Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

“Böyük Britaniyada müəllimlərin imtahan seçimi sərbəstdir”

 

Kembric Universitetinin  tələbəsi Murad İsmayılovla söhbət  

Oruc MUSTAFAYEV,  
“Azərbaycan müəllimi”

o.mustafayev@muallim.edu.az
 

Murad İsmayılov  1982-ci ildə Sumqayıtda anadan olub.  1998-ci  ildə Sumqayıtdakı 11 nömrəli tam orta məktəbi əla qiymətlərlə  başa vurub.  1998-2004-cü  illərdə  Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə əvvəlcə bakalavr  və  daha sonra magistr təhsili alıb. Hər iki təhsil  pilləsini əla qiymətlərlə  başa vurub. 2007-2009-cu  illərdə eyni ixtisas üzrə Böyük  Britaniyanın  Kembric Universitetində təhsilini magistr pilləsində davam etdirib. Eyni zamanda   Rumıniyanın NATO Araşdırmalar Mərkəzi,  Siyasi Elmlər və Dövlət İdarəçilik Milli İnstitut tərəfindən təşkil olunmuş dörd aylıq NATO Ali İcraçı Proqramının (fevral-may, 2005) məzunudur.   2006-2009-cu illərdə SOROS-un “Returning Scholar Fellowship” təqaüd proqramı çərçivəsində Bakı Dövlət Universitetinin  beynəlxalq münasibətlər fakültəsində müəllim, 2008-2014-cü  illərdə “ADA”  Universitetində tədqiqat proqramları üzrə koordinator,   direktor və daha sonra elmi işçi qismində çalışıb.  2008, 2012 və 2015-ci illərdə Birləşmiş Krallığın Qlazqo Universitetində, ABŞ-ın Miçiqan Dövlət Universitetində  və Finlandiyanın Aleksanteri  İnstitutunda elmi işçi kimi  tədqiqat layihələri üzərində çalışıb. O, bir sıra kitab və məqalələrin (ingilis və rus dillərində) müəllifidir. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində  Böyük  Britaniyanın  Kembric Universitetində  sosial-siyasi elmlər ixtisası üzrə doktorantura təhsili alır.  Beləliklə də M.İsmayılovla söhbətimizə  orta məktəb illərindən başladıq. 

“Orta məktəbdə fənləri bir-birindən ayırmırdım”

 Orta məktəbdə ən çox sevdiyim fənlərdən rus dili və ədəbiyyat, fizika, riyaziyyat və biologiyanı qeyd edə bilərəm. Ümumən isə fənləri bir- birindən ayırmırdım və hamısına eyni dərəcədə diqqət ayırmağa çalışırdım.  Bəlkə ona görə də  məktəbi əla qiymətlərlə bitirdim.  İlk təhsilimi yüksək göstəricilərlə bitirməyimdə  mənə uşaqlıqdan oxumaq sahəsində intizamı  öyrədən anamın rolu çox böyük olub. Ümumiyyətlə,  məktəb illəri zamanı, xüsusən də aşağı siniflərdə, uşağın akademik uğurlarında valideynlərin rolu böyük olur.  Eyni zamanda, onu da qeyd edim ki, məktəbdə müəllimin şagirdə öz fənnini sevdirməkdə rolunun nə qədər böyük olduğunu öz üzərimdə hiss etdim.  Xoşbəxtlikdən məktəbdə mənə dərs deyən müəllimlərin əksəriyyəti savadlı və çox gözəl insani keyfiyyətlərə malik peşəkarlar olub.  Xüsusilə də, mənə ibtidai siniflərdə dərs deyən Valentina Pavlovna, fizika fənni üzrə dərs deyən Afət Qumbatovna, rus dili və ədəbiyyat fənləri üzrə dərs deyən Valentina Andreyevna, sonra Yevdokiya Aleksandrova  və daha sonra Olqa Badalovna  və riyaziyyat fənnini mənə tədris etmiş olan və artıq dünyasını dəyişmiş  (Allah rəhmət etsin) Yuri Petroviçi qeyd etmək istərdim. Bu müəllimlərin hamısı peşəkar və öz fənnini həddindən artıq çox sevən və şagirdə sevdirə bilən insanlar idi.  

“Maraq göstərdiyim ixtisas çox idi”

 İxtisas seçimimə gəldikdə deməliyəm ki, sözün düzü, həm məktəb illərində, həm də məktəbi bitirəndən sonra maraq göstərdiyim ixtisas çox idi. Xüsusilə də həkimliyə, dinə, hüquqa, ədəbiyyat və dilə, yazıçılığa, siyasətə və qədim dünya tarixinə marağım böyük idi. Sadəcə müasir təhsil sistemi dünya üzrə elə qurulub ki, insan bir dar ixtisası seçib həyatını ona həsr etməli olur. Bu cür situasiya ilə  razı olmasam da  vəziyyət elə alındı ki, orta məktəbi bitirdikdə  mən məhz sosial və siyasi elmlər üzrə ixtisaslaşmağa qərar verdim, halbuki anam həmişə mənim həkim olmağımı istəyirdi. 

Azərbaycanda ali təhsilimi bitirdikdən bir az sonra anladım ki,  mən həyatımı elmə həsr etmək istəyirəm və bu istiqamətdə özümdə müəyyən  boşluqlar  olduğunu və onları yeni biliklərlə doldurmağa  ehtiyac  yarandığını  hiss edirdim.   Buna görə də  həmişə daxilən narahat idim.  Bu baxımdan, xaricdə təhsil özümdə hiss etdiyim intellektual və mənəvi potensialı tam olaraq ortaya çıxarmaq istəyimin gerçəkləşməsi üçün mühüm bir addım idi. 

Bu yola başlayıb davam etməyimdə mənə daxili güc verən valideynlərimin rolu danılmazdır.  Hər zaman  mənə dayaq olan atam bu dəfə də mənim qərarımı dəstəklədi və bu illər ərzində mənə böyük dəstək  oldu. Anamın mənəvi dəstəyi və daxili dünyamı mükəmməl başa düşməsi də çətin vəziyyətlərdə seçdiyim  yolu  davam etməkdə mənim üçün mühüm stimullaşdırıcı bir faktor idi.  Bir neçə dostumun da bu yolda mənə dəstəyi böyük oldu.       

“SABAH qruplarının yaradılmasını  çox müsbət qarşılayıram” 

Ölkəmizin təhsil sistemində baş verən yeniliklərdən danışanda, ilk növbədə, hazırda təhsilimizdə  aparılan islahatları, o cümlədən ali məktəblərimizdə  SABAH qruplarının yaradılmasını çox müsbət qarşılayıram. Ümumiyyətlə, Azərbaycanın gəncləri çox yüksək intellektual potensiala malikdirlər, bir balaca təkanla böyük nailiyyətlərə imza atmağa qadirdirlər.  Bu baxımdan, dövlətimizin təhsil sahəsində həyata keçirdiyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın rolu  danılmazdır və  proqramın təkmilləşdirilməsi istiqamətində son iki il ərzində atılan addımlar da təqdirəlayiqdir. 

“Mütaliəyə daim daxili ehtiyac duyuram” 

Boş vaxtım çox olmasa da onu aktiv şəkildə keçirməyə çalışıram. Bu illər ərzində bir neçə tematik qrupa üzv olmuşam ki, onlar ilə müntəzəm olaraq müəyyən mövzu və ya mətni müzakirə etmək üçün yığışırıq. Universitet çərçivəsində də daim müxtəlif mövzularda konfrans və seminarlar keçirilir, onların arasında mənim üçün xüsusi maraq kəsb edən tədbirlərə  qatılmağa çalışıram.  Eyni zamanda həftənin ən azı bir gününü - adətən cümə axşamı dostlarımla keçirirəm.  İmkan daxilində, asudə vaxtımda dostlarımla tennis və ya “pinq- ponq” da oynayırıq.  Tələbələrin iştirakı ilə təşkil olunan bir sıra ictimai tədbirlərdə iştirak edirəm.  Mütaliəyə daim daxili ehtiyac duyuram və bir müddət mütaliəsiz qalanda darıxıram.

Kembric universitet şəhəridir  və  oxumaq  üçün  burada bütün şərait var.  Əcnəbi tələbələrin arasında mən əsasən keçmiş sovet məkanı (xüsusilə də Orta Asiya) və Yaxın Şərqdən olan tələbələrlə sıx münasibət saxlayıram, amma digər millətlərdən (məsələn, italyan və ingilis) olan insanlarla da yaxın münasibətim var. Kembric tələbə şəhəri olduğuna görə  burada hər bir mədəniyyət və mənəviyyatın daşıyıcısı var və hər insan öz şəxsiyyətinə uyğun çərçivəsini qurub formalaşdıra bilir. 

Gənclərimizin dünyanın nüfuzlu ali məktəblərində təhsil almasının onların həyatda əsl peşəkar  kimi  yetişməsində mühüm rolu var.  İnsanın intellektual və mədəni tələbatını ödəyən iki əsas faktor mütaliə və səyahətdir (və səyahətin bir parçası olan yeni insanlarla ünsiyyət). Buna görə insan hər il ən azı bir dəfə imkan daxilində çalışmalıdır ki, öz kontekstindən çıxıb digər ölkəyə (və ya öz ölkəsi daxilində digər rayona) səyahət etsin ki, öz çevrəsini dəyişib yeni insanlarla rastlaşıb yeni ideyalarla tanış olsun. Bu baxımdan, xaricdə təhsil həm oxumaq, həm səyahəti özündə cəmləşdirərək insanın inkişafının müəyyən mərhələsində həmin tələbatını çox gözəl ödəmiş olur.

