Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

11 nömrəli İnteqrasiya təlimli internat məktəbi

 

 Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”

Böyütmək üçün seçinMəktəb əqli cəhətdən geri qalan oliqofren uşaqlar üçün yaradılmış 11  nömrəli yardımçı internat-məktəbi adı altında 1961-ci ilin sentyabr ayından fəaliyyətə başlamışdır. Uzun illər “Sağlamlıq imkanları məhdud” uşaqlar üçün   həm təhsil ocağı, həm də yaşayış yeri olan internat məktəbində şagirdlər əsas təhsil bazasında təhsil almaqla yanaşı, müxtəlif peşələrə də yiyələnmişlər. Fiziki və loqopedik qüsurlarının aradan qaldırılması üçün bu şagirdlərlə  ixtisaslı defektoloq və loqopedlər məşğul olmuşdur. İnternat məktəbin məzunları  Sovet dövründə   peşə məktəblərinə yönəldilmiş,  onlar müxtəlif   peşələrə yiyələnməklə istehsalat qabaqcıllarına çevrilmiş və öz gələcəklərini təmin etmişlər. 2014-cü ilin fevral ayında internat məktəbin adı Nazirlər Kabinetinin müvafiq fərmanı ilə dəyişdirilərək “11 nömrəli İnteqrasiya təlimli internat  məktəbi” adlanmışdır. Məktəb daim dövlətin diqqət mərkəzində olmuşdur. 1997-ci ildə ulu öndər Heydər Əliyevin təhsil ocağına gəlişi məktəbə xüsusi diqqətin artırılmasına təkan vermişdir. Bundan başqa təhsil müəssisəsinə ölkə Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva gələrək internat məktəbində yaradılan şəraitlə tanış olmuş,  xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşmüş, onlara diqqət və qayğının artırılması üçün tövsiyələr vermişdir.  

Maddi-texniki baza

Böyütmək üçün seçin Məktəbdə iki tədris korpusu fəaliyyət göstərir. Sinif otaqları istilik sistemi və kondisionerlərlə təchiz olunub. Bundan başqa, tədris ocağında üçmərtəbəli yataq  korpusu, camaşırxana, hamam və ocaqxana da mövcuddur. Hazırda məktəbdə yenidənqurma və əsaslı təmir işləri gedir. İnternat məktəbində aparılan təmir-tikinti zamanı tədris korpusuna əlavə olaraq sahəsi 1000 m2 olan mansardlar artırılıb. Bu mansardlar qüsurlu uşaqlarda matorikanı inkişaf etdirmək məqsədilə inşa edilir və interyer əqli cəhətdən qüsurlu uşaqların rahat şəraitdə yaradıcılıq işləri ilə məşğul olması, lazım gəldikdə istirahət etməsi üçün nəzərdə tutulub. İnternat məktəbin bir böyük yeməkxanası  var və burada bir dəfəyə 250 şagird yemək yeyə bilir. Məktəbin üçmərtəbəli yataq korpusu var ki, onun da birinci mərtəbəsində yerləşən “GQM”-ində  on qrupda 111 uşaq məşğələlərini keçir və təlim-tərbiyə olunurlar. Bu uşaqlar gün ərzində üç dəfə isti yeməklə və bir dəfə qəlyanaltı ilə təmin olunurlar.

 Tədrisin təşkili 

Məktəbdə 33 ümumi təhsil sinfində 732, 18 xüsusi  sinifdə isə 157 şagird yardımçı proqramla təhsil alır. İnternat məktəbdə tədris birnövbəlidir. Birinci növbədən sonra tərbiyəçilik saatları keçirilir. Ümumi təhsil siniflərində şagirdlər istirahət edir, qidalanır, dərslərini hazırlayır və günün sonunda valideynlərinə təhvil verilir. Xüsusi təhsil alan şagirdlər isə tərbiyəçilik saatlarında hərtərəfli qayğı ilə əhatə olunur. Onların istirahəti, şəxsi gigiyenası, geyimlərinin dəyişdirilməsi, müalicə olunması, loqopedik və müalicəvi gimnastika məşğələləri xüsusi mütəxəssislərlə tərbiyəçilərin nəzarəti altında həyata keçirilir. Şam yeməyindən sonra şagirdlərin bir qismi valideynlərin xüsusi razılığı əsasında evə buraxılır, qalan şagirdlər isə gecə tərbiyəçilərinə və dayələrə təhvil verilir.

Böyütmək üçün seçinŞagirdlərin təlim və tərbiyəsi ilə 116 müəllim və tərbiyəçi məşğul olur. İnternat məktəbin nəzdində 2009-2010-cu tədris ilində  aztəminatlı ailələrin övladlarının internat məktəblərə düşmə riskini azaltmaq və  işləyən valideynlərə kömək məqsədi ilə 3-6 yaşlı uşaqlar üçün Günərzi Qayğı Mərkəzi də açılmışdır. Hazırda burada 111 uşaq təlim-tərbiyə olunur. Hər il hazırlıq qruplarından 30-40 uşaq internat məktəbin birinci sinfinə qəbul olunur, təhsillərini davam etdirirlər.

İnternat məktəbində şagirdlərin müxtəlif peşələrə yiyələnməsi üçün xüsusi dərnəklər təşkil  edilir. Məktəbin texnologiya müəllimləri böyük səylə şagirdlərə taxta üzərində oyma, tikmə, rəsm əsərləri üzərində muncuqlarla naxış salmaq, təkəldüz kimi unudulmuş qədim  xalq sənətlərinin sirlərini öyrədirlər. Şagirdlərin xalçaçılıq sənətinə yiyələnməsində isə xalça ustası Məryəm müəllimin xüsusi zəhməti vardır.

Uşaqların daha çox rəsm çəkməyə maraqlı olduqlarını nəzərə alaraq Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin tələbələri Nilufər Seyid Əlixani, Fidan Seyid Əlixani, Aygün Xanəliyeva, Samirə Əmirzadə könüllü olaraq həftədə 3 dəfə məktəbə gələrək şagirdlərə rəsm çəkməyin sirlərini, rənglər dünyasının ahəngini öyrədirlər. Bu tələbələrin internat məktəbdə “Art Studio”nun, dulusçuluq emalatxanasının yaradılmasında böyük əməkləri var. Bütün bunlar qüsurlu uşaqların cəmiyyətə inteqrasiya  olunmasına, həyata, yaşamağa, yaradıcılığa, əməyə sevgisinə ruh verir. Yeni-yeni istedadlı uşaqlar aşkara çıxarır. Bədii qəhrəmanları özlərində səhnələşdirən, rənglər dünyasının dərinliklərindən tapdığı xırda bir kəşflə böyük sevinc yaşayan bu uşaqların başqa bacarıqları üzə çıxır. İnternat məktəbdə də tez-tez ədəbi-bədii gecələr təşkil olunur.Şeir yazmaq bacarığı olan uşaqlar arasında müsabiqələr keçirilir. Bu müsabiqələr şagirdlərdə poeziyaya, ədəbiyyata, bədii qiraətə olan marağı daha da artırır.

Böyütmək üçün seçinMəktəbdə musiqiyə də böyük önəm verilir. Bu ilin sentyabr ayından internat məktəbdə muğam sinfinin yaradılması üçün Milli Konservatoriyanın rektoru Siyavuş Kərimiyə müraciət olundu. Siyavuş Kərimi muğam sinfinin yaradılmasında, istedadı olan şagirdlərin aşkara çıxarılmasında, muğamın sirlərinin uşaqlara öyrədilməsində internat məktəbə köməklik göstərir. Milli Konservatoriyanın tələbələri vaxtaşırı internat məktəbə gəlir, burada uşaqlara muğamın sirlərini öyrədirlər. Bundan başqa, məktəbdə hazırda xüsusi xor kapellası da fəaliyyət göstərir.  

Nailiyyətlər 

İnternat məktəbdə sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı, 2003-cü ildən “Aztəminatlı ailələrin övladları üçün” ümumi təhsil sinifləri də açılmışdır. Bu siniflərdə təhsil alan şagirdlər mütəmadi olaraq TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak edirək müəyyən nailiyyətlər əldə edirlər. Təkcə  2012-2013-cü tədris ilində internat məktəbin tam təhsilini başa vuran 10 şagirdindən 3-ü, Elxan Seyidov Aviasiya Akademiyasına, Oktay Xudaverdiyev və Hacı Hüseynov isə İqtisad Universitetinə daxil olub. Bundan başqa, 2013-2014-cü tədris ilində buraxılan 10  məzunundan 5 nəfəri, 2014-2015-ci tədris ilində isə 6 məzundan 5-i ali və orta ixtisas müəssisələrinə daxil olmuşdur.

Böyütmək üçün seçinİnternat məktəbin şagirdləri istər respublikamızda, istərsə də ölkəmizdən kənarda keçirilən müsabiqə və yarışlarda uğurla iştirak edirlər. Belə ki, şagirdlər dəfələrlə xarici ölkələrdə keçirilən “Sağlamlıq imkanları məhdud uşaqların idman yarışları”nda internat məktəbin adını şərəflə daşıyaraq vətənə sevinclə qayıdırlar. 2007-ci ildə ÇXR-nın Şanxay şəhərində keçirilən  “Ümumdünya  Xüsusi Yay Olimpia Oyunları”nda internatın  dörd şagirdi qələbə  qazanmışdır. Bundan başqa 2011-ci ildə Yunanıstanın paytaxtı Afinada keçirilən “Ümumdünya  Xüsusi Yay Olimpia Oyunları”nda tədris ocağının şagirdi Ləman Allahverdiyeva futbol üzrə qızlardan ibarət yığma komandanın tərkibində 2-ci yerə çıxmışdır. 2012-ci ildə İstanbulda keçirilən yüngül atletika üzrə yarışda iştirak edən məktəbin 4 şagirdi də yarışlardan uğurla qayıtmışdır. 2014-cü ilin sentyabr ayında isə Belçikada keçirilən “Avropa Xüsusi Yay Olimpia Oyunları”nda internatın şagirdi Vüsalə Bürçiyeva stolüstü tennisdən birinci yerə çıxaraq fəxri kürsünün ən yüksək pilləsinə çıxmışdır. Bununla yanaşı, 2015-ci ilin may ayında Kiprdə keçirilən  yüngül atletika üzrə yarışda iştirak edən şagirdlər  internata qızıl, gümüş  medallarla  dönmüşlər.

Təhsil müəssisəsinin şagirdləri yaradıcılıqla bağlı müsabiqələrdə də uğurla çıxış edirlər.  Ənənəvi olaraq hər il may ayında keçirilən “Gül Bayramı”nda şagirdlərin milli atributlarımızdan olan “Buta” və “Armudu stəkan” sxemi sərgilənən işlər arasında hər kəsin maraq və diqqətinə səbəb olub. Əl işlərindən ibarət müsabiqədə internat məktəbi Bakı şəhəri üzrə birinci yerə layiq görülüb. Məktəbin IX sinif şagirdi Əlimuxtar Əliyev Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 500 (beş yüz) manat  pul mükafatı və fəxri fərmanla təltif olunub. Yeni tədris ilində də məktəb ilk uğurunu əldə edib. Belə ki, 23 sentyabr 2015-ci ildə internatın şagirdi Elnarə Rəhimova şagirdlərin əl işlərindən ibarət müsabiqədə birinci, Əlimuxtar Əliyev isə ikinci yerə layiq görülüb.

Böyütmək üçün seçin2014-cü ildən internat məktəbə rəhbərlik edən Gülnarə Abdullayevanın gərgin əməyi nəticəsində təhsil ocağının uğurları günbəgün artmaqdadır. Sağlamlıq imkanları məhdud olan uşaqlara xüsusi qayğı ilə yanaşan G.Abdullayevanın səyi nəticəsində uşaqların hər biri dispanserizasiyadan keçmiş, eyni zamanda internat məktəbdə təhsil alıb yaşayan və Günərzi Qayğı Mərkəzində təlim-tərbiyə olunan uşaqların hər birinə şəxsiyyət vəsiqələri hazırlanmışdı. Bundan başqa, internatın tarixində ilk dəfə-1 noyabr 2015-ci ildə 18 yaşı tamam olmuş 9 nəfər şagird “MƏNİM İLK SƏSİM” devizi altında öz səsvermə hüquqlarından istifadə edərək seçicilər sırasına qoşulmuşdur.

İnternat məktəbin bacarıqlı, öz işinin öhdəsindən gələn pedaqoji kollektivi var. Onlar daim  öz üzərlərində çalışır, bilik və bacarıqlarını şagirdlərinə aşılayırlar. Belə ki, hər bir müəllim yeni fənn kurikulumları ilə ixtisasartırmadan və sağlamlıq imkanları məhdud uşaqlarla işləmək üçün defektologiya kursundan uğurla keçib. Müəllimlər bir çox müsabiqələrdə iştirak edərək qalib olmuşdur. Müəllimlərdən Məryəm Rzayeva, Mədəd Hüseynov, Tutuxanım Sadıqova, Arzu Əliyeva, Aynurə Bayramovanın qabaqcıl təcrübələri yayılmışdır. Bundan başqa, məktəbin müəllimləri mütəmadi olaraq “açıq dərs”lər təşkil edirlər. Tutuxanım Sadıqovanın biologiya fənnindən, Xumar Məmmədovanın isə hüquq və konstitusiya ilə bağlı verdiyi “açıq dərs”ləri nümunə göstərmək olar. 

