Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

İki yaşınadək uşaqların televizora baxması düzgün deyil

 

İstanbul Universitetinin  Cərrah Paşa tibb fakültəsinin məzunu, İstanbul Göztəpə Təhsil və Araşdırmalar xəstəxanasının uzman oftalmoloqu, Bakıdakı “Medera Hospital”ın həkimi Fariz Sadıqovla söhbət 

Adətən bizə əziz olanlara “gözümüzün nuru, işığı”, “göz bəbəyimiz” deyə, - müraciət edirik. Bəs görəsən bizi ətraf  mühitlə  bağlayan,  bütövlükdə dünyanı görməyə imkan verən ən vacib orqanımızın qayğısına  doğru, düzgün qala bilirikmi? Onu da qeyd edək ki, son illər göz xəstəlikləri ilə bağlı bütün yaş qruplarında həkimlərə müraciət edənlərin sayı artıb. Gözlə bağlı müxtəlif xəstəliklərdə bir cavanlaşma hiss olunmaqdadır. Belə ki, əvvəllər göz xəstəlikləri daha çox yaşlı insanlarda  əmələ gəlirdisə,  hazırda  yeniyetmə və gənclər, hətta daha kiçikyaşlı uşaqlar arasında da yayılmağa başlayıb. İstanbul Universitetinin  Cərrah Paşa tibb fakültəsinin məzunu, İstanbul Göztəpə Təhsil və Araşdırmalar xəstəxanasının uzman oftalmoloqu, Bakıdakı “Medera Hospital”ın həkimi Fariz Sadıqovla söhbətimizdə də məhz gözümüzün nurunu, sağlamlığını  qorumaq üçün nə kimi tədbirlərin görülməsi, xüsusilə  uşaq  və yeniyetmələrdəki  göz xəstəlikləri ilə bağlı məsələlərə toxunmağa çalışdıq. Peşəkar həkimin  valideynlərə uşaqlarının göz problemlərinin aradan qaldırılması ilə əlaqədar hansı məqamları diqqətdə saxlamaları ilə bağlı tövsiyələrini oxucularımıza çatdırmaq istədik. 

- Fariz həkim, valideynlər əsasən övladlarındakı hansı göz xəstəlikləri ilə bağlı müraciət edirlər?

- Müraciətləri mən belə qruplaşdırmaq istərdim. Yeni doğulmuş körpələrdə, 1-6 yaşarası  uşaqlarda və  sonrakı yaşlarda  rast gəlinən göz xəstəlikləri.  Yeni doğulmuş körpələrdə əsasən gözlərin çirklənməsi ilə bağlı problemlər olur. Adətən valideynlər bununla bağlı müraciət edəndə biz onlara müalicə kimi gözlərdə düzgün şəkildə masaj təyin edirik. Bu çirk 1 yaşına qədər təmizlənməzsə, göz kanalı açılmazsa, o zaman  yüngül narkoz vasitəsilə  o kanalı açırıq. Düzgün masaj olunarsa, 95 faiz hallarda  göz kanalı açılır və  çirklənmə olmur.

- Valideynləri narahat edən məsələlərdən biri də çəpgözlükdür. Ümumiyyətlə, çəpgözlüyün müalicəsində yaş məhdudiyyəti varmı?

- Qeyd etdiyim 1-6 yaşarası uşaqlarda olan göz xəstəliklərindən biri də məhz çəpgözlükdür.  Bilirsiniz, yeni doğulan körpədə olan çəpliyi dərhal görmək mümkündür. Bu, əzələ anomaliyaları ilə əlaqədardır.

Daha çox anadangəlmə çəpliklərə rast gəlinir. Çəpliklərlə bağlı cərrahiyyə əməliyyatları  körpənin 14-cü ayından etibarən aparılır. Bundan tez çox nadir hallarda əməliyyat olunur. Əvvəllər körpələrin 6-cı ayından etibarən bunu edirdik. Amma sonradan təcrübəyə əsaslanaraq əməliyyatları 14-cü aydan sonra daha rahatlıqla etməyin mümkün olduğu ortaya çıxdı. Amma burada da vaxt məsələsi içə və yaxud bayıra olan çəpliklərin növündən asılı olaraq seçilir. Belə ki, göz anadangəlmə içə və ya  əksinə doğru çəpləşə bilər. Gözlərdə içə doğru olan çəpliklər gözə bağlı olan problemlərlə, bayıra doğru çəpliklərin isə,  böyük ehtimalla, nevroloji problemlərlə bağlıdır. 90 faiz hallarda bayıra doğru çəpliklərin beyindaxili problemlərlə bağlı olduğu bəlli olur. Ya beyin şişləri, ya kəllədaxili təzyiqin yüksəlməsi, ya da travmalı doğuşlar nəticəsində gözlərdə çəpliyin yarandığı ortaya çıxır. Ona görə də  həkimlər bu məsələyə düzgün və daha həssas şəkildə yanaşmalı, onun səbəblərini araşdıranda  diqqətli olmalıdırlar.

Məhz müayinələrin nəticələrinə əsasən çəpgözlüyün yaranmasının səbəbləri aydınlaşdırıldıqdan sonra müalicəyə başlamaq lazımdır.

Bir məsələni də qeyd etmək istərdim ki,  əksər valideynlər narkozdan ehtiyat etdikləri üçün uşaqları əməliyyatdan yayındırmağa çalışırlar.  Amma göz əməliyyatlarının ümumi narkozla həyata keçirilməsi məqsədəuyğundur.

Çəpliyi hər yaşda əməliyyat etmək olar, lakin 6 yaşdan sonra çox zaman görmə bərpa olunmur, yalnız estetik görüntü düzəlir.

Elə vaxt olur ki, həkimlər  ata-anaya  yeni doğulmuş övladında  çəpgözlüklə bağlı problemin həlli üçün bir qədər gözləməyi məsləhət görürlər. Standart çəpliklərin aşkara çıxma dövrü körpənin 6 ayından 3 yaşına qədərdir. 6 ayına qədər çəpliklər həkimlər tərəfindən o  qədər də  diqqətə alınmır. Burada söhbət, təbii ki, yüngül dərəcəli çəpliklərdən gedir.

Yeni doğulan körpə cəmi 10 faiz görür.  Belə görmə faizinə malik olan körpənin gözləri, necə deyərlər, oynamağa başlayır. Bu təbii prosesdir. 6 aydan  sonra körpənin görməsi artır. Normalda  3-cü aydan sonra körpədə bu çəplik azalmalıdır. Əgər azalmırsa, artıq  6-cı aydan sonra valideynlər  bunu ciddi bir problem kimi qəbul edərək mütləq yenidən göz həkiminə müraciət etməlidirlər.

- Adətən məktəb illəri xüsusilə uşaq və yeniyetmələr üçün gərgin və məsuliyyətli dövr kimi dəyərləndirilir. Məhz həmin dövr ərzində uşaqlar daha çox oxuyur, zehni işlə məşğul olurlar. Bir yandan da uşaqların kompüterdən, planşetdən, telefondan  istifadəsi, bəzən isə bunlardan aşırı dərəcədə istifadə onların görməsində əməlli problem yaradır, görməsini zəiflədir. Ümumiyyətlə, valideyn övladının gözünün zəif gördüyünü  necə bilər?

- Biz həkimləri düşündürən, narahat edən  ən ağrılı bir problemə toxundunuz. Bununla bağlı fikirlərimə keçməzdən qabaq valideynlərin diqqətinə bir məsələni çatdırmaq istərdim. Yeni doğulan körpə ilkin olaraq müayinədən keçirilir. Təbii ki,  həmin  zaman göz müayinəsindən də keçir. Bundan sonra valideynlər uşağını 1-3, daha sonra  məktəbə  hazırlıq dövründə - 5-6 yaşlarında mütləq oftalmoloq həkimin yanına müayinəyə aparmalıdırlar ki,  övladlarının görməsinin hansı vəziyyətdə olduğunu bilsinlər.

Açığını desəm, nə qədər intellektli, savadlı, uşağının sağlamlığını düşünən valideyn olsa belə  o, uşağının zəif görməsini özü müəyyənləşdirə bilməz. Onu tibbi aparatsız  müəyyən etmək mümkün deyil. Məhz övladının 2 gözündə ağır dərəcəli problem olduqda ata-ana bunu yəqinləşdirə bilər. Bir də görürsən ki, gözünü müayinə etmək üçün bizə bir gənc müraciət edir. Məlum olur ki, onun bir gözü cəmi 20 faiz , o birisi 100 faiz görür. Bu yaşa qədər demək olar ki, göz müayinəsindən keçməyib. Bu düzgün deyil. Vaxtında  olunan müraciət bir sıra gələcək fəsadların qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Müalicə olunmayan  gözdə  sonradan  daha  ciddi və sağalmaz problemlər yaşana bilər.

Məktəb dövrü  uzağı və yaxını görmə pozulmaları və astiqmatizm kimi göz xəstəliklərinin yaranması üçün təhlükəli zaman sayılır. Çünki  bu dönəmdə gözlər çox yüklənir. Onu da  təəssüf  hissi ilə qeyd edim ki,  əvvəlki illərlə müqayisədə göz xəstəliklərinin yaşı cavanlaşıb. İndi bizə müraciət edənlərin demək olar ki, əksəriyyəti  uşaqlardır. Uşaqlar arasında eynəyə ehtiyacı olanların da sayı artıb. Bu problemin aradan qalxması üçün  mümkün  qədər  onların kompüterdən az istifadə etməsi lazımdır. Onsuz da məktəblilərin dərs yükü əvvəlki kimi  deyil. Saatlarla dərs hazırlamaq uşaqlar arasında  göz  quruması xəstəliyinin  yaranmasına səbəb olur ki, bunun da nəticəsində ciddi fəsadlar yaşanır.

2 yaşına qədər uşağın nəinki planşetlə, telefonla oynaması, hətta televizora belə baxması qəbuledilməzdir. Bütün bu texnologiyalar uşaqlardan uzaq tutulmalıdır. 6 yaşından sonra uşağa  kompüterdən, planşetdən o zaman  istifadə etməyə icazə verilə bilər ki, valideyn bunlardan istifadə üçün müəyyən vaxt limiti qoysun. Gün ərzində  uşaqların kompüter və ya planşetdən istifadəsi 1 saatı keçməməlidir. O da fasilələrlə olmalıdır.

Görmə qabiliyyətinin zəifləməsinin əsas səbəblərindən biri də  televizora saatlarla baxmaqdır. Belə ki, televizora baxdıqda gözlər gərgin vəziyyətdə olur. Xüsusən işıqsız otaqda, uzanıqlı  vəziyyətdə televizora baxmaq olmaz. Televizora 3 metrdən yaxın olmayaraq  həm də  qıraqdan deyil, düz istiqamətdə baxmaq məsləhətdir.

Üzümü valideynlərə  tutub  deyirəm ki, övladınız məktəbdən evə gələn kimi onu  dərhal dərs  hazırlamağa məcbur etməyin.  1-2 saat ərzində  onun istirahət etməsini təmin edin. Dərs hazırladıqda  hər yarım saatdan bir, 10 dəqiqə istirahət etməsi məsləhət görülür. Əgər uşaq zəif  görürəm -deyirsə, bu sözü  qulaqardına vurmaq lazım deyil. Çünki göz zəifliyi beyinə də təsir edir, uşaq 1-2 saat məşğul olduqdan sonra dərs oxumaq istəmədiyini, yatmaq istədiyini söyləyir. Valideynlər bunu “tənbəllik” adlandırırlar. Mən deyərdim ki, əslində  bu uşaqda gözlə hər hansı bir problemin olması ilə bağlı ciddi  xəbərdarlıqdır.

Onu da xüsusi vurğulamaq istərdim ki, uşağın   dərs hazırladıqda  masa arxasında necə oturması da diqqət yetiriləsi vacib amillərdəndir.  Belə ki, o, düzgün oturmadıqda,  həm bel sümüyünün əyilmə təhlükəsi, həm də görmə defektinin artması problemi ilə üzləşir. Dərs hazırladığı otağa gəldikdə, bura bərabər ölçüdə işıqlı olmalıdır. Təbii işığın olması vacibdir. Qış axşamlarında elektrik işığı ilə bərabər, stolüstü elektrik çırağından  da istifadə etmək olar. Lakin işıq çox gur olmamalıdır ki, otağın ümumi işığı ilə kontrast yaratmasın. 