Elmi rəhbərimlə ilk dəfə görüşüb sağollaşandan sonra onun velosipedə minib getdiyini görəndə  nə qədər təəccüblənməyimi hər dəfə təbəssümlə xatırlayıram:

- Oxuduğum Kembric Universiteti dünyanın ən nüfuzlu, reytinqli  ali təhsil ocaqlarından biridir.  Təhsil aldığım siyasi elmlər, psixoloqiya, sosiologiya  və beynəlxalq münasibətlər fakültəsi kifayət qədər liberaldır və elmdə, bir çox digər (xüsusilə də ABŞ-da olan) universitetlərdən fərqli olaraq, kreativlik (yaradıcılıq) və müstəqil, tənqidi düşüncəni dəstəkləyir. Yuxarıda qeyd etdiyim kimi, maraq dairəm geniş olduğundan  mən ömürlük elmi səyahətimdə bu mərhələyə özüm üçün son deyil, başlanğıc kimi baxıram.  Kembric Universitetində hər gün müşahidə etdiyim  müəllim - tələbə münasibətlərinə gəlincə deməliyəm ki, sözün düzü, bu məsələdə çox şey həm müəllimdən, həm də tələbədən asılıdır.  Adətən tələbənin müəllimlə qeyri-rəsmi şəraitdə ünsiyyət qurması  üçün, xüsusən də konfrans və seminarlar zamanı xeyli imkanı mövcuddur. Müəllimlərin əksəriyyəti  öz  tələbələri ilə qeyri-rəsmi ünsiyyət qurmaq üçün onlarla nahar süfrəsi arxasında müntəzəm görüşlər də təşkil edir.  Bundan əlavə, istənilən zaman tələbə hər hansı bir müəllimlə razılaşdırılmış vaxtda görüşüb məsləhət ala bilir.  Ümumiyyətlə, müəllimlərin əksəriyyəti olduqca sadədir. Mən, məsələn, elmi rəhbərimlə ilk dəfə görüşüb sağollaşandan sonra onun velosipedə minib getdiyini görəndə  nə qədər təəccüblənməyimi hər dəfə təbəssümlə xatırlayıram.   

Universitetdə imtahan sessiyası və mühazirələrin  təşkilinə gəlincə, qeyd etməliyəm ki,  bu  məsələ  də  müəllimdən asılı olan məsələdir. Böyük Britaniyada müəllimlərin imtahan seçimi sərbəstdir. Amma Kembric və Oksfordun bakalavr təhsilinin bir fərqli cəhəti də ondan ibarətdir ki, mühazirədən əlavə sinif  bir neçə kiçik (1-4 nəfərdən ibarət) qruplara bölünür ki, həmin qruplar da ayda bir neçə dəfə xüsusilə onlar üçün təyin olunmus tyutor  ilə görüşüb mühazirədə əhatə olunmuş məsələləri daha dərindən müzakirə edirlər. Tyutorlar adətən doktorantura pilləsində oxuyan tələbələrdən təyin olunur.  Həmin sistem də tələbələrin tədris edilən mövzunu qavramalarında və özlərini sərbəst, çəkinmədən ifadə etmək bacarıqlarının inkişafında çox mühüm rol oynayır.  

Müsahibimiz elmi tədqiqatlarla yanaşı, Böyük Britaniyada fəal diaspora fəaliyyətlərində  də təmsil olunur:

- Biz Azərbaycana aid mədəni tədbirləri Kembric Universitetində fəaliyyət göstərən və hazırda sədrlik etdiyim Azərbaycan Cəmiyyəti çərçivəsində vaxtaşırı təşkil edirik. Eyni zamanda, 2014-cü ildə Azərbaycanla bağlı  elmi tədbirlər keçirmək, Azərbaycan və regiona marağı olan araşdırmaçı və alimləri bir araya toplamaq məqsədilə Azərbaycan Tədqiqat Qrupu yaratmışıq və açılış mərasimini həmin ilin martında ölkəmizin Böyük Britaniyadakı səfirliyinin iştirakı ilə uğurla keçirmişik.  Təşkil etdiyimiz digər tədbirlərimizdən 2014-cü ilin oktyabr ayında çox böyük uğurla başa çatdırılmış, Azərbaycanın müasir ədəbiyyatı  və dövlətimizin  İKT strategiyasına həsr olunmuş seminarı da qeyd etmək olar. Adıçəkilən qrup çərçivəsində fəaliyyətimizdə biz Böyük Britaniyadakı səfirliyimizdən əlavə, Kembric Universitetinin Orta Asiya Forumu, İnkişaf üzrə Tədqiqatlar Mərkəzi,  Asiya və Yaxın Şərq fakültəsi ilə sıx əməkdaşlıq edirik.

Gələcək planlarım  vətənimə  və  bəşəriyyətə  xidmət etməkdir.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov