Pedaqoji kadrların müasir tələblər səviyyəsində
hazırlanmasını təmin etmək, ali təhsil müəssisələrinin
sayını optimallaşdırmaq, mövcud maddi-texniki və kadr
potensialından istifadənin səmərəliliyini artırmaq
məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət
Pedaqoji Universitetinə qoşulsun.
2. Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi,
Cəlilabad, Qazax, Quba, Şamaxı, Şəki və Zaqatala
filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinin
filialları hesab olunsun.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
3.1. qüvvədə olan qanunvericilik aktlarının bu sərəncama
uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və
müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
3.3. bu sərəncamdan irəli gələn digər məsələləri həll
etsin.
4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi ilə birlikdə bu sərəncamın icrası nəticəsində
qənaət olunan maliyyə vəsaitinin Azərbaycan Dövlət
Pedaqoji Universitetinin elmi-pedaqoji potensialının
gücləndirilməsinə yönəldilməsini, həmçinin azad olmuş
maddi-texniki bazadan təhsil sisteminin məqsədləri üçün
istifadə olunmasını təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2015-ci il |