Saatlarla  nəinki uşaqların, hətta gənclərin belə mobil telefonla  məşğul olması, demək olar ki, onu əllərindən yerə qoymaması  daha  da yolverilməzdir. Nəzərə alsaq ki, uşaq və yeniyetmələrə nisbətən mobil telefonundan bir dəqiqə belə ayrılmayan  gənclərə valideyn nəzarətinin, demək olar ki, olmaması, müstəqil həyat tərzi keçirməsi  onlarda məhz daha çox  göz xəstəliklərinin  yaranmasına səbəb olur.  Ona görə də valideynlər gənc övladlarını mütəmadi olaraq mütləq göz müayinəsindən keçirməlidirlər.

- Fariz həkim, bu gün danılmaz bir faktdır ki,  bir çox insanların iş fəaliyyəti  məhz kompüterlə bağlıdır. Hər birimiz günün demək olar ki, böyük bir hissəsini kompüter qarşısında keçiririk və sonradan  səhhətimizdə, xüsusilə gözlərimizdə bir diskomfort hiss edirik. Bununla bağlı nə deyə bilərsiniz?

- Ümumiyyətlə, yaşından asılı olmayaraq kompüterdə uzun müddət ərzində işləyən insanların gözləri daim gərginliyə məruz qalır. Dünya oftalmoloqları da etiraf edirlər  ki, uzun müddət ərzində kompüterdə işləyən insanlarda müxtəlif görmə pozulmaları yaranır. Bu, xüsusilə görmə problemləri olan insanlar üçün çox təhlükəlidir. Belə ki, miopiyadan (yaxından görmə) əziyyət çəkən  şəxs uzun müddət ərzində kömpüterdə işləyərsə, onun görməsi daha da zəifləyəcək.

Onu da deyim ki, getdikcə miopiyalı insanların sayı artır, hazırda orta məktəblərdə uşaqların 20 faizi adıçəkilən xəstəliyə düçardır, tələbələr arasında  isə bu ikiqat  artıq -40 faiz  təşkil edir.

Daha sonra qlaukoma kimi ağır və korluqla nəticələnə bilən xəstəliyin də  inkişaf  riski kompüterdə uzun müddət ərzində işləyən insanlarda xeyli yüksəkdir.

Müxtəlif məsafələrə (yaxın, uzaq) baxdıqda, göz bülluru öz əyriliyini dəyişir. Bu normal fizioloji prosesdir və bu prosesə xüsusi kiçik əzələlər cavabdehdir. Lakin əgər insan uzun müddət ərzində eyni yerə (monitora) baxırsa, bu əzələlərin fəaliyyətində pozulmalar yaranır. Məhz bu səbəbdən kompüterdə bir neçə saat işlədikdən sonra insan hiss edir ki, uzağa baxdıqda çox dumanlı və pis görür.

Bilirsiniz, normada insan 1 dəqiqə ərzində təxminən 22-24  dəfə göz qırpır. Bu zaman gözün buynuzlu qişası göz yaşı mayesi ilə daim nəmlənir və təmizlənir.

Kompüterdə işləyən insan az göz qırpır, yəni bu qırpma azalaraq 12-yə düşür. Nəticədə buynuzlu qişa quruyur və bu müxtəlif pozulmalara səbəb olur. Bu zaman yazı oxuyarkən tez yorulma halları, gözlərdə yandırma, sanki  gözə “qum düşməsi” hissləri, göz və alın nahiyəsində ağrı,  baş ağrısı və ya gözlərin hərəkəti zamanı ağrılar, gözlərin qızarması baş verir. Vaxt keçdikcə bu simptomlar hətta kompüterdə işləmədikdə də yox olmur və daha gözəçarpan olur. Belə hallar isə  daim təkrarlandıqda görmə zəifləyə bilər.

Göz yaşı antiseptik xüsusiyyətlərinə malikdir və gözə havadan və s. düşən müxtəlif  infeksiyaları və mikrobları zərərsizləşdirir. İnsan daha gec-gec göz qırpdıqda, bu gözdə infeksiya riskini artırır.

