Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Şeir bir ürəyi isidə bilməz, şairin ürəyi köz-köz olmasa

 

Böyütmək üçün seçinBayırda  yağışlı, küləkli, soyuq noyabr  günüdür. Qəzli kənd tam orta məktəbinin akt zalına toplaşan müəllim və şagirdlərə  bu darıxdırıcı hava heç təsir etmir. Onlar bütün həyatını  yana-yana yaşamış bir şəxsiyyətin, odlu misraları ilə qəlblərə hərarət gətirən bir söz ustasının - xalq şairi  Bəxtiyar Vahabzadənin  sözünün işığında isinirdilər.

Divarlarda şairin dillər  əzbəri olan  şeirlərindən misraların  və tanınmış şəxsiyyətlərin B.Vahabzadə haqqındakı fikirlərinin əks olunduğu plakatlar asılmışdı. Öncə videolent vasitəsilə şairin səsi zala yayıldı. Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zəka Cabbarov  yığıncağı açıq elan etdi. O, tədbirin əhəmiyyətindən,  şairin ədəbiyyatımızın və ədəbi dilimizin inkişafındakı rolundan söz açdı, qazax xalqının tanınmış şairi Oljas Süleymenovun  B.Vahabzadə haqqında söylədiyi fikri xatırlatdı: “Bəxtiyar Vahabzadə kimi şairi, ziyalısı, müəllimi, nəhayət, şəxsiyyəti olan millət xoşbəxtdir”.

Sonra söz digər natiqlərə verildi. Hər kəs sevimli şair haqqında söz demək istəyirdi. Təşkilatçı müavin Süleyman Süleymanov, dil-ədəbiyyat muəllimləri Firəngiz Ağayeva, Tünzalə Mustafayeva və başqaları B.Vahabzadə yaradıcılığının müxtəlif istiqamətlərindən - şairliyindən, alimliyindən, pedaqoqluğundan, publisistikasından danışdılar.

Təqaüddə olan müəllim Dadaş Rüstəmov B.Vahabzadə yaradıcılığının pərəstişkarı və gözəl bilicisidir.  Onun şairin poeziyasından hərarətlə əzbərdən söylədiyi müxtəlif nümunələr zaldakıları ovsunlamışdı.

Söz şagirdlərə verildi. Onlar şairin çoxşaxəli yaradıcılığını əks etdirən vətən, ana dili, azadlıq, sevgi ruhlu şeirlərini həvəslə söylədilər. Şairin “Muğam”, “Gülüstan”, “Şəhidlər” və s. poemalarından parçalar səsləndirildi. Şagirdlərdən  Simarə Rəhimovanın, Vəzifə Mustafayevanın, Şəbnəm Bağırovanın, Xədicə Həsənlinin, Nəzrin Şirvanlının, Simarə Mustafalının, İlahə Məmmədlinin, Hikmət Abdullayevin və başqalarının çıxışları maraqla qarşılandı. Yuxarı sinif  şagirdlərinin ifasında “Özümüzü kəsən qılınc” pyesindən kiçik bir parça oynanıldı. Bəxtiyar Vahabzadə yaradıcılığına  həsr olunmuş yarışma tədbirə rəng qatdı. Sonda iştirakçılar videogörüntü vasitəsilə Türkiyə prezidenti R.T.Ərdoğanın ifasında B.Vahabzadənin “Azərbaycan, Türkiyə” şeirini dinlədilər. 

Firəngiz İSKƏNDƏRQIZI,
Sabirabad rayonu,
Babək Rəhimov adına Qəzli kənd tam orta məktəbinin
dil-ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov