Əmiraslan BƏŞİROV,
Yevlax şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi,
əməkdar müəllim
Pedaqoji mətbuatda məktəbin fəaliyyətinin
planlaşdırılması, təlim metodları, metodik iş və
təhsilin digər sahələrinin problemlərinə adətən müxtəlif
mövqelərdən yanaşılır, bununla əlaqədar irəli sürülən
təklif və tövsiyələr əsasən nəzəri xarakter daşıyır,
təklifin hüquqi və normativ bazası, praktikada tətbiqi
üsulları, geniş formatda layihəsi, xüsusilə “Ümumtəhsil
pilləsinin dövlət standartları və proqramları
(kurikulumları)” və digər normativ sənədlərə, aktlara
istinad edilmir. Nəticədə məktəb rəhbərlərində və fənn
müəllimlərində belə fikir formalaşır ki, “tələb, təklif
və tövsiyələri qəbul etsəm də olar, etməsəm də”. Nəhayət
ki, bu zərərli tendensiyanın aradan qaldırılması
nümunəsi ilə mətbuatda əhatəli, yaradıcı təklif və
tövsiyələrlə tanış olduq. Bu baxımdan Təhsil
Nazirliyinin şöbə müdiri, əməkdar müəllim Aydın
Əhmədovun “Azərbaycan müəllimi” qəzetində (17 oktyabr
2015-ci il) dərc olunan “Səmərəli planlaşdırma
nailiyyətlərin əsasıdır” başlıqlı dəyərli məqaləsi
diqqətəlayiq hadisədir. Bu məqalənin dəyərli cəhəti
onunla şərtlənir ki, o, keyfiyyətli idarəetmənin,
səmərəli planlaşdırmanın və metodik işin təşkilinin elmi,
nəzəri, praktik və təşkilati qaydalarını, icra
mexanizmlərini Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı
ilə təsdiq edilmiş “Ümumtəhsil pilləsinin dövlət
standartları və proqramları (kurikulumları)” və digər
normativ sənədlər, aktlarda ifadə olunan tələblərə uyğun,
əhatəli şəkildə ümumiləşdirə bilmişdir. Başqa sözlə
desək, müəllif nəzəri məsələlərin praktikada tətbiqi
üsullarını və imkanlarını təhsil ictimaiyyətinə təqdim
etmişdir.
Bu məqalədə idarəetmə və planlaşdırma işlərini tam bir
proses halında izləyə bilirik. Məqalədəki analizlərin,
irəli sürülən təklif və tövsiyələrin təhsil sistemində
mövcud pərakəndə işlərin aradan qaldırılmasında
əhəmiyyətli dəstək rolunu oynayacağı qənaətindəyik.
Yeni təhsil sisteminin qurulmasını əngəlləyən
cəhətlərdən biri odur ki, normativ sənədləri, aktları ,
layihələri, “Təlimat” və “Qaydalar”ı fəaliyyət planına,
əməli fəaliyyətə çevirə bilmirik. Nəticədə planlaşdırma
optimal xarakter daşımır. Formalizm həqiqi mahiyyəti
üstələyir. İdarəetmə və planlaşdırma sahəsində mövcud
olan ənənəvi və zərərli tendensiyaların artıq bir
prosesə çevrilməsini nəzərə alsaq, Aydın müəllimin
tövsiyələrinin bu prosesin dayandırılmasında əhəmiyyətli
rol oynayacağını xüsusilə qeyd etməliyəm. Bir şərtlə ki,
rayon (şəhər) təhsil şöbələri, məktəb rəhbərləri, fənn
müəllimləri, digər təhsil işçiləri məqalədə irəli
sürülən təklif və tövsiyələri fəaliyyətlərində nəzərə
alsınlar.
Müşahidələr göstərir ki, məktəblərdə planlaşdırma (indi
bu, məktəbin fəaliyyət planı adlanır) ya yoxdur, ya da
formal xarakter daşıyır. Bu, ilk növbədə məktəbdə
hesabatlılığın olmamasından irəli gəlir. Pedaqoji
kollektivdə və təhsil orqanları qarşısında hesabatlılıq
prinsipi gözlənilmirsə, deməli, idarəetmə və
planlaşdırmanın vəhdəti pozulur. Məktəb rəhbərliyinin
göstəriş və tövsiyələri planlaşdırma, planlaşdırmada
nəzərdə tutulan tədbirlər isə onun fəaliyyətinə uyğun
gəlmirsə, deməli, pərakəndəliyə yol verilmişdir. Bu
halda gözlənilən nəticələri əvvəlcədən müəyyənləşdirmək
mümkünsüz işə çevrilir. Səmərəli planlaşdırma təhsilin
məqsəd və vəzifələrinin normativ sənədlər və aktlar
əsasında həyata keçirilməsi üçün bir vasitədir.
Planlaşdırmanın mühüm tələblərindən biri funksional
rəhbərlikdir ki, bu tələbin pozulması da formalizmə və
pərakəndəliyə yol açır.
Planlaşdırmanın mühüm komponentlərindən biri sayılan
metodik xidmət və metodik təminatı məktəblərimizdə
“zəif bənd”lərdən biri kimi xarakterizə edən Aydın
müəllim öz qənaətində tamamilə haqlıdır. Metodik xidmət
və təminat müəllim üçün fəaliyyətin qidası,
innovasiyaların mənbəyidir. Metodik iş təhsildə
yaradıcılıq tələb edən sahələrdən biridir. Bu sahə həm
də qabiliyyət tələb edir. Metodik xidmət və metodik
təminat kağızbazlıqla əvəz olunan yerdə müəllim üçün
qida mənbəyi kəsilir və pərakəndə fəaliyyətə yol açılır.
Aydın müəllim məqaləsində məktəbdaxili vahid struktur və
təsisatların yaradılması ilə bağlı çox səmərəli təklif
və tövsiyələrini verir. Məktəb Metodik Şurasının
yaradılması təklifi buna əyani misaldır. Lakin bu
məsələdə polemika qaçılmazdır. İlk növbədə nəzərə almaq
lazımdır ki, Məktəb Metodik Şurası barədə əsasnamə
yoxdur.
Sovet dövründə məktəbdə metodik işin əsas təşkilat
forması və mərkəzi sayılan fənn metodbirləşməsi XX əsrin
50-ci illərindən indiyədək məktəblərimizdə bir miras
kimi qorunub saxlanılmaqdadır. Metodbirləşmə sədrinin
işi qovluğa kağız toplamaq, yoxlayanın işi kağızları
sayımaqdır. Fəal təlimin, innovativ müəllimin fəal və
çevik metodik dəstəyi olmalıdır. Ona görə də fənn
metodbirləşmələrinin Məktəb Metodik Şurasının
strukturunda saxlanılması məqbul deyildir. Zənnimcə, bu
metodik təsisat məktəb metodik aparatından birdəfəlik
yox edilməlidir. İnteqrasiya prosesləri, dövlət
standartları və proqramları (kurikulumları), Dövlət
Strategiyası sənədi yeni, daha çevik metodik təsisat və
strukturlarının, mexanizmlərin yaradılmasını tələb edir.
Ənənəvi təlimdə metodikanın müəllim qarşısında qoyduğu
tələb belə idi: “O, nəyi tədris edir?”. Yəni “biliyi
şagirdə çatdırırmı?”. Fəal təlim isə meyarları əsas
götürür. Yəni, “müəllim şagirdi biliyə çatdırırmı?”.
Aydın müəllimin haqlı olaraq “zəif bənd” adlandırdığı
metodik xidmət və metodik təminatın əsas dəstəyi olan
fənn metodbirləşməsi müəllimlərimizə bir şey vermək
gücündə deyildir. Elə buna görə də Strategiyada qeyd
edildiyi kimi, “əksər müəllimlərin təlim metodları
qüsurludur”.
Məktəb fənn metodbirləşmə sədri ictimai işdir. Bu vəzifə
hansı müəllimə həvalə edilirsə onu “biyar” kimi qəbul
edir. Odur ki, rayon (şəhər) TŞ-də və məktəblərdə
monitorinq və ekspert qrupları (təhsil ekspertləri)
təsisatının yaradılması vaxtı çatmışdır. Təhsil
ekspertləri ictimai əsaslarla deyil, əməkhaqqına
əlavələr (sinif rəhbərləri kimi) nəzərdə tutulmaqla
seçilməlidir.
Məktəb Metodik Şurasında bu struktur dəyişikliyinin
aparılması, əminəm ki, sistemi fəallaşdırar və rəqabət
yaradar.
Bizcə, Məktəb Metodik Şurasının tərkibində bir bölmə
kimi nəzərdə tutulan 7 fənn monitorinq və ekspert qrupu
yaradılmalı, onlar təhsil ekspertləri adlandırılmalıdır.
