Noyabrın 27-də Qərb Universitetində “İşıq və işıq
texnologiyaları” mövzusunda beynəlxalq elmi-praktik
seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qərb Universitetinin
prorektoru, professor Rəna Babayeva çıxış edərək bu ali
məktəbdə dünyada baş verən proseslər, müxtəlif əlamətdar
gün və hadisələrlə bağlı tədbirlərin mütəmadi
keçirildiyini söyləyib. Bildirilib ki, BMT-nin qərarına
əsasən 2015-ci il “Beynəlxalq işıq və işıq
texnologiyaları ili” elan edilib. UNESCO-nun fundamental
elmlər haqqında beynəlxalq proqramına əsasən bir çox
ölkələrdə “İşıq ili” ilə bağlı müxtəlif tədbirlər
keçirilib. Bugünkü seminar da beynəlxalq “İşıq ili”nin
müəyyənləşdirilmiş məqsəd və məramlarına uyğun təşkil
edilib. Vurğulanıb ki, “İşıq ili”nin keçirilməsi enerji
təminatı, təhsil, kənd təsərrüfatı, səhiyyə
problemlərinin qlobal miqyasda həllinin və işıq
texnologiyaları barədə dolğun məlumatların səviyyəsinin
artırılmasına kömək edir.
Tədbirdə “Təbii və süni işığın memarlıqda rolu”, “İşığın
və işıq texnologiyalarının insanların gündəlik həyatına
təsiri və gələcəkdə qlobal inkişafda onların rolu”,
“İşıq texnologiyaları elmin və incəsənətin müxtəlif
sahələrində əlaqələndirici vasitədir”, “Maddi-mədəni
irsin qorunmasında işıq və işıq texnologiyalarının rolu”
mövzularında məruzələr dinlənilib. Məruzələrdə günəşin
şüa enerjisi mühitinə gətirdiyi üç növ optik
elektromaqnit dalğalarından, təbii işığın insan
orqanizminə təsirindən danışılıb.
Sonra seminarda Çexiyanın “LASVİT” şirkətinin Orta Şərq
üzrə layihə məsləhətçisi Daniel Smiçka mövzuya dair
təqdimatla çıxış edib. |