Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

“Mən heç bir repetitor yanına getməmişəm”

 

700 bal toplayan tələbə Əli Allahverdiyev ilə söhbət 

Əli Allahverdiyev 1998-ci ildə Naxçıvan MR  Şərur  rayonunun Zeyvə kəndində anadan olub. 2015-ci  ildə  Zeyvə kənd tam orta məktəbini bitirib. Riyaziyyat fənni üzrə  respublika olimpiadasında  gümüş,  Nigeriyada  keçirilən olimpiadada qızıl, Türkiyədə riyaziyyat fənni üzrə keçirilən  olimpiadalarda isə 2 qızıl, 2 bürünc  medal qazanıb.   

- Əli, riyaziyyat və fizika fənlərinə  üstünlük verməyinin səbəblərini necə izah edərdin? Müəllimlərin güclü idi, yoxsa bu fənlərə marağın daha çox idi?

- Bu, bəlkə də  riyaziyyat,  fizika alimlərinə daha çox rəğbət göstərməyimlə bağlıdır, çünki onlar daha çox yaradıcı düşünürlər. Eyni zamanda həyat   qanunlarının əsası  bu iki elmdən qaynaqlanır.  Mən bu fənlərə həqiqi sevgiylə yanaşmışam.  Əslində yüksək yaradıcılıq  qabiliyyəti olmayan   şəxs bu fənləri   qavraya  bilməz. Buna görə də  həmişə  poeziyanı  riyaziyyatla müqayisə edirlər.

- Ali məktəbə hazırlaşarkən I qrupu seçəcəyinə  necə qərar verdin? 

- Mənim fikrimcə, gələcəkdə alim olmaq üçün bu qrup daha  məqsədəuyğun göründü.  Çünki  burada  texniki fənlər daha çox üstünlük təşkil edir. Mən müəllim  və valideynlərimin  məsləhətlərinə həmişə  hörmətlə yanaşmışam, amma bu  seçim şəxsən özümün olub. Çünki gələcək arzularım  heç kimə yox,  yalnız mənə aiddir.

- Bu gün abituriyentlərin bir çoxu imtahana hazırlaşarkən repetitora üstünlük verir.  Sən necə düşünürsən,   bu, vacibdirmi? 

-   Şəxsən mən heç bir repetitor yanına getməmişəm. Sadəcə özüm hazırlaşmışam, orta məktəb və lisey  müəllimlərimə  güvənmişəm.  Müəllim yanına getməyi artıq  vaxt itkisi  hesab edirəm,   dərsliklərdə  təqdim olunan materiallar  kifayət edir ki, qəbul imtahanlarına  qatıla  biləsən.  Çətinlik çəkdiyim  anlarda   isə öz müəllimlərimə  müraciət etməkdən çəkinmirdim.  Bəzən 2-3 gün düşünürdüm  və  ən çətin düsturun cavabını özüm tapmağa çalışırdım.  Bilik bazasını  möhkəmləndirmək baxımından  bu, ən yaxşı metodlardan biridir.

- İmtahan zamanı həyəcan keçirirdinmi?  

-  Həmin gün bizim gələcək taleyimiz müəyyən olunurdu.  İmtahanda həyəcan keçirmək normal haldır. Amma az da olsa həyəcan keçirirdim. İnsan həyəcan keçirdikdə bildiklərini də unuda bilər.  Amma özümü idarə etdim. Sualları cavablandırarkən həyəcan  keçdi.

-    700  bal toplayacağına əmindinmi?

- Bu imtahan digərlərindən fərqli idi, sınaq imtahanı deyildi,  məsuliyyəti  çox böyük idi.  Qaldı  ki,  700 bal məsələsinə, imtahan prosesində bal haqqında deyil, təqdim olunan sualların cavabları barədə düşünürdüm.

-  İxtisas seçimində çətinlik çəkdinmi?

- Qətiyyən. Qafqaz Universitetinin mexanika mühəndisliyi fakültəsini seçdim. Yüksək biliyə, savada yiyələnəcəyəm. İxtisasımın ən yüksək bilicisi olmağa çalışacağam.

