Noyabrın
24-də Bakı Avropa Liseyində yaponiyalı rejissor, “Tokyo
Cinema”nın Baş icraçı direktoru Okado Kazuo ilə liseydə
fəaliyyət göstərən “Tokyo-Baku-Cinema” beynəlxalq uşaq
kino məktəbinin şagirdlərinin görüşü olub.
Görüşdə həmçinin Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh
Əliyeva, universitetin müəllim və tələbələri,
respublikanın tanınmış kino xadimləri iştirak ediblər.
Tədbiri Bakı Avropa Liseyinin direktoru Aygün
Mikayılova açaraq rəhbərlik etdiyi təhsil
müəssisəsindəki “Tokyo-Baku-Cinema” beynəlxalq uşaq kino
məktəbi barədə məlumat verib. Qeyd edilib ki, adıçəkilən
məktəb liseyin reallaşdırdığı bir sıra unikal incəsənət
layihələrindən biridir və cari ilin fevralından
fəaliyyətə başlayıb. Layihə Bakı Avropa Liseyi,
Mədəniyyət və İncəsənət Universiteti, eləcə də
Yaponiyanın “Tokyo Cinema” kinostudiyasının birgə
əməkdaşlığı çərçivəsində reallaşıb. Məqsəd uşaq və
yeniyetmə istedadları böyük kinoya cəlb etmək, onlara
bu sahədə arzularını gerçəkləşdirmək imkanı yaratmaqdır.
Belə ki, şagirdlər burada təkcə kino haqqında nəzəri
bilikləri mənimsəməklə kifayətlənmir, Mədəniyyət və
İncəsənət Universitetinin kino sahəsi üzrə böyük
təcrübəyə malik olan müəllimləri ilə ünsiyyətdə olmaq,
tanınmış aktyorlarımızdan ustad dərsləri almaq, həmçinin
yaponiyalı mütəxəssislərdən kino sənətinin sirlərini
öyrənmək imkanı əldə edirlər.
Görüşdə çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva Bakı
Avropa Liseyində fəaliyyət göstərən kino məktəbinin uşaq
və yeniyetmələrin zövqünün formalaşmasında, onların
istedadlarının üzə çıxarılmasında, rəhbərlik etdiyi ali
təhsil müəssisəsinə daha bacarıqlı, incəsənətə, kino
sahəsinə marağı olan gənclərin gəlməsində əhəmiyyətli
rol oynayacağına ümidvar olduğunu deyib.
Əməkdar incəsənət xadimləri, kinorejissorlar
Rafiq Quliyev, Yalçın Əfəndiyev, əməkdar artist Ayan
Mirqasımova, rejissor Şamil Əliyev şagirdlərlə
işləməkdən xüsusi zövq aldıqlarını, belə bir layihənin
məhz uşaq və yeniyetmələr arasında həyata
keçirilməsindən məmnunluqlarını bildiriblər.
Yaponiyanın “Tokyo Cinema” kinostudiyasının Baş
icraçı direktoru, “Tokyo-Baku-Cinema”nın prezidenti
Okado Kazuo Azərbaycanda ilk dəfə olaraq belə bir kino
məktəbinin fəaliyyət göstərməsini yüksək
qiymətləndirərək rejissor kimi onun üçün uşaqlarla
işləməyin daha maraqlı olduğunu söyləyib.
Görüşün sonunda qonaqlar müəllim və şagirdlər ilə
xatirə şəkli çəkdiriblər.
Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi” |