Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Birinci Beynəlxalq ingilis dilinin tədrisi forumu keçirilib

 

Böyütmək üçün seçinNoyabrın 23-də Qafqaz Universitetində bu tədris ocağı, Bakı Slavyan Universiteti və Təhsil Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə 1-ci Beynəlxalq ingilis  dilinin tədrisi  forumu keçirilib.  Əsas mövzusu dünyada ən çox tədris edilən xarici dillərdən biri kimi ingilis dilinin  tədrisi ilə əlaqədar müasir üsul və metodların, dünya təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi  olan forumda təşkilatçı ali təhsil müəssisələrinin rektorları,  Filippin, ABŞ  və yerli ingilis dili mütəxəssisləri, Bakı, Abşeron və Sumqayıtın  orta məktəblərinin ingilis dili müəllimləri  iştirak ediblər.

Tədbiri Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç açaraq iştirakçıları salamlayıb və forumun işinə uğurlar arzulayıb. Tədris ili müddətində pedaqoji fakültə tərəfindən bütün  ixtisaslar üzrə forumların keçirilməsinin planlaşdırıldığını deyən rektor onlardan birincisinə toplandıqlarını söyləyib. Qeyd edib ki, qurulduğu gündən Qafqaz Universitetində ingilis dilinin tədrisi prioritet sahə hesab olunur. Hazırda universitetdə bir dillər məktəbi, ingilis dili və ədəbiyyatı müəllimliyi kafedrası və ingilis-Azərbaycan dili üzrə tərcüməçi və tərcümə, mütərcimlik hissəsi mövcuddur. Qafqaz Universitetində fəaliyyət göstərən bölmələrin 70 faizinin tədris dili ingiliscədir. 9 ildir Qafqaz Universitetində TOEFL imtahanı keçirilir.

Bakı Slavyan Universitetinin rektoru, professor Asif  Hacıyev rəhbərlik etdiyi ali məktəb kollektivi adından forum iştirakçılarını salamlayıb, tədbirin  mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki,  ölkəmiz müstəqillik əldə etdiyi dövrdən  xarici dillərin tədrisi bizim üçün strateji məsələyə çevrilib. Bakı Slavyan Universitetində ingilis dili slavyan dilləri ilə yanaşı tədris olunur. 

Təhsil Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov forumun Təhsil Problemləri İnstitutu üçün də kifayət qədər əhəmiyyətli olduğunu, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının icrası prosesində institutda 12 illik təhsilin yeni standartlarının, yeni məzmunun hazırlandığı bir vaxtda belə tədbirlərə, müzakirələrə ehtiyacları olduğunu vurğulayıb. Qulu Novruzov deyib: “Bizi həmişə bir sual da düşündürür. Biz birinci sinifdən 11-ci sinfə qədər xarici dil tədris edirik, amma məzunlarımıza TOEFL, IELTS beynəlxalq sertifikatlar lazım olanda, gəlin etiraf edək ki, onları Qafqaz Universitetində də fəaliyyət göstərən bu və ya digər kurslara göndərməli oluruq, yaxud əlavə hazırlıq tələb olunur. Bu suallara axtarılan cavablar, bizim bu tədbirdən olan gözləntilərimizdir”.

Forumda Qafqaz Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, professor Əjdər Ağayev çıxış edərək xarici dilin tədrisinin multikulturalizmin inkişafındakı rolundan danışıb.

Səkkiz mövzu üzrə müzakirələrlə davam edən forumun sonunda iştirakçılara sertifikatlar verilib.  

Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov