Noyabrın
23-də Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa
edilən 340 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə
verilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının
açılışında iştirak edib.
Mehriban Əliyeva məktəbəqədər təhsil müəssisəsinin rəmzi
açılışını bildirən lenti kəsdi.
Heydər Əliyev Fondu uşaqlarımızın gələcəyinə yönələn
müxtəlif layihələr reallaşdırır. Son illərdə Fondun
təşəbbüsü ilə ölkəmizdəki bir çox uşaq bağçalarında
əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni
bağçalar inşa olunub, məktəbəqədər təhsilin inkişafı
istiqamətində bir sıra tədbirlər görülüb.
Xəzər rayonunun Buzovna qəsəbəsinin Albalılıq yaşayış
massivindəki 340 saylı körpələr evi-uşaq bağçası da
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa
edilib.
Burada bütün işlər Fondun məktəbəqədər təhsil
müəssisələrinin inkişafı proqramına əsasən görülüb.
İkimərtəbəli körpələr evi-uşaq bağçası azyaşlı
sakinlərin zövqünə uyğun qurulub. Burada uşaqların
rahatlığının, istirahətinin və ilkin biliklərə
yiyələnməsinin təmin edilməsi, onların bacarıq və
istedadlarının aşkarlanması üçün hərtərəfli şərait
yaradılıb. Hovuz, musiqi otağı, idman zalları da
uşaqların ixtiyarında olacaq.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya
məlumat verildi ki, 10 qrupdan ibarət bağçada 200 uşağa
qayğı göstəriləcək. Burada uşaqların sağlam, bilikli,
vətənpərvər övladlar kimi böyümələri üçün lazımi şərait
yaradılıb. Bağçanın həyətində ağaclar əkilib,
yaşıllıqlar salınıb, əyləncə vasitələri quraşdırılıb.
AZƏRTAC |