Təhsil Nazirliyi, “Microsoft Azerbaijan” şirkəti,
“Yüksək Texnologiyalar Parkı” və “Nar Mobile” rabitə
operatoru “Microsoft Imagine Cup” innovasiya
müsabiqəsinin milli seçim turuna start verib.
“Microsoft Imagine Cup” dünyanın bir sıra ölkələrinin
tələbələri arasında hər il keçirilən genişmiqyaslı
innovasiya müsabiqəsidir. Bu müsabiqə Azərbaycanda
ikinci dəfə təşkil olunur. Müsabiqə çərçivəsində
tələbələrdən ibarət komandalar “İnnovasiya”, “Dünya
vətəndaşlığı” və “Oyunlar” kateqoriyaları üzrə iştirak
edə bilər. Müsabiqədə iştirak üçün “Microsoft”
platforması üzərində innovativ proqram layihəsi,
“Microsoft” texnologiyaları əsasında müasir dövrün
problemlərini həll edən tətbiqin prototipini və ya
istənilən “Microsoft Windows” platformaları üzərində
orijinal oyun hazırlamaq lazımdır.
Müsabiqə 16 yaşına çatmış tələbələr üçün təşkil olunur.
Hər komandada eyni və ya müxtəlif universitetlərin 4-dək
tələbəsi təmsil oluna bilər. Komandanın ən azı bir üzvü
ingilis dilində sərbəst danışmağı bacarmalıdır.
Müsabiqədə iştirak üçün qeydiyyat dekabrın 25-dək davam
edəcək. Gələn il yanvarın 1-dən aprelin 15-dək isə
müsabiqəyə hazırlıq işləri aparılacaq və apreldə milli
turun finalı keçiriləcək. Milli seçim turunun 3
nominasiya üzrə qalibləri ikinci turda – gələn ilin may
ayında onlayn rejimdə keçiriləcək beynəlxalq
yarımfinalda iştirak etmək şansı qazanacaqlar.
Qeyd edək ki, Azərbaycanı təmsil edən komanda ötən
“Microsoft Imagine Cup 2015” müsabiqəsində uğur qazanıb.
ABŞ-ın Redmond şəhərində keçirilən müsabiqədə Bakı
Dövlət Universitetinin və Xəzər Universitetinin
tələbələri - Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan və
Ülviyyə Rüstəmovalardan ibarət “NoObs” komandası
“İnnovasiyalar” kateqoriyasında II yeri tutub. Bu
müsabiqədə ilk dəfə iştirak edən Azərbaycan komandasına
“bluetooth-tənzimçilər” dəsti, həmçinin qaməti əymədən
oturmaq və durmaq vərdişi yaradan, “Windows Phone”
platformalı smartfonlar üçün proqram təminatı olan
“Spinal” layihəsi uğur gətirib. |