Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Xarici mətbuatdan

 

Rusiya müəllimləri yeni standartlarla işləyəcək 

Layihənin icrası 2017-ci ildən başlayacaq   

Rusiya müəllimləri 2017-ci ildən  başlayaraq  yeni standartlarla işləyəcək.  “Uçitelskaya qazeta”nın məlumatına əsasən, yeni standartlara əsasən müəllimlər ali təhsilli, xüsusi şagirdlərlə  işləmək bacarığına,  hər bir şagirdə fərdi yanaşma vərdişlərinə  malik olmalı, onlarla fərdi  tərbiyə  işi  aparmalı,  eləcə də valideynləri əməkdaşlığa cəlb etməli və öz karyeralarını inkişaf etdirməlidirlər.  Pedaqoqların əməkhaqları  isə  bu tələblərin  yerinə yetirilməsindən asılı olaraq dəyişəcək.  Hazırda müəllimlərin peşə standartını müəyyənləşdirən sənəd sınaqdan keçirilir. Yeni standartların tətbiqinə 2017-ci ildən başlanılması gözlənilir.   Rusiyanın təhsil və elm naziri Dmitri Livanovun sözlərinə görə, müəllimlərin fəaliyyətinin  qiymətləndirilməsi üçün  əsas kriteriya  vahid dövlət imtahanlarının nəticələri deyil,  şagirdlərinin  şəxsi nailiyyətləri və dinamikasıdır.  Müəllimlərin ixtisas dərəcələri  onların   pedaqoji ali məktəblərdə aldıqları  biliklərdən asılıdır. Nazir qeyd edib ki, tezliklə  müəllim hazırlığı sisteminin dəyişdirilməsi ilə bağlı növbəti layihənin icrasına başlanılacaq,  2-ci layihə isə orta peşə təhsil sisteminin işçiləri  ilə bağlı olacaq.


Rusiya universitetlərinin filiallarının fəaliyyətinə dəstək 

Prezident V.Putin açıqlama verib 

Rusiya universitetlərinin  MDB-nin digər ölkələrində fəaliyyət göstərən filiallarının  işi gücləndiriləcək.  “Uçitelskaya qazeta”nın məlumatına görə, bu barədə RF prezidenti Vladimir Putin xaricdə yaşayan həmvətənlərin V Konqresində çıxışında bildirib. Onun sözlərinə görə, Rusiya bundan sonra da öz ali məktəblərinin digər ölkələrdəki filiallarının möhkəmlənməsinə kömək edəcək.  “Əlbəttə ki, biz təhsil müəssisələrimizin  başqa ölkələrdəki,  xüsusən də MDB məkanındakı  filiallarının möhkəmlənməsinə kömək edəcəyik. Bizim ali məktəblərin digər ölkələrdə kifayət qədər filialları  fəaliyyət göstərir, biz  bu işi davam etdirəcəyik”, - deyə V.Putin deyib.

 Xatırladaq ki,  Azərbaycanda Rusiyanın iki ali məktəbinin -  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin  və İ.Seçenov adına Birinci Moskva Tibb İnstitutunun Bakı  filialları fəaliyyət göstərir.


Məktəblilər ekran qarşısında neçə saat vaxt keçirir? 

Şagirdlər arasında keçirilmiş tədqiqatın nəticələri açıqlanıb 

Amerikada  şagirdlər arasında keçirilmiş yeni tədqiqatın nəticələri açıqlanıb.   “Common Sense Media”  təşkilatı 8-12, 12-18  yaşlı  məktəbli uşaqlar arasında  rəqəmsal medianın istifadəsinə həsr olunmuş hesabatını açıqlayıb. Müəyyən edilib ki,  aşağı sinif şagirdləri  gündə 6 saat ekran qarşısında vaxt keçirirlər.  Yuxarı siniflərdə oxuyanlar  üçün isə bu rəqəm  gündə 9 saat təşkil edir. Hesablama aparılarkən məktəbdə kompüter arxasında keçən və ya ev tapşırıqlarına sərf olunan vaxt nəzərə alınmayıb.    Sorğu iştirakçılarının təxminən yarısı etiraf ediblər  ki,  uşaqlar ev tapşırıqlarının hazırlanması zamanı bu və ya digər media vasitələrindən (sosial şəbəkələrdə oturur, televizora baxır, musiqiyə qulaq asırlar) istifadə edirlər.  Şagirdlərin əksəriyyəti hesab edirlər ki, bu, işin keyfiyyətinə ziyan vurmur. Ekspertlərə görə, I-V siniflərdə uşaqların  kompüterdən faziləsiz  istifadəsi 15,  V-VII siniflərdə 20, VIII-IX siniflərdə 25, X-XI siniflərdə isə 30 dəqiqədən artıq olmamalıdır.   Tədqiqatın nəticələrinə görə təşkilat infoqrafika  hazırlayıb.  Qrafikə görə, uşaqlar arasında məşğuliyyətin ən populyar növləri bunlardır: sosial şəbəkələrdə ünsiyyət, musiqi dinləmə, oxu, televiziya verilişlərinə baxış, mobil oyunlar. Bu zaman qızlar sosial şəbəkələrdə daha çox vaxt keçirirlər, oğlanlar isə videooyunlara daha maraq göstərirlər.  Tədqiqatçılar qeyd edirlər ki, media ilə qarşılıqlı  əlaqə yeniyetmələr üçün yaradıcılıqdan çox istehlak  xarakteri daşıyır.


İKT mütəxəssisləri nə qədər əməkhaqqı alır?    

Amerikada sorğu aparılıb 

Amerikanın “Campus Technology” şirkəti   ölkənin universitet və kolleclərinin yüzlərlə əməkdaşı arasında sorğu aparıb.   Sorğunun nəticələrinə əsasən, respondentlərin orta əməkhaqqı  ildə   75,621 dollar təşkil edib. Bu rəqəm dövlət və özəl sektorda çalışan  mütəxəssislər üçün fərqlidir.

Ən böyük əməkhaqqını  informasiya texnologiyaları üzrə direktor vəzifəsini tutan şəxslər alır.  Onların əməkhaqqı ildə 100,000 dollardan artıq ola bilər.  Ən az əməkhaqqı texniki dəstək (ildə təxminən 50 min) sahəsində çalışan mütəxəssislər alır.  

Araşdırma zamanı məlum olub ki,  kommersiya təşkilatlarının əməkdaşları əməkhaqqı  məsələsində daha nikbindirlər. Onların 16 faizi hesab edir ki,  yaxın gələcəkdə  İKT bazarını, eləcə də onların özlərini  böyük imkanlar gözləyir. Sorğuda təxminən 600 respondent iştirak edib.

 Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov