Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Həmkarlar İttifaqları Konfederasiyasında mükafatlandırma mərasimi keçirilib

 

 2014-2015-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı  fəalı olan ali məktəb tələbələrinə  Azərbaycan Təhsil  İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin adlı təqaüdlərinin verilməsi və “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi”  baxış-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akt zalında keçirilən yığıncağı  konfederasiyanın sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev  açaraq ölkəmizdə həyata keçirilən dövlət  gənclər siyasətindən, bu sahədə aparılan islahatlardan danışıb. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və  dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində əhəmiyyətli pol oynayır. Bu gün çoxlu sayda azərbaycanlı gəncin dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ali məktəblərində  təhsil aldığını  söyləyən sədr onların Vətənə dönərək  uğurla fəaliyyət göstərmələri üçün hər cür imkan və şəraitin yaradıldığını  yığıncaq  iştirakçılarının  diqqətinə  çatdırıb. 

Çıxışında ölkəmizdə gənclərlə bağlı digər görülən işlər, reallaşdırılan tədbirlər barədə də  geniş məlumat verən Səttar Mehbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar  İttifaqı  Respublika Komitəsinin gənclər siyasətinin fəal iştirakçılarından biri olduğunu xüsusi vurğulayıb.

Ali məktəb tələbələrinə adlı təqaüdün verilməsinin ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı həyata keçirdiyi tədbirlər sırasında mühüm yer tutduğunu söyləyən S.Mehbalıyev 1995-ci ildən adıçəkilən təşkilatın qərarı ilə təsis olunan həmin təqaüdə bu günədək ali təhsil müəssisələrində qış və yay imtahan  sessiyalarının nəticələrinə görə 1846 tələbənin layiq görüldüyünü bildirib.

Daha sonra  ATİAHİ Respublika Komitəsinin üzv təşkilatları  arasında keçirilən “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” baxış-müsabiqəsi ilə bağlı məlumat veriilb. Bildirilib ki, builki müsabiqədə 42 ilk təşkilat respublika  turunda iştirak edib və onlardan 10-u “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” baxış-müsabiqəsinin qalibi elan olunub.

Sonra əlaçı və həmkarlar ittifaqı fəalı olan tələbələrə adlı təqaüdlər təqdim edilib. Baxış-müsabiqənin qaliblərinə və  ikinci turun iştirakçılarına isə diplom və hədiyyələr verilib. 

Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov