Naxçıvan
Dövlət Universitetində “Elmi-tədqiqat işlərinin yerinə
yetirilməsi, elmi məqalələrin hazırlanmasına qoyulan
beynəlxalq tələblər və etik problemlər” mövzusunda
seminar keçirilib. Seminarda elmi məqalənin yazılması
qaydaları, elmi məqalə hazırlayarkən nələrə üstünlük
verilməsi, beynəlxalq elmi jurnallarda çap olunacaq
məqalələrə qoyulan tələblər, bu sahədə peşəkarlıq,
beynəlxalq standartlara uyğunlaşma və digər bu kimi
məsələlərə aydınlıq gətirilib.
Seminarı rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov
açaraq vurğulayıb ki, bu kimi tədbirlərin keçirilməsində
başlıca məqsədi elmin davamlı inkişafına, alimlərimizin
elmi nəticələrinin dünya miqyasında tanıdılmasına nail
olmaqdır. Vurğulanıb ki, elmi məqalə hər bir alimin
müvvəfəqiyyəti deməkdir. Əvvəldən elmi məqaləni lazımi
səviyyədə yazmaq bacarığı elm sahəsində irəliləyən
gənclərin də gələcəkdə əsl alim kimi formalaşmasına və
yüksək uğurlar qazanmasına çox kömək edir. Rektor
universitet əməkdaşlarının məqalələrinin dünyanın
nüfuzlu jurnallarında dərci və bu sahədə əməkdaşlıq
əlaqələrinin davamlı inkişafını xüsusi qeyd edib. Alim
çıxışında elmi nəticələrin əldə olunması baxımından
dünya səviyyəsində səmərəli elmi axtarışların
aparılmasının vacibliyini də vurğulayıb.
Seminarda Qars Qafqaz Universitetinin cərrahiyyə
kafedrasının professoru, universitetin baytarlıq
fakültəsi jurnalının baş redaktoru İsa Özaydın
məruzəsində məqalənin hazırlanması, onların asan
qavranılması və daha oxunaqlı olması üçün zəruri olan
şərtləri diqqətə çatdırıb.
Sonra məruzəçi universitet əməkdaşlarının ona ünvanlanan
çoxsaylı suallarını cavablandırıb.
Məlumat üçün qeyd edək ki, Qars Qafqaz Universitetinin
cərrahiyyə kafedrasının professoru İsa Özaydın bir həftə
müddətində Naxçıvan Dövlət Universitetində baytarlıq
təbabəti ixtisasının tələbələrinə cərrahiyyə dərslərini
keçmək və onlarla birgə cərrahi əməliyyatlar aparmaq
üçün ali təhsil ocağındadır.
Mina QASIMOVA |