Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında
“Muğamatım bir dəryadır” musiqi təlimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun dəstəyi və Bakı Musiqi Akademiyasının
təşkilatçılığı ilə baş tutan təlim üç gün davam edib.
Layihənin rəhbəri İlahə Qismət bildirib ki, təlimin əsas
məqsədi gənc ifaçılara və bu sahəyə marağı olan şəxslərə
muğam sənətinin sirlərini öyrətmək, həmçinin onların
incəsənətə olan marağının artırılmasına kömək etməkdən
ibarətdir. Təlimdə iştirakçılar muğamla bağlı onları
maraqlandıran bir çox suallara cavab taparaq əyani muğam
parçalarını dinləməklə yanaşı, şifahi və ənənəvi
professional muğamlarımız haqqında maarifləndiriliblər.
Belə ki, təlim görkəmli muğam ifaçıları xalq artisti,
dosent Zümrüd Məmmədova, əməkdar incəsənət xadimi,
professor, bəstəkar Aydın Əzimov, əməkdar artist, dosent
Mirnazim Əsədullayev və musiqişünas Fərdin Məmmədlinin
iştirakı ilə baş tutub.
Qeyd edək ki, layihə çərçivəsində gənc musiqiçilər
və musiqisevərlər ustad sənətkarlar tərəfindən
professional muğamlarımız haqqında biliklərə
yiyələnməklə yanaşı, mövzu ətrafında bir sıra elmi
müzakirələrdə də iştirak ediblər.
AZƏRTAC |