Noyabrın 25-də Sumqayıt Dövlət Universitetində
Azərbaycan, Finlandiya və Estoniya arasında həyata
keçiriləcək TVİNNİNQ layihəsinin təqdimatı oldu.
Tədbiri universitetin tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektoru, dosent Natiq Talıbov
açaraq layihənin əhəmiyyətindən danışdı. Bildirdi ki,
layihənin ümumi məqsədi Avropa ali təhsil məkanına
inteqrasiya etməklə Azərbaycanda ali təhsil sisteminin
daha da inkişaf etdirilməsidir. Prorektor onu da
vurğuladı ki, TVİNNİNQ layihəsini Finlandiya Təhsilin
Qiymətləndirilməsi Mərkəzi, Estoniya Ali Təhsildə
Keyfiyyətin təmin olunması üzrə Agentlik və Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən həyata
keçirilir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Hüquqi
ekspertiza və lisenziyalaşdırma şöbəsinin baş
məsləhətçisi Əfqan Abdullayev qeyd etdi ki, TVİNNİQ
genişlənmiş Avropa İttifaqına hazırlıq çərçivəsində
Avropa Komissiyasının təşəbbüsüdür. Bu layihə Aİ-yə
namizəd ölkələrin gələcəkdə Avropa İttifaqı üzv ölkələri
qismində çıxış etmək üçün öz ölkələrinin inzibati və
hüquqi imkanlarının gücləndirilməsinə kömək məqsədi ilə
yaradılmışdır.
Universitetin prorektorları, dekanlar və struktur
rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə Finlandiya
Təhsilin Qiymətləndirilməsi Mərkəzinin və Estoniya Ali
Təhsildə Keyfiyyətin təmin olunması üzrə Agentliyinin
ekspertləri - rezident Tvinninq Müşaviri (Tvinninq
Layihəsi üzrə) Reijo Aholainen, rezident Tvinninq
Müşavirinin assistenti Səltənənt Məmmədova, finlandiyalı
ekspert Kati İsoaho və estoniyalı ekspert Tiia Bach
çıxışlarında TVİNNİNQ layihəsinin Azərbaycanda Bolonya
prosesinə uyğun olaraq həyata keçirilən islahatlar
çərçivəsində təlim-tədris sisteminin, həmçinin ali
təhsil müəssisələri üçün akkreditasiya sisteminin
təkmilləşdirilməsini, Avropa İttifaqı və Azərbaycan
arasında siyasi dialoqu, eyni zamanda getdikcə artmaqda
olan beynəlxalq əməkdaşlığı əhatə etdiyini qeyd
etdilər.
Mətbuat xidməti |