Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi
Heydər Əliyev Fondu uşaqların gələcəyi ilə bağlı
müxtəlif layihələr həyata keçirir. Uşaqlara qayğı Heydər
Əliyev Fondunun prioritet məqsədlərindən biridir. Fondun
qüvvəsi əhalinin ən zəif, xüsusi müdafiəyə ehtiyacı olan
təbəqələrinə, ilk növbədə, xəstə uşaqlara, eləcə də
dünyada ən qiymətli nemətdən - valideyn məhəbbətindən və
qayğısından məhrum olmuş balalarımıza kömək
göstərilməsinə yönəlib.
Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq
imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar
üçün 4 nömrəli respublika xüsusi internat məktəbinin
yenidən qurulması da bu kateqoriyadan olan uşaqlara
diqqətin bariz nümunəsidir.
Noyabrın 23-də Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şüvəlan
qəsəbəsindəki 4 nömrəli respublika xüsusi internat
məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Mehriban Əliyeva internat məktəbin rəmzi açılışını
bildirən lenti kəsdi.
Azərbaycanın birinci xanımına məlumat verildi ki,
müəssisə 1967-ci ildən fəaliyyət göstərir. 2013-cü ildə
məktəb sökülərək yenidən inşa edilib. 160 uşaq üçün
nəzərdə tutulan məktəbdə tədris, yataq korpusları, tibb
məntəqəsi tikilib. Musiqi, idman, müalicəvi bədən
tərbiyəsi otaqları və siniflərində bütün lazımi
avadanlıqlar var. Bundan əlavə, məktəbin nəzdində
fəaliyyət göstərən Reabilitasiya Mərkəzinin kiçik
binasının yerində sağlamlıq imkanları məhdud 100
məktəbəqədər uşaq üçün nəzərdə tutulan ikimərtəbəli
Reabilitasiya-İnkişaf Mərkəzi inşa edilib. Mərkəzdə
işləyən mütəxəssislərin gün ərzində uşaqlara xidmət
göstərməsi, onların qidalanması və istirahəti üçün
əlverişli şərait yaradılıb. İnternat məktəbdə, həmçinin
dulusçuluq, xalçaçılıq, dülgərlik, çilingərlik, tikiş,
toxuculuq, rəssamlıq kimi yeni peşə kabinetləri var. Ən
müasir avadanlıqlarla təchiz olunan məktəbdə uşaqların
asudə vaxtının səmərəli təşkili və istirahəti üçün
qapalı üzgüçülük hovuzu və idman zalı fəaliyyət
göstərir. Müəssisənin həyətində kölgəliklər, açıq futbol
meydançası da yaradılıb.
AZƏRTAC |