Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Rusiyanın nüfuzlu ali məktəblərinin rektorları qəzetimizə müsahibə verdilər

 

Xəbər verdiyimiz kimi, noyabrın 20-də Bakıda  Rusiyanın təhsil və elm naziri  Dmitri Livanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təsis olunması mərasimi keçirilib.  Mərasimdə Azərbaycanın təhsil naziri Mikayıl  Cabbarov,  Rusiyanın təhsil və elm naziri Dmitri Livanov, eləcə də hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Hər iki ölkənin  təhsil nazirlərinin  çıxışlarından sonra Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının yaradılması barədə memorandum imzalanıb. Sazişi Azərbaycan  tərəfdən  Sumqayıt Dövlət  Universitetinin rektoru Elxan Hüseynov,  Rusiya tərəfindən Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin imzalayıblar. Tədbirin gedişində “Azərbaycan müəllimi” qəzetinə  verdikləri  eksklüziv müsahibələrində Rusiya universitetlərinin rektorları  assosiasiyanın yaradılmasını  hər iki ölkənin təhsil həyatında mühüm hadisə kimi qiymətləndirərək öz təəssüratlarını bölüşüblər. Rektorlarla müsahibələri təqdim edirik.


“Çox maraqlıdır, əla qəzet buraxırsınız” 

Boris YAKİMOVİÇ,
M.T.Kalaşnikov adına İjevsk Dövlət Texniki Universitetinin rektoru, professor 

Bugünkü  tədbir  barədə  təəssüratlarım çox genişdir.  Əlbəttə ki,  biz  iki ölkənin təhsil həyatında baş verən mühüm hadisənin  şahidi olduğumuzu  birmənalı söyləyə bilərik. 

Artıq bir neçə ildir ki, Azərbaycan Texniki Universiteti ilə  maşınqayırma, texnologiya,  informasiya texnologiyaları,  eləcə də sənayenin müxtəlif istiqamətləri   üzrə kadr hazırlığı sahəsində  əməkdaşlıq edirik.  Bizim universitetlərin əməkdaşlığına dair artıq konkret nəticələr var. Forum çərçivəsində biz AzTU ilə əməkdaşlıq  müqaviləsi  imzaladıq.  Müqavilədə ali məktəblərimizin birgə tədqiqatlar aparması, birgə  layihələrin  hazırlanması, iqtisadiyyatın ayrı-ayrı sahələri  üçün yüksəkixtisaslı mühəndis kadrların hazırlığının intensivləşdirilməsi nəzərdə tutulur. Ali məktəblər arasında elmi və texniki konfranslar təşkil etmək, müştərək tədris proqramları hazırlamaq, ikili diplomlar vermək  də qərara alınıb.

AzTU ilə yanaşı, Azərbaycanın digər ali məktəbləri ilə də əməkdaşlıq edirik.  Biz  forum çərçivəsində Sumqayıt  Dövlət Universiteti  ilə əməkdaşlığa dair  saziş imzaladıq.    Forum  ali məktəblərimiz arasında əlaqələri  inkişaf  etdirmək üçün yeni bir addım oldu. Adıçəkilən ali məktəblərlə  bizim əməkdaşlığımız davam edəcək.  Ümid edirik ki,  Azərbaycanın digər ali məktəbləri ilə də əlaqələrimiz, əməkdaşlığımız  inkişaf  edəcək.  Forum  ali məktəblərimizə  assosiasiya  çərçivəsində Azərbaycan və Rusiyanın iqtisadiyyatı üçün  tələbat duyulan  kadrların hazırlığı işində təhsil və elm sahəsində əməkdaşlığı genişləndirmək üçün  yeni impuls verdi. 

Bakı səfərimiz və forumla bağlı təəssüratlarım zəngindir.  Bakı  çox gözəl şəhərdir. Bir daha  Bakının qonaqpərvərliyinin şahidi olduq,  insanlar  çox səmimidir.  Hesab edirik ki, tədbir çox əhəmiyyətli keçir  və biz assosiasiyanın işinə müvəffəqiyyətlər,  Azərbaycan xalqına  firavanlıq, onun ali məktəblərinə uğurlar arzulayırıq. 

