Noyabrın 27-də Bakı Slavyan Universitetində “Müqayisəli
ədəbiyyat və mədəniyyət: ədəbiyyatın və mədəniyyətin
başlanğıc meyarları” mövzusunda beynəlxalq konfransın
açılış mərasimi keçirilib.
Bakı Slavyan Universiteti və Azərbaycan Müqayisəli
Ədəbiyyat Assosiasiyasının birgə təşkil etdiyi konfrans
“Milli ədəbiyyat və mədəniyyət meyarları” layihəsinin
davamı kimi nəzərdə tutulmuşdur.
Mərasimdə çıxış edən BSU-nun rektoru, professor Asif
Hacıyev bildirib ki, beynəlxalq konfransda İtaliya,
Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Qazaxıstan,
İran, Türkiyə və Gürcüstandan 30-dan çox alim,
Azərbaycanın bir sıra ali təhsil müəssisələri və
AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarının
əməkdaşları iştirak edir. Rektorun sözlərinə görə, bu
konfrans Azərbaycanın dünyəvi multikultural ənənələrini
və dünya xalqlarının mədəniyyətini bir araya gətirir.
Xalqımızın qədim mədəniyyətindən, ölkəmizdə mövcud olan
multikultural mühitdən və tolerantlıqdan danışan rektor
multikulturalizmin dövlətimizin siyasi prioritetlərindən
biri olmasından və bu sahədəki uğurlardan söz açıb.
Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri,
professor Rəhilə Qeybullayeva konfransın işi haqqında
məlumat verərək iki gün davam edəcək elmi məclisin öz
işini 4 bölmədə aparacağını deyib.
Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli, Folklor İnstitutunun direktoru,
professor Muxtar İmanov, Ukraynanın P.T.Tronko adına
Region Araşdırmaları Mərkəzinin direktor müavini Olqa
Vovk, İtaliyanın Piemonte Orientale Universitetinin
professoru Stefania Sini, Böyük Britaniyanın Kembric
Universitetinin professoru Firuza Melville, Rusiyanın
Sankt-Peterburq şəhərinin Mərkəzi Dövlət Arxivinin
nümayəndəsi Mixail Şkarovskiy, İranın Xarəzmi
Universitetindən Qodratullah Qorbani, Gürcüstanın Şota
Rustaveli adına Ədəbiyyat İnstitutunun nümayəndəsi İrina
Modebadze, Türkiyə nümayəndəsi Dr. Nazmi Ağıl və
başqaları konfransın işinə uğurlar arzulayıblar.
Mətbuat xidməti |