Naxçıvanda
məşqçi-müəllimlər və güləşçilər üçün ustad dərsləri
keçirilib. Həm Naxçıvan şəhərində, həm də Şərur
rayonunda təşkil edilən seminarlarda ümumilikdə 150-dən
artıq gənc və yeniyetmə güləşçi iştirak edib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasından
bildirilib. İslam Hümbətov adına Uşaq-Gənclər İdman
Məktəbində keçirilən ilk seminarda idmançılara güləş
idman növünün taktiki-texniki xüsusiyyətləri, yeni
qaydaları barədə ətraflı məlumat verilib.
Növbəti gün dərslərdə məşqçi-müəllim kimi Naxçıvan güləş
məktəbinin yetirməsi, sərbəst güləş üzrə ikiqat dünya
çempionu, Avropa çempionu Hacı Əliyev iştirak edib.
Seminarların son günündə isə Azərbaycan Güləş
Federasiyasının yeniyetmələr üzrə vitse-prezidenti,
Olimpiya və üçqat Avropa çempionu Namiq Abdullayev
məşqçi-müəllimlər üçün təşkil edilən seminarda çıxış
edib və yeni qaydalar barədə məşqçiləri məlumatlandırıb.
Daha sonra Olimpiya çempionu Naxçıvan şəhərindəki İlham
Əliyev adına Olimpiya İdman Kompleksində güləşçilərin
məşqini izləyib.
Ustad dərsləri Azərbaycan Güləş Federasiyasının dəstəyi,
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı
ilə keçirilib. |