Məktəb Metodik Şurasının strukturuna məktəb direktorunun
tədris işləri üzrə müavini, fənlər üzrə monitorinq və
ekspert qrupları (təhsil ekspertləri) daxil edilir.
Direktor müavini şuranın işinin təşkilinə və
fəaliyyətinə, monitorinq və ekspert qruplarının
hesabatlarının dərc olunmasına rəhbərlik və nəzarət
işini təşkil edir. Monitorinq və ekspert qrupları isə
dərs ilinin sonunda fənn müəllimlərinin reytinq
cədvəllərini hazırlayır və “Müəllim saytı”na
yerləşdirir. Qrafikə uyğun olaraq müəllimlərin dərsini
vahid meyarlar əsasında dinləyir, qiymətləndirir və
nəticələrini şuraya təqdim edir. Treninqlər təşkil edir.
BSQ aparır, siniflər üzrə təlim nəticələrinə dair
hesabatlar hazırlayır. Fənn olimpiadaları və digər bilik
yarışları keçirir, nəticələrini dərc edir və s.
Məktəb Metodik Şurası, fənn monitorinq və ekspert
qruplarının (təhsil ekspertləri) müvafiq əsasnaməsi
olmalıdır. Tövsiyə şəklində bu mühüm məsələlərin
yerlərdə icrası inandırıcı görünmür. Fənn
müəllimlərinin təlim prosesində tətbiq etdiyi metodların
müasir tələblərdən “geri qalma”sının səbəblərini təkcə
metodik xidmət və metodik təminatın, planlaşdırmanın
yarıtmaz olması ilə əlaqələndirmək düzgün olmazdı. Bu
çoxcəhətli və çoxşaxəli problemlərlə bağlıdır.
Pedoqoji təhsil verən ali məktəbi bitirmiş və orta
məktəbə göndərilən gənc müəllimdə ilk növbədə yüksək (ən
azı normal) ixtisas, peşə qabiliyyəti və mədəniyyəti,
pedaqogika, psixologiya və metodik hazırlığı, sinfi
(kollektivi) idarə edə bilmək bacarığı, təşkilatçılıq
qabiliyyəti, İKT-nin təlim prosesində tətbiqi, fəal
təlim metodlarından, interaktivlərdən istifadə etmək
səriştəsi olmalıdır. Son illər şahidi oluruq ki, gənc
müəllimlərin ixtisas səviyyəsi qənaətləndirici olsa da
peşə səviyyəsi aşağıdır. Peşə hazırlığına ali məktəbdə
başlanılmalı, orta məktəbdə davam etdirilməlidir. Belə
qənaətə gəlmək olur ki, gənc müəllimlər dərs deyə bilir,
amma sinfi idarə edə bilmirlər. Gənc müəllimlər
tədqiqatçılıq, layihələşdirmə bacarıqlarına da sahib
olmalıdırlar. Müasir təlimi bunlarsız təsəvvür etmək
çətindir.
“Geri qalma”nın 2-ci mərhələsi müəllimin orta
məktəbdəki fəaliyyəti, onun fəaliyyətinə rəhbərlik və
nəzarət işi ilə əlaqəlidir ki, bu, idarəetmə və
planlaşdırmanın vəhdət təşkil etməməsi, pərakəndəliyin
və formalizmin mövcudluğu ilə bağlıdır.
Fənn müəllimlərinin təlim prosesində tətbiq etdiyi təlim
metodlarının müasır tələblərdən “geri qalma”sının aradan
qaldırılması üçün fikrimcə, ilk növbədə aşağıdakı
tədbirlər həyata kecirilməlidir: Keyfiyyətli idarəetmə,
səmərəli planlaşdırma, məktəb rəhbərləri tərəfindən
məktəbin və müəllimlərin nailiyyət hədəflərinin düzgun
müəyyənləşdirilməsi, ixtisas və peşə səviyyəsinin
yüksəldilməsi ilə əlaqədar müəllimin özünütəhsilinin
təşkili, tədrisin keyfiyyəti və təlimin nəticələrinə
görə müəllimin cavabdehliyinin artırılması, məktəbdaxili
monitorinq və qiymətləndirmənin aparılması, məktəbdə
müəllimyönümlü proqramların hazırlanması, pilləli
(mərhələli) inkişafı tənzimləyən kateqoriyaların tətbiq
olunması, staja görə bərabər əməkhaqqının ləgv edilməsi,
məktəbdə rəqabət mühitinin formalasdırılması və bununla
əlaqədar müəllimlərin reytinq cədvəllərinin
hazırlanması, gənc müəllimlərlə davamlı iş sisteminin
qurulması, məktəblərdə metodik xidməti əhatə edən
innovativ mərkəzlərin yaradılması, interaktiv
siniflərin təşkili, təlim kursları, ixtisasartırma və
treninqlərin effektivliyinin artırılması, mərkəzlə
regionlar arasında təcrübə mübadiləsinin gücləndirilməsi
məqsədilə müəllimlərə dövlət hesabına yaradıcılıq
ezamiyyələrinin verilməsi, 45 dəqiqəlik dərsin
qiymətləndirilməsinin təhsil ekspertləri tərəfindən
vahid meyarlar əsasında aparılması və s.
Müşahidələr göstərir ki, müəllimlərin əksəriyyəti fənn
kurikulumlarını (bütövlükdə kurikulum islahatının) KSQ,
BSQ, test və tapşırıqlardan ibarət olması kimi başa
düşür ki, bu da gözlənilən nəticələrin əvvəlcədən
müəyyənləşdirilməsini əngəlləyir. İnteqrasiya bir
formadır, biz onu doldurmalıyıq.
Müasir təhsil əsasən 2 prinsip üzərində qurulmalıdır:
səriştəli mütəxəssiz hazırlığı, layiqlilik.
Bu iki prinsipin bir vəhdət halında reallaşdırılması
idarəetmədə problemləri azaldır. Həm də maddi kapitalın
insan kapitalına çevrilməsində əhəmiyyətli, bəlkə də
həlledici rol oynayır.
Məktəbin, bütün təhsil sisteminin vəzifəsi seçim yolu
səriştəli müəllim, müəllimin vəzifəsi isə müasir bilik
və bacarıqlara malik olan şagirdlər hazırlamaqdır.
Dövlət Strategiyasının mühüm tələblərindən biri olan
səriştəli müəllim hazırlığı yalnız rəqabət mühitində
formalaşa bilər. Müəllim hiss etməlidir ki, o, rəqabət
mühitində işləyir.
Təhsil sistemində rəqabəti formalaşdırmağın mümkün
variantlarından biri müəllimlərin reytinq cədvəllərinin
hazırlanması və “Müəllim saytı”na yerləşdirilməsi ola
bilər.
Reytinq cədvəlləri 3 pilləli (mərhələli ) olmalıdır.
1. Məktəb pilləsi. Onu məktəb monitorinq və ekspert
qrupu hazırlayır. Məktəb Metodik Şurası təsdiq edir.
Məktəbin “Müəllim saytı”na yerləşdirilir.
2. Rayon (şəhər) pilləsi. Onu rayon (şəhər ) TŞ-nin
ekspert qrupu hazırlayır. Rayon (şəhər) TŞ-nin “Müəllim
saytı”na yerləşdirilir.
3. Respublika pilləsi. Təhsil Nazirliyinin ekspert qrupu
hazırlayır. “Müəllim saytı”na yerləşdirilir. II və III
pillənin reytinq cədvəlinə vəzifə borcundan daha artıq
nailiyyətləri olan fənn müəllimlərinin adları daxil
edilir. Reytinq cədvəlləri hər bir dərs ilinin sonunda
yenilənir və “Müəllim saytı”na yerləşdirilir.
Reytinq cədvəlinə əsasən fənn müəllimlərinin nailiyyət
hədəflərini əks etdirən göstəricilər daxil edilməlidir.
Məsələn, müəllimin dərs dediyi siniflərdə BSQ-nin
nəticəsi, onun dinlənilmiş dərslərinin təhsil
ekspertləri tərəfindən qiymətləndirilməsi göstəriciləri,
elmi - praktik konfranslarda məruzəsi, şagirdlərinin
fənn olimpiadalarında və digər bilik yarışlarında
tutduğu yer, müəllimin respublika müsabiqələrində qalib
olması, dövlət təltifləri, ixtisasartırma tədbirlərində
iştirakı və sertifikatları, şagirdlərinin ali məktəblərə
yüksək göstəricilərlə daxil olması və s. Reytinq
cədvəlində müəllimin nailiyyət hədəfləri (göstəriciləri)
3 mərhələyə uyğun şəkildə (məktəb, rayon (şəhər) və
respublika) müvafiq ballarla qiymətləndirilir və tutduğu
yer müəyyənləşdirilir, “Müəllim saytı”na yerləşdirilir.
III pillənin reytinq cədvəlinə daxil edilən fənn
müəllimləri reytinqli müəllim adlandırlır.
45 dəqiqəlik dərsin qiymətləndirilməsi üçün vahid
meyarların hazırlanması mühüm əhəmiyyət kəsb edir. Bu
sahədə pərakəndəlik, formalizm halları mövcuddur.
Məktəblərdə təhsil ekspertləri və dərsin
qiymətləndirilməsi üçün vahid meyarlar yoxdur. Amma bu
sahədə ilkin baza, təcrübə artıq vardır. Azərbaycan
Respublikası Prezidentinin sərəncamına uyğun olaraq
Təhsil Nazirliyi hər il “Ən yaxşı müəllim” müsabiqəsi
keçirir. Müsabiqənin iştirakçısı olan fənn
müəllimlərinin Bakı məktəblərinin birində dərsi
dinlənilir. Təhsil Nazirliyinin ekspertləri həmin
dərsləri 10 meyar əsasında yerindəcə qiymətləndirir və
nəticələri elan edir. Bu, təqdirəlayiq haldır. Həmin
təcrübədən respublikanın bütün məktəblərində, rayon
(şəhər) TŞ-də istifadə olunmalıdır. Bunun üçün ilk
növbədə rayon (şəhər) TŞ-də və məktəblərdə təhsil
ekspert qrupları təşkil olunmalıdır.
Fikrimizcə, dərsin qiymətləndirilməsi üçün meyarlar
aşağıdakılar ola bilər:
1. Mövzu ilə bağlı maraqlı və orjinal formanın
seçilməsi. Gözlənilən nəticələrin əvvəlcədən
müəyyənləşdirilməsi səviyyəsi.
2. Dərsin təchizi. Əyaniliyin təmin olunması, İKT-dən
istifadə.
3. Mövzu ilə əlaqədar problemin (motivasiya) qoyulması
və şagirdlərin (qrupların) onun həllinə cəlb edilməsi.
Dərsdə şagirdlərin idrak fəallığının təmin edilməsi.
4. Şagirdlərdə (şagirdlərlə) həssas ünsiyyət və
əməkdaşlığın yaradılması (Müəllim bələdçi, şagirdlər
tədqiqatçı rolunda).
5. İnteraktivlərdən məqsədyönlü, mövzuya uyğun şəkildə
istifadə olunması.
6. Dərsin tərbiyəedici və inkişafetdirici xarakterdə
olması.
7. Mövzu ilə baglı şagirdlərə həyat bacarıqlarının
aşılanması.
8. Şagirdlərə fərdi və diferensial yanaşmanın təmin
olunması, onların müstəqilliyinə və təşəbbüskarlığına
şərait yaradılması.
9. Tədris olunan mövzunun dərs prosesində
mənimsədilməsi.
10. Mövzu ilə əlaqədar qiymətləndirmə meyarlarının
seçilməsi.
11. Ev tapşırığı (layihə). İcra vəziyyətinin
yoxlanılması.
12. Təlim vaxtının optimal bölüşdürülməsi.
Nəzərə almaq lazımdır ki, yalnız vahid meyarlar
əsasında dinlənilmiş və təhsil ekspertləri tərəfindən
yüksək bal (hər meyar “0”-dan 10 baladək
qiymətləndirilir) almış dərs nümunəsi “Müəllim sayti”na
yerləşdirilə bilər. “Müəllim saytı”nda dərs nümunəsinin
altında onu qiymətləndirmiş təhsil ekspertlərinin
kimliyi də öz əksini tapmalıdır. İşin bu forma və
məzmununa hələlik yerlərdə rast gəlmirik.
Ümid edirəm ki, Aydın Əhmədovun “Səmərəli planlaşdırma
nailiyyətlərin əsasıdır” başlıqlı dəyərli məqaləsi
ətrafında təhsil işçiləri müzakirələri davam
etdirəcəklər. Müzakirələrdə irəli sürülən təkliflərin
yeni normativ sənədlər və aktların hazırlanmasında
nəzərə alınacağına da şübhə etmirəm. Bu ümumi işimizin
yalnız xeyrinə olardı. |