Rektor Boris Yakimoviç  əlimizdəki “Azərbaycan müəllimi” qəzetinin  son saylarından birinə diqqət çəkərək tanış olmaq istədiyini  bildirdi  və vərəqlədikdən sonra  “bu formatda qəzet görməmişdim, çox maraqlıdır,  əla qəzet buraxırsınız,  afərin sizlərə” söylədi.


“Azərbaycan alimlərindən öyrənə biləcəyimiz çox şeylər var” 

Dmitri BIKOV,
Samara Dövlət Texniki Universitetinin rektoru, professor 

Mən Sumqayıt Dövlət Universitetində azərbaycanlı həmkarlarımla görüşdə də dedim, bugünkü tədbir tarixi əhəmiyyət daşıyır.  İndi  biz  bir-birimizin imkanlarından istifadə edəcəyik. Bizim belə bir imkanımız yaranıb. Biz eyni  bir təhsil məkanında yaşamışıq.  Azərbaycan Rusiyanın elmi məktəbinə,  Rusiya  isə Azərbaycanın elmi məktəbinə bələddir. Biz azərbaycanlı alimlərlə  sıx əlaqə saxlayırıq, mənim azərbaycanlı  professorlar arasında çoxlu dostlarım var. Münasibətlərimiz   çox gözəldir.  Biz tez-tez  qarşılıqlı səfərlər edir, görüşürük. Lakin bunlar azdır. Gənc nəslə gəldikdə isə onun münasibəti fərqlidir, onlar bir-birləri barədə heç nə bilmir.  İndi  bizim qarşımızda duran  başlıca vəzifə  təhsil sistemlərimizi  bir-birinə yaxınlaşdırmaq,  sonda isə birləşdirməkdir.   Ona nail olmalıyıq ki, bizim gənclik  əvvəlki tək  Azərbaycan və Rusiya xalqları kimi dostluq şəraitində yaşasın. Gənclər bir-birinin  mədəniyyətinə  bələd olmalıdır.  Bir-birinə hörmət etməli və birgə inkişafda qarşılıqlı yardıma xidmət etməlidir.  Forumda belə bir fikir səsləndi ki,  əgər bir-birimizə dəstək verməsək, bizə heç kim kömək etməyəcək.  Azərbaycan və Rusiya xalqlarının çox yaxın mentaliteti var.  Düzdür,  bu oxşarlıq tarixən formalaşıb,  lakin bu keçmişdə qalmayıb.  Əgər indi  biz addım atmasaq, forum çərçivəsində gənc nəslin inkişafı barədə çox danışıldı, onda ölkələrimizin inkişaf vektorları yarıyolda qalacaq, bizdən uzaqlaşacaq.  Biz inkişaf vektorlarımızı yaxınlaşdırmalıyıq,  bu,  həm Rusiyanın, həm də Azərbaycanın strateji maraqlarına cavab verir.  Assosiasiyanın fəaliyyətindən gözləntilərim çoxdur.  Bir universitet rektoru olaraq azərbaycanlı  həmkarlarımla tədris,  metodika, elmi əməkdaşlıq,  tələbələrlə iş sahəsində bir sıra layihələrimi və planlarımı  bölüşə bilərəm.   Biz əldə etdiyimiz  bir sıra innovativ layihələri azərbaycanlı  həmkarlarımızla birlikdə tətbiq etməyə  ümid edirik.  Yüksək intellektual  səviyyə innovativ yanaşma  tələb edir.  Azərbaycanda isə innovativ  təkliflər var.

 Azərbaycan alimləri çox yüksək səviyyəlidir.  İki il əvvəl  mən Bakıda  görkəmli akademik Azad Mirzəcanzadənin yubileyi münasibətilə təşkil olunan konfransda iştirak etdim.  Mən konfransda A.Mirzəcanzadənin tələbələrinin  elmi səviyyəsini, intellektual potensialını gördüm.  Onun qoyduğu,  yaratdığı  məktəbi gördüm,   düzdür, o, təəssüflər olsun ki,  aramızda  deyil, lakin onun məktəbi yaşayır!  Bu məktəb inkişaf edir. Çox ciddi kəşflər, çox gözəl riyazi  cihazlarınız var.  Bunları deməkdə məqsədim odur ki, bizim də Azərbaycan elmindən, alimlərindən götürəcəyimiz, öyrənə  biləcəyimiz çox şeylər var.   Və biz bunu məmnuniyyətlə edəcəyik.  Sonda Bakı qonaqpərvərliyini xüsusi qeyd etmək istəyirəm,  azərbaycanlı dostlarımı da, kimlərəsə qəribə gəlməsin,  azərbaycanlı  qardaşlarım adlandırmaq istərdim.


“Forum barədə təəssüratlarım zəngindir” 

Yefim PİVOVAR,
Rusiya Dövlət Humanitar Universitetinin rektoru, professor

Bu gün hər iki ölkənin təhsil həyatında mühüm hadisə baş verir.  Bugünkü tədbir və ümumiyyətlə, Azərbaycan - Rusiya ali məktəblərinin forumu barədə təəssüratlarım zəngindir.  İki ölkənin ən nüfuzlu  ali məktəblərinin iştirakı ilə Azərbaycan - Rusiya Ali Təhsil Müəssisələri  Assosiasiyasının əsası qoyulur.  Assosiasiyanın yaradılması,  şübhəsiz ki, hər iki ölkənin universitetləri arasında əməkdaşlığın möhkəmlənməsi və təcrübə mübadiləsi yolunda çox mühüm addımdır.  Əminəm ki,  yeni qurum   böyük uğurla fəaliyyət göstərəcək. Bu qurum Azərbaycan və Rusiya arasında təhsil əlaqələrinin genişlənməsinə, möhkəmlənməsi istiqamətində öz dəyərli töhfəsini verəcək.  Ümid edirəm ki,  Azərbaycan və Rusiya ali məktəbləri arasında   əməkdaşlığa dair memorandumun imzalanması   universitetlərimiz arasında  çoxşaxəli əlaqələrin daha da genişlənməsinə, professorlarımız arasında məsləhətləşmələrin intensivləşməsinə,  kadr  hazırlığı  məsələlərində,  birgə elmi tədqiqatların aparılmasında yeni bir mərhələ olacaq.   Bu forum və onun nəticəsi olaraq imzalanmış əməkdaşlığa dair müqavilə  ali məktəblərimizdə tədrisin metodikası, ali təhsilin  aktual məsələlərinə dair təcrübə mübadiləsini  genişləndirəcək.  Qeyd olunmalıdır ki,  təmsil etdiyim universitetlə  Azərbaycanın bir sıra  ali məktəbləri arasında sıx əlaqələr mövcuddur və  ikitərəfli əməkdaşlığımız   bugünkü memorandumun imzalanmasından sonra daha da intensiv xarakter alacaq və yaxın vaxtlarda  birgə layihələrin işlənib hazırlanması və həyata keçirilməsində mühüm  rol oynayacaq.  Ümid edirəm ki, yeni yaradılan qurum ali məktəblərimiz arasında  hazırda mövcud olan əlaqələrə müsbət  təkan verəcəkdir.


“Universitetimizdə üç azərbaycanlı paralimpiyaçı təhsil alır” 

Vaqif  BAYRAMOV,
Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoru, professor

Öncə qeyd edim ki, bugünkü imzalanma mərasimi və ümumiyyətlə,   Bakıda Azərbaycan və Rusiya  ali məktəb rəhbərlərinin  iştirakı ilə  keçirilən yüksək səviyyəli görüşlərlə bağlı məmnunluğumu ifadə etmək istəyirəm.  Mənim Azərbaycan elm və təhsil sistemi ilə sıx əlaqələrim  var,  ali məktəb rəhbərləri ilə dostluq edirəm.  Bu gün onlarla yenə də bir aradayam.  Bir az əvvəl Azərbaycan - Rusiya Ali Təhsil Müəssisələri  Assosiasiyasının imzalanması mərasimi oldu.  Moskva Dövlət Humanitar-İqtisad Universitetinin  rektoru kimi deyə bilərəm ki,  bizim, şübhəsiz ki, iki ölkənin ali məktəblərinin daha yaxından əməkdaşlıq etməsini nəzərdə tutan  assosiasiya  elm və təhsil sahəsində əlaqələrin inkişafına töhfə verəcək. Assosiasiyanın yaradılması  universitetlərimiz arasında  əməkdaşlığın inkişafına təkan verəcək.  Layihədə birgə fəaliyyətin istiqamətləri təsbit olunub.

   Əlbəttə ki,  bu gün burada Azərbaycan və Rusiya təhsil nazirlərinin iştirakı ilə keçirilən mərasimdə yeni qurumun yaradılması  hər iki ölkənin ali təhsil sistemi üçün mühüm əhəmiyyət daşıyır.  

  Qeyd edim ki, rəhbərlik etdiyim universitet  inklüziv təhsil sahəsində xidmət göstərir və təkcə Rusiyada deyil, bütün postsovet məkanında unikal ali məktəbdir.  Əsasən sağlamlıq imkanları məhdud gənclərin təhsili,  reabilitasiyası ilə məşğul oluruq.  Ali məktəbdə  Azərbaycan və digər    ölkələrdən olan gənclər inklüziv təhsilə cəlb olunub. Təhsillə yanaşı,  tələbələrə  hərtərəfli qayğı göstərilir.  Universitetdə əlilliyi olan tələbələrin təhsili və onların rahat hərəkət edə bilmələri üçün bütün şərait yaradılıb. Hazırda universitetdə üç azərbaycanlı paralimpiyaçı  təhsil alır.


“Belə görüşləri davam etdirmək lazımdır” 

Boris KOSTİŞKO,
Ulyanovsk Dövlət Universitetinin rektoru, professor

 Şübhəsiz ki,  bugünkü  hadisə barədə təəssüratlarım boldur.  Deyə bilərəm ki, hər iki ölkənin təhsil sistemi üçün əlamətdar hadisə baş verir.  Bir az əvvəl   Azərbaycan - Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının əsası qoyuldu. Ümumiyyətlə,   Azərbaycan - Rusiya ali məktəblərarası forumu  çox yüksək səviyyədə keçdi.  Forumda  ölkələrimizin ali  təhsil  sistemi qarşısında duran  mühüm və aktual  vəzifələr müzakirə olundu . Bir daha  qeyd olundu ki, qarşımızda dövrün çağırışlarına uyğun olaraq  çox ciddi  təxirəsalınmaz  vəzifələr  durur ki, onlardan  da ən vacibi ali  təhsil sahəsinə aiddir.  İki gündür ki, Azərbaycandayıq.  Dünən  Azərbaycan və  Rusiya ali məktəbləri arasında forumun ilk iclası keçirildi.

Bu gün isə biz Bakı Dövlət Universiteti ilə əməkdaşlıq  haqda müqavilə imzaladıq. Rəhbərlik etdiyim Ulyanovsk  Dövlət  Universiteti  Azərbaycanın ali məktəbləri ilə sıx əməkdaşlıq edir və əlaqələrimiz gündən-günə genişlənir.   Hesab edirəm ki, Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının yaradılması, ilk növbədə, hər iki ölkənin  universitetləri arasında elm,  təhsil sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin aparılmasına xidmət edəcək. Yeni qurum  universitetlərimiz arasında əlaqələrin möhkəmləndirilməsi yolunda çox mühüm addımdır və belə görüşləri davam etdirmək lazımdır.  Rusiyanın  təhsil nazirinin  də  bugünkü çıxışında  bildirdiyi kimi, ölkəmizin aparıcı ali məktəb rektorlarının Bakıda həmkarları ilə görüşlərinin keçirilməsi, praktiki əməkdaşlıq məsələlərinin müzakirəsi çox mühümdür. Bundan başqa, əminik ki,  yeni qurum universitetlərimiz arasında elmi əlaqələri genişləndirmək yolunda bir sıra vacib vəzifələri müəyyənləşdirməyə  kömək edəcək. Bizim Bakı Dövlət Universiteti ilə imzaladığımız sənəddə  ali təhsil və elmin müxtəlif sahələrində qarşılıqlı fəaliyyətə dair konkret təkliflər əksini  tapıb.  Biz  hər iki ölkənin elmi institutlarının yardımı ilə birgə elmi tədqiqatların aparılmasının önəmini xüsusi qeyd etmək istəyirik. Ümid edirik ki,  bugünkü tədbir assosiasiya çərçivəsində nəzərdə tutulmuş bir sıra layihələri həyata keçirməyə imkan verəcək.   

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
fotolar: Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov