Noyabrın 26-da Azərbaycan Texniki Universitetində
(AzTU) “Rəqəmli Proqramla İdarəolunan dəzgahların
modernləşdirilməsinin müasir texnologiyaları” mövzusunda
beynəlxalq seminar işə başlayıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbir
akademik Arif Paşayevin rəhbərlik etdiyi Respublika
Texniki Problemlər Şurasının təşəbbüsü ilə keçirilir.
Rusiya Federasiyasının Texniki Universitetinin və
müxtəlif şirkətlərin nümayəndələrinin iştirak etdikləri
seminarda AzTU-nun rektoru, professor Havar Məmmədov
bildirib ki, tədbirin təşkilinin məqsədi ölkəmizin
dəzgah parkında mənəvi cəhətdən köhnəlmiş Rəqəmli
Proqramla İdarəolunan dəzgahların modernləşdirilməsi,
bununla bağlı texnologiyaların tətbiqi, texniki xidmət
və əsaslı təmir çərçivəsində görülən işlərin müzakirəsi
və perspektiv əməkdaşlıq istiqamətlərinin
müəyyənləşdirilməsidir.
Vurğulanıb ki, ölkə iqtisadiyyatının dinamik
inkişafını təmin etmək, sənaye müəssisələrində yüksək
texnologiyaların tətbiqinə nail olmaq, bu günün
tələblərinə cavab verən avtomatlaşdırılmış elektron
idarəetmə vasitələrindən istifadə xüsusi əhəmiyyət
daşıyır. Seminarda azərbaycanlı və rusiyalı
mütəxəssislərin “Respublikada maşınqayırma, cihazqayırma
və metallurgiya üzrə aktual texniki-texnoloji
problemlər”, “Müəssisələrlə qarşılıqlı əlaqə təcrübəsi”,
“Rəqəmli Proqramla İdarəolunan dəzgahların
modernləşdirilmə texnologiyaları”, “Texniki tapşırıq
əsasında yeni texnoloji avadanlığın seçimi”, “Sənaye
avadanlıqlarının texniki xidməti və təmiri üzrə
tədris-təmir mərkəzinin yaradılması” mövzularında
məruzələri dinlənilib.
Seminar iştirakçıları Rusiyanın qabaqcıl texnoloji
elmi-tədqiqat strukturlarının iş təcrübəsi və gələcək
inkişaf perspektivləri ilə tanış olublar. |