Noyabrın
26-27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)
xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə
həsr olunmuş “İnsan və zaman” mövzusunda Respublika
elmi-praktik konfransı keçirilib. Konfransdan öncə
universitetdə Bəxtiyar Vahabzadənin həyatı və ədəbi irsi
ilə bağlı sərgi nümayiş olunub və əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm
xadimi, professor Yusif Məmmədov konfransı giriş sözü
ilə açaraq bildirib ki, elmi məclis Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin bu il yanvar
ayının 14-də imzaladığı “Bəxtiyar Vahabzadənin 90 illik
yubileyinin keçirilməsi haqqında” Sərəncama və həmin
sərəncamın icrası ilə bağlı təhsil nazirinin 13 fevral
2015-ci il tarixli əmrinə əsasən keçirilir.
Rektor Y.Məmmədov çıxışında böyük söz ustadı, istiqlal
şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı
haqqında məlumat verib.
Plenar iclasda ADPU-nun filologiya fakültəsinin dekanı,
professor Buludxan Xəlilov “Bəxtiyar Vahabzadə:
düşündürən şair, həssas pedaqoq, dil və ədəbiyyat
qayğıkeşi”, “Dədə Qorqud” Elmi-Tədqiqat
Laboratoriyasının müdiri, professor Ramazan Qafarlı
“Bəxtiyar Vahabzadə: sənəti və şəxsiyyəti”, Azərbaycan
və dünya ədəbiyyatı tarixi kafedrasının professoru
Təyyar Salamoğlu “Bəxtiyar Vahabzadə - milli istiqlal
tariximizin salnaməçisi” mövzularında məruzə ediblər.
Plenar iclasda filologiya fakültəsi tələbələrinin
hazırladıqları bədii kompozisiya da təqdim edilib.
2 gün davam edən konfransda Bakı Dövlət Universitetinin,
Sumqayıt Dövlət Universitetinin, Bakı Slavyan
Universitetinin, Təhsil Problemləri İnstitutunun, Qərb
Universitetinin və digər ali təhsil müəssisələrinin alim
və mütəxəssisləri iştirak ediblər. Konfransın 5 bölmə
üzrə keçirilən iclaslarında 80 məruzə dinlənilib.
ADPU-nun Mətbuat və informasiya şöbəsi |