Tədbirlərə xüsusi önəm verilir  

İnternat məktəbdə tədbirlər planına uyğun olaraq əlamətdar və xüsusi günlər təntənəli şəkildə qeyd edilir. “Ölkəmizi tanıyaq” devizi altında tez-tez bölgələrə ekskursiya edilir. Bundan başqa, şagirdləri müxtəlif teatr tamaşalarına, konsertlərə, sərgilərə aparmaqla onların bir şəxsiyyət kimi formalaşmasına zəmin yaradılır. Onların dünyagörüşlərinin, cəmiyyətə inteqrasiya olunmalarının, bilik və savadlarının inkişafi və formalaşması üçün bu cür işlərin həyata keçirilməsi çox mühüm rol oynayır.

Məktəbdə şagirdlərə xüsusi qayğı göstərilir. Onları sevindirmək, üzlərində təbəssüm yaratmaq pedaqoji kollektivin əsas prinsiplərindən biridir. Buna misal olaraq internat məktəbdə ənənəvi olaraq hər ayın sonuncu bazar günü həmin ay ərzində anadan olan  uşaqların  ad günlərinin təntənəli surətdə qeyd olunmasını göstərmək olar. Bundan başqa, məktəbin tarixində ilk dəfə olaraq təhsilini başa vuran və internatda yaşayan uşaqlar üçün “Məzun” albomunun hazırlanmasını da göstərmək olar ki, bu kimi hallar onlara xüsusi sevinc hissi bəxş edir.

Məktəb həmçinin maraqlı layihələrin də ideya müəllifidir. Belə ki, 2015-ci il iyun ayının 4-də “Jumeirah Bilgah Beach Hotel”in “Bilgəh” zalında “Bizim Böyük Ailəmiz” adlı xeyriyyə satış-sərgi keçirildi. Sərgidə şagirdlərin təkəldüz, muncuqla iş, xalçaçılıq, taxta üzərində oyma, qabilen, təbii gül ləçəkləri, atlas lentlər və s. ibarət əl işləri sərgiləndi. Satış-sərgidən əldə olunan 5000 (beş min) AZN məktəb tərəfindən Nabranda istirahətlərinin təşkilinə kömək məqsədilə əmək və müharibə veteranları üçün pansionatın daimi sakinlərinə bağışlanıldı. Məktəb “Bayraq Günü” münasibətilə “Hər evə bir bayraq” adlı aksiya keçirdi. Aksiyaya Bilgəh qəsəbəsindəki Böyük Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidənin qarşısından start verildi. Həmin gün Böyük Vətən müharibəsi şəhidlərinin xatirəsinə  ucaldılmış abidənin yanında bayraq üçün nəzərdə tutulmuş  hündürlüyü səkkiz metr olan  dəmir dirəyi internatın yuxarı sinif şagirdləri Elvin İsayev, Teyyub Yanqlıçev, Yusif Mehdiyev, Rəşid Səfərov, Nurlan Babayev, Namiq Rzayev əmək müəllimi Feyzulla Seyidovla birlikdə betonla yerə bərkitdilər. Eyni zamanda 500 ədəd müxtəlif ölçülü bayraqlara uşaqların öz əlləri ilə hazırlanmış taxta tutqaclar bərkidildi. Noyabr ayının 9-u  səhər saat 10:00-da  internat məktəbdə yaşayan və təhsil alan xüsusi qayğıya ehtiyacı olan şagirdlərimizdən əllərində bayraq tutmuş 70 nəfər, 10 nəfər tərbiyəçi və 5 nəfər texniki işçisi ilə birlikdə Bilgəh qəsəbəsinin mərkəzi küçəsində yol boyunca bütün darvazalara və dirəklərə həmin bayraqları asdı. 

Məktəb Parlamenti 

2015-2016-cı tədris ilinin əvvəlində -  sentyabr ayında internat məktəbdə “Məktəbdaxili Parlament” yaradıldı. Ümumtəhsil və xüsusi siniflərdən seçilmiş fəal şagirdlər arasında özünüidarəetmə qrupları və uşaq müdafiə komissiyaları təşkil olundu. Hər bir nümayəndə öz sinfinin problemləri, həyata keçirdiyi tədbirlər, şagirdlərin arzu və təkliflərini çatdırır, bu məsələlərin həll olunması və ümumilikdə məktəbdə həyata keçiriləcək qarşıda duran tədbirlər üçün məktəb rəhbərliyi ilə birlikdə planlar hazırlanıb həyata keçirilir.  

Dövlət qayğısı 

İnternat məktəblərini bitirən məzunların sonrakı taleyi hər zaman dövlət başçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir. İnternat məktəbinin məzunları üçün “Məzun Evi” tikdirilib yeni sakinlərinə - kimsəsiz və valideyn  himayəsindən məhrum olmuş məzunlara təqdim olunur.  2015-ci ilin noyabr ayında 11 nömrəli İnteqrasiya təlimli internat məktəbin 15 nəfər şagirdi də evlə təmin olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov