyətlə olan
münasibətlərinin daha yüksək səviyyədə qurulması üçün
metodiki, psixoloji işlərin aparılmasına önəm verərdim.
Təlim prosesində şagirdin və müəllimin özünə inam
hissinin gücləndirilməsi çox önəmlidir. Aparılan
tədqiqatlar içərisində bəlli olub ki, özünə güvənən,
inanan şagird və müəllim daha çox uğur qazanır, özünü
yetərli görməyən şagirdlər və müəllimlərin nailiyyətləri
isə ildən-ilə daha aşağı düşür. Beləliklə,
təlim-tərbiyənin lideri olan məktəb rəhbəri daima şagird
və müəllimləri motivasiya etməli, onlarda özlərinə inam,
etimad hissini gücləndirməlidir və stimul verməlidir.
Kiçik hesab olunan nailiyyətlər belə
dəyərləndirilməlidir.
Nisbətən zəif müəllimlərə kömək üçün məktəbdə mentorluq
sistemi tətbiq edərdim. Belə ki, güclü müəllimlərin
zəngin təcrübəsindən istifadə edərək zəif müəllimlərlə
iş qurardım. Müəllimlərarası əməkdaşlığın yaradılması və
təcrübə mübadiləsinin aparılmasını da təmin edərdim.
Eyni zamanda dərsdə mənimsəmə çətinliyi çəkən və ya
yoldaşları qədər müvəffəqiyyətli olmayan şagirdlərə öz
sinif yoldaşları tərəfindən kömək göstərilməsi işini
qurardım. Məsələn, sinifdə 4-5 qrup yaradar, hər bir
qrup 1 zəif oxuyan şagirdi öz öhdələrinə götürər və
qoyulmuş vaxt ərzində (2 həftə, bir ay və s.) onlara
köməklik göstərərlər. Bununla da qruplararası sağlam
rəqabət gedər. Nəticədə ən yaxşı əməkdaşlıq edən qrup
müvəffəqiyyət qazanar.
Məktəbdə valideynlərin idarəetmədə və məsləhətvermədə də
iştirakı çox mühümdür. Valideyn, həmçinin məktəbin
inkişafını qiymətləndirən komandada iştirakçı ola bilər.
Valideynin məktəbə cəlb olunması, müəllimlərlə sıx əlaqə
yaradılması şagirdlərin nailiyyətlərinin yüksəldilməsinə
gətirib çıxarır. Effektiv valideyn cəlbetmə prosesi
yaxşı planlaşdırılmış qarşılıqlı və davamlı olmalıdır.
Ünsiyyət vasitəsi kimi sorğu məktubları, yerli KİV,
valideyn kitabçası, evlərə baş çəkmə kimi vasitələr ola
bilər. Valideynlər müəllimlərə və şagirdlərə kömək
etmək üçün könüllü olaraq məktəb tədbirlərində yaxından
iştirak edə bilərlər. Valideynlərin özlərinin təhsili və
treninqi üçün seminarlar təşkil oluna bilər.
Neqativ hallara qarşı mübarizəyə üstünlük verərəm
Amənə
KƏRBALAYEVA,
Bakı şəhəri 201 nömrəli tam orta məktəbin tarix
müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi
Əvvəla qeyd etmək istəyirəm ki, mən Təhsil Nazirliyi
tərəfindən təşkil olunan direktorların hazırlanması ilə
bağlı treninqlərdə iştirak etmişəm. Belə deyək ki,
direktor olmağa iddialıyam. Bildirmək istəyirəm ki,
məktəb direktoru çox məsuliyyətli və çətin vəzifədir.
Sualınıza cavab olaraq demək istəyirəm ki, hər bir
şəxsin özünün idarəçilik prinsipləri, mövcud vəziyyətin
daha da müsbət hal alması üçün planları var. Mən
direktor olsam, ilk növbədə, rəhbərlik etdiyim məktəbdə
baş verə biləcək neqativ hallara qarşı mübarizəyə
üstünlük verərəm. Düşünürəm ki, müəllim-şagird arasında
belə halların olması tədris və təlimə mənfi təsir edir.
Müəllimlər arasında obyektivliyə, dürüstlüyə diqqət
yetirərəm. Ayrı-seçkilik hallarına qətiyyən yol
vermərəm. Bundan başqa, şagirdlərin akademik
biliklərinin artırılması yolunda müxtəlif işlər görərəm.
Onlara fənlərlə bağlı həftəliklər, aylıqlar keçirərəm.
Tədrisdə uğur qazanan şagirdlərin stimullaşdırılmasına
xüsusi fikir verərəm. Məncə bu çox vacib amillərdən
biridir. İKT vasitələrindən istifadə etməklə şagirdlərin
xarici ölkələrin məktəblərinin biri, hətta imkan olarsa
bir neçəsi ilə təmas qurmasına şərait yaradaram. Bu
yolla onlarda tədrisə marağı daha da artıqmaqla,
beynəlxalq aləmlə ünsiyyət vərdişləri formalaşdıra
bilərəm.
Bu gün məktəblərimizin ən böyük problemlərindən biri də
valideyn-məktəb münasibətləridir. Düşünürəm ki,
valideynləri məktəbə cəlb etmək, onlara yeni təlim
üsullarının, kurikulumun mahiyyətini aşılamaq çox
vacibdir. Artıq 8 ildir tətbiq olunmasına baxmayaraq bu
gün hələ də valideynlər kurikulumun mahiyyətini dərk
etmirlər. Bu hal tədris prosesinə mənfi təsir edir. Axı
valideynlər tədris prosesinin bir hissəsidir.
Məktəbdə yaxşı bir mühit yaradaram
Firəddin
EYVAZOV,
Bakı şəhəri 225 nömrəli tam orta məktəbin tarix müəllimi
Mən məktəb direktoru olsam, öncə məktəbdə yaxşı bir
mühit yaradaram. Elə bir mühit ki, burada müəllim və
şagird yaradıcılığı öndə dursun. Müəllimlərin
fikirlərini, yeni ideyalarını tətbiq etməyə çalışaram.
Düşünürəm ki, məktəblərə daha çox müstəqillik vermək
lazımdır. Bu, dünyanın bir çox ölkələrində mövcuddur.
Təbii ki, ümumi standartlar nəzərə alınmaqla bu iş
həyata keçirilməlidir. Özəl məktəblərin müəyyən qədər
uğur qazanmasının da başlıca səbəblərindən birinin
məktəblərin müstəqil olması ilə bağlı olduğu
qənaətindəyəm. Şagirdlərin bilik və bacarığını,
dünyagörüşlərinin artırılması istiqamətində mühüm
addımlar ataram. Bilirsiniz, direktor daha çox tədris
prosesinin içində olmalıdır. Müəllimin, şagirdin
qarşılaşdığı problemi dərindən dərk etməli, bu
problemlərin həllində bilavasitə iştirakçı olmalıdır.
Müəllim-şagird-valideyn münasibətlərindən istifadə
etməklə məktəbin idarə olunmasında, müəyyən qərarların
verilməsində onların fikirlərindən yararlanmalıdır.
Bundan başqa, direktor işlədiyi ərazidə sosial və yerli
şəraiti mütləq nəzərə almalı, müxtəlif məsələlərdə
güzəştə getməyi bacarmalıdır. Bu çox vacib amildir.
Şagirdlərin daha çox elmi-tədqiqat institutları ilə
əlaqədə olmasını vacib amillərdən hesab edirəm.
Fikrimcə, texniki fənlərlə bağlı müxtəlif laborator
dərsləri burada keçirmək olar. Bundan başqa, şagirdləri
ekskursiyalara aparmaqla onların dünyagörüşünü,
sosiallaşma bacarıqlarını inkişaf etdirmək mümkündür. Bu
gün hamımıza məlumdur ki, müasir gənclik kitab oxumaqdan,
mütaliədən get-gedə uzaqlaşır. Bunun qarşısının alınması
yönündə çox ciddi addımlar ataram. Sinifdənxaric oxu,
dərnəklərdən istifadə etməklə, kitab aylıqları
keçirməklə onlarda mütaliə vərdişlərinin formalaşmasına
çalışaram. Məncə bu mümkündür.
|