- Gələcək abituriyentlərə hansı məsləhəti verərdin?

- Abituriyentlərə məsləhətim odur ki, dərslərə  sistemli şəkildə  hazırlaşsınlar. Önəmli olan odur ki, çox çalışmaq lazımdır . Yalnız mükəmməl biliyə malik olmaqla  arzuya çatmaq olar.  Əzmli və özlərinə inamlı olsunlar. Asudə vaxtlarında   kitab oxumağı da unutmasınlar.   Ümumiyyətlə,  bütün gənclərə bilik ardınca getməyi tövsiyə edirəm.  Mən də öz ixtisasım üzrə çalışacağam  təhsilimi uğurla başa vurum,  gənc kadr kimi məhz ölkəmizin inkişafı istiqamətində əlimdən gələni edim. Əgər mən bu gün 700 bal toplayıb ali məktəbə daxil ola bilirəmsə, demək həqiqətən də bilik qiymətləndirilir. Mən də ölkəmə gənc kadr kimi biliyimlə və sevgimlə   xidmət etməliyəm. Bu gün  ən yüksək balla  Qafqaz  Universitetinin tələbəsi olduğum üçün  qürur hissi keçirirəm.

- Ailə vəziyyətinizlə bağlı  nə isə  söyləmək istərdinmi?

- Atam Şərur rayon  Dövlət Dəmiryol  İdarəsində maşinist işləyir. Anam evdar qadındır. Kiçik qardaşım isə Naxçıvan Texniki Kollecində təhsil alır. Sadə, gözü-könlü tox bir ailənin övladıyam.

- Universitetdə keçirilən tədbirlərdə  iştirak  edirsən?

- Əlbəttə.  Bilik Gününə  həsr  olunan  tədbirdə iştirak etdim.  Universitetin müəllim-tələbə heyəti, valideynlər  və digər qonaqlarla tanış oldum. Burada yüksək bal toplayan tələbələr də  iştirak edirdilər. Universitetin  rektoru, professor Ahmet Saniç yüksək  bal toplayan tələbələri təbrik etdi.   Qafqaz  Universitetinin tələbəsi olduğum üçün bir  daha qürur hissi keçirdim,  fərəhləndim. Sevindim ki,  universitetdə yüksək təhsil  almaq  üçün  hər cür şərait var.  Kompüter, kimya, mexanika, fizika və digər ixtisaslar üzrə laboratoriyalar tələbələrin ixtiyarına verilib. Qafqaz Universitetinin infrastrukturu, maddi-texniki bazası və kadr potensialı yüksək səviyyədə olduğundan burada hazırlanan kadrlar iş karyerasında uğur qazanır, ölkəmizin inkişafında  üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər. Mən də əzmkarlıqla çalışacağam ki, gələcəkdə  çoxlarına nümunə ola biləcək  mütəxəssis olum.

- Universitetin ictimai işlərində fəallıq göstərirsənmi?

- Beynəlxalq tələbələr klubunun üzvüyəm. Klubun 400-ə yaxın üzvü var. Xarici tələbələrlə  tez-tez seminarlarda iştirak edirəm.   Klubun məqsədi ölkəmizi xarici tələbələrə tanıtmaq və onları darıxmağa qoymamaqdır. Bu  günlərdə  havanın soyuq olmasına baxmayaraq  Qubaya  gəzməyə gedəcəyik. Ümumiyyətlə,  asudə vaxtımızdan  səmərəli istifadə  edirik.  Eyni zamanda  xeyriyyəçilik məqsədi ilə yaranan  H.Z.Tağıyev adına klubun da üzvüyəm...

- Gələcək planların...

- Planlarım, arzularım  çoxdur.  Çalışacağam ki,   qarşıdan  gələn qış  semestr imtahanlarını  da əla qiymətlərlə başa vurum. Ölkə rəhbərinin müvafiq sərəncamı ilə  Prezident təqaüdünə layiq görülmüşəm.  Mənə göstərilən etimadı doğrultmaq üçün səylə çalışmalıyam. Gələcəkdə isə Oksford Universitetində təhsilimi davam etdirmək arzusundayam.  

Sifai SƏFƏROA,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov