Noyabrın 24-də Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik Akif Əlizadə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif
Talıbovla görüşüb. AMEA-dan verilən məlumata görə,
görüşdə Vasif Talıbov AMEA-nın 70 illiyi münasibəti ilə
Akademiya rəhbərliyini, üzvləri və bütün kollektivi
təbrik edib. Azərbaycanda elmi mühitin formalaşmasında
Akademiyanın müstəsna rolundan bəhs edən Naxçıvan MR-in
Ali Məclisinin Sədri bu qurumun cəmiyyətin
sosial-iqtisadi tərəqqisinə böyük töhfələr verdiyini
vurğulayıb.
Naxçıvan Muxtar Respublikasında elm və təhsilin
inkişafının, eləcə də elm və ali təhsil müəssisələrində
ixtisaslı kadrların hazırlanmasının daim diqqət
mərkəzində olduğunu deyən Vasif Talıbov gənclərin elmə
yiyələnmələri üçün bu müəssisələrin müasir
informasiya-kommunikasiya texnologiyaları ilə təmin
olunduğunu, elm və təhsil sahələrində beynəlxalq
təcrübənin öyrənilməsi məqsədilə elmi əlaqələrin
yaradıldığını qeyd edib. Ali Məclisin Sədri son illər
Naxçıvanın bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən,
qədim şəhər mədəniyyətinə malik olan bölgənin hazırkı
dinamik inkişafından, memarlıq sahəsində aparılan
təmir-tikinti işlərindən bəhs edib.
Vasif Talıbov sonra AMEA-nın Naxçıv
an Bölməsində bir sıra beynəlxalq tədbirlərin
keçirildiyini və bunun uğurlu nəticələri olduğunu
diqqətə çatdırıb. O, həmçinin elmi əsərlərin
qiymətləndirilməsi və alimlərin fəaliyyətinin
stimullaşdırılması məqsədilə onların
mükafatlandırıldığını, elm, mədəniyyət, ədəbiyyat və
memarlıq sahələrinə dair ən dəyərli əsərlərin dövlət
hesabına çap edildiyini söyləyib.
Görüşdə AMEA Naxçıvan Bölməsinin Akademiyanın digər elmi
müəssisələri ilə yeni elmi istiqamətlərdə əməkdaşlığının
genişləndirilməsi perspektivləri müzakirə edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,
akademik Akif Əlizadə Akademiyaya göstərdiyi xüsusi
diqqətə görə Naxçıvan MR-in Ali Məclisinin Sədri Vasif
Talıbova təşəkkürünü bildirib.
Sonda səmimi görüşə və göstərilən qonaqpərvərliyə görə
minnətdarlığını ifadə edən Vasif Talıbov akademik Akif
Əlizadəyə Naxçıvan Muxtar Respublikasının 90 illik
yubileyi münasibəti ilə hazırlanmış xatirə medalını
hədiyyə edib.
Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi” |