Noyabrın 26-da Bakı şəhərində yerləşən 62 nömrəli
məktəb-liseydə xeyriyyə yarmarkası keçirilib.
Yarmarka Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkənin
54 məktəbində yaradılan məktəb icmaları layihəsi
çərçivəsində təşkil olunub.
Xeyriyyə məqsədilə keçirilən yarmarkadan əldə
olunan vəsaitin uşaq evlərinə yönəldilməsi nəzərdə
tutulub. İlkin mərhələdə məktəbin 3 sinfini əhatə edən
məktəb icması gələcəkdə daha da genişləndiriləcək.
Yarmarkada II, VII və VIII sinif şagirdlərinin əl
işləri satışa çıxarılıb. Məktəblilərin təqdim etdikləri
yeni il oyuncaqları, bəzək əşyaları, təbii dibçək
gülləri, süni güllər, şirniyyat, kitablar, şəkillər və
digər əl işləri iştirakçılar tərəfindən maraqla
qarşılanıb. Məktəb icmasının təşəbbüsünə Nizami Rayon
İcra Hakimiyyəti, rayonun yerli özünüidarəetmə orqanları
və özəl qurumlar da dəstəyini əsirgəməyib.
Qeyd edək ki, “Birlikdə öyrənirik, istirahət
edirik, inkişaf edirik” devizi altında təşkil olunan
icmalar məktəb həyatını daha maraqlı etmək üçün
yaradılan müəllim, şagird və valideyn birliyidir.
2015-ci ilin sentyabrından həyata keçirilən məktəb
icmaları layihəsinin əsas hədəfləri şagirdlərin
hərtərəfli formalaşmasını təmin etmək, uşaqlarda
yaradıcılıq qabiliyyətini, eləcə də gələcək həyatlarında
lazım olacaq sosial vərdişlərin inkişafını
dəstəkləməkdir. |