Kompüterin gözlərə davamlı təsirini müəyyən qədər azaltmaq üçün məsləhətim odur ki, ondan uzun müddət istifadə edənlər 20 dəqiqədən bir fasilə edərək 20 saniyəlik  gözlərini kompüterdən uzaqlaşdırıb pəncərəyə yaxın duraraq  şüşə üzərində olan bir nöqtəyə diqqətlə baxsınlar, sonra isə baxışlarını çox uzaqda olan bir obyektə yönəltsinlr. Mümkün olduğu qədər uzağa baxmaq  gözün dincəlməsində effektli təsir göstərir. Əgər otaqda belə bir şərait yoxdursa və ya iş rejimi buna yol vermirsə, o zaman sadəcə gözləri 20 saniyəlik kompüerdən ayıraraq  yummaq  gözün yorğunluğunu alır və bu zaman gözlər sanki dincəlir.

Monitorun ekranı gözdən 60 sm məsafədə yerləşməlidir. Bu məsafədə yazıları görməyə çətinlik çəkilərsə , daha iri şrift  seçilməli, məsafə azaldılmamalıdır. Şriftin rənginə gəlincə, ən düzgün seçim - ağ fonda qara hərflərdir. Kompüter olan otaq nə çox işıqlı, nə də qaranlıq olmalıdır, optimal variant - yayılmış sönük  işıqdır.

- Dəyişkən havalar sağlamlığımıza, xüsusilə gözlərimizə təsirsiz ötüşmür. Bir həkim kimi fikirlərinizi bilmək istərdik.

- Əvvəla onu deyim ki, bütün fəsillərin və onlara xas olan hər  bir hava şəraitinin gözə təsiri var. Fəsil dəyişiklikləri zamanı daha çox  insanlar gözlərdə  qaşınma, qızartı, sulanma, digər spesifik göz xəstəlikləri problemləri ilə üzləşirlər. Belə  xəstəliklərdən biri də elmi dildə konyunktivit adlanan göz qripidir. Yoluxma formaları əldən-ələ, ortaq eynək, dəsmal, yastıq, makiyaj  ləvazimatları  ola bilir.

Xəstəlik uşaqlarda yuxarı tənəffüs yolları infeksiyası, qripə bənzər əlamətlərlə başlaya bilər. Bu, əsasən təktərəfli şəkildə başlayır  və 2 həftədən sonra digər gözə də keçə bilir. Şikayətlər sulanma, batma və ağrı şəklində olur. Göz qripi həkim nəzarətində qəbul ediləcək dərmanlarla 2 həftə ərzində sağala bilər. Adenoviral konyunktivitin müalicəsində məqsəd infeksiyanın başqa insanlara keçməsinin qarşısını almaq və şəxsi gigiyena qaydalarına diqqət etməkdir.

Bu xəstəlik zamanı gözlər qaşınmamalı, dəsmal, yastıq və eynək kimi əşyalardan istifadəyə nəzarət edilməlidir. Xəstənin əşyaları ayrı olmalıdır. Ətrafdakı bütün insanlarla təmasdan mümkün qədər uzaq olmaq lazımdır.

İsti  evdən və ya işdən  bayıra çıxdıqda  hökm  sürən soyuq hava təbii ki, gözlərə mənfi təsir göstərəcək. Ona görə də yaxşı olar ki, havaya çıxan  zaman eynəklərdən istifadə olunsun. Bəziləri elə düşünür ki, eynəyi yalnız yay aylarında taxmaq lazımdır. Əslində bu yalnış bir fikirdir. Eynəklər bizim gözlərimizi   ultrabənövşəyi şüalardan qorumaqla yanaşı, həm də soyuğun təsirindən, şaxtadan, küləkdən, tozdan, çirkli havadan, müxtəlif  cisimlərin düşməsindən qoruyur.

Ümumiyyətlə, ultrabənövşəyi şüalardan hər zaman qorunmalıyıq, fərq etməz ki, qış, payız, yaz və ya yay ayı  olsun.

Ultrabənövşəyi şüalar  təkcə  dərimiz üçün deyil, gözlərimiz üçün də çox ziyanlıdır.

Elmdə artıq  sübut olunub ki, intensiv gün şüaları gözun həm xarici, həm də daxili strukturlarını zədələyir. Ultrabənövşəyi şüalar (UB) xüsusilə artıq hər hansı görmə pozulmaları olan insanlar üçün ziyanlıdır. Belə ki, uzunmüddətli  UB şüalanma kataraktanın (“mirvari suyu”) kimi ağır göz xəstəliyinin yaranmasına  səbəb olur. Vaxtında müalicə olunmamış katarakta korluğa səbəb ola bilər.

Özəlliklə yayda gün eynəkləri taxmaq, dərini gündən qorumaq lazımdır. Azərbaycanda UB indeksin göstəriciləri, demək olar ki, bütün il ərzində 1-2-dən yüksək olur. Hər bir kəs  bunu mütləq bilməli və tədbirli olmalıdır.

Onu da bildirim ki, səhər və axşam saatlarında günün gözlərimizə təsiri daha da çox olur. Qızmar yay günlərində mümkün qədər çalışmaq lazımdır ki, saat 11-16 arası bayıra çıxılmasın. 15 yaşına kimi olan uşaqlar və yaşlı insanlar  risk qrupuna daxil olduğundan onların göz sağlamlığına qarşı daha diqqətli olmaq lazımdır

- Eynəklərdən söz düşmüşkən, biz eynək seçərkən əsas nələrə diqqət yetirməliyik?

- Gözləri gün şüalarından qorumaq üçün mütləq yaxşı keyfiyyətli UB filtri olan gün eynəkləri seçmək lazımdır. Yalnız sertifikatı olan, yüksək keyfiyyətli eynəklər alınmalıdır. Belə ki, adi günəş eynəkləri gözü UB şüalardan qorumur. Gözləri bu tip şüalardan yalnız polarizə olunmuş şüşələrə malik poloroid eynəklər qoruya bilir. Ona görə də həmin eynəklərə üstünlük verilməlidir. Bu çox vacibdir. Ucuz qiymətə satılan eynəklər gözlər üçün olduqca ziyanlıdır.

Göz eynəkləri üzdə kip oturmalı, üz quruluşuna uyğun və  mümkün qədər geniş çərçivəli olmalıdır ki, gözü kənar təsirlərdən qoruya bilsin. Kontakt linzaları taxan insanlar  isə UB filtri olan linzaları seçməlidir. Bu, gözlərin qorunmasına kömək edəcək.

- Fariz həkim, bəlli bir yaşdan sonra gözlərdə istər-istəməz problemlər yaşanır. Necə edək ki,  gözlərimizi  qoruyaq, onun nurunu sönməyə qoymayaq?

- Əslində gözlərimiz mükəmməl özü-özünü qoruma funksiyasına malikdir. Sadəcə bizdən ona daha həssaslıqla yanaşmaq, qorumaq, lazımsız müdaxilə etməmək, vaxtlı-vaxtında göz müayinəsindən keçmək tələb olunur. Hər bir şəxs 40 yaşdan sonra mütləq şəkildə ildə bir və yaxud iki  dəfə göz təzyiqini ölçdürməlidir. 50 yaşdan sonra isə mütəmadi nəzarət tələb olunur. Çünki bu yaşlarda gözün qlaukoma (göz təzyiqinin artması) deyilən xəstəliyə tutulması ehtimalı daha çoxdur.  Bu xəstəlik göz təzyiqinin artması və görmə sinirinin zədələnməsi deməkdir. Xəstəlik özünü az büruzə verir, amma inkişafdan qalmır. Nəticədə korluğa gətirib çıxarır. Göz təzyiqinin artması təhlükəli xəstəlikdir. Görmə siniri zədələndikdə göz içərisində olan milyonlarca sinir də ölməyə başlayır. İnsanlar bunu ilkin mərhələdə hiss etmir. Amma bu mərhələdə artıq göz sinirinin 50 faiz  zədələndiyi aşkarlanır. Qlaukomada gözün görmə qabliyyəti zamanla azalır.

Bu zaman insanda şiddətli göz və baş ağrıları, dumanlı görmə və ya görmə qabiliyyətinin kəskin zəifləməsi, işığa baxarkən rənbərəng dairələrin görünməsi hiss edilir. Bəzən ürəkbulanma, qusma, ümumi zəiflik, ürək və qarın nahiyəsində ağrılar da əmələ gəlir. Sadalanan risk amillərindən hər hansı baş verərsə, həmin şəxs mütəmadi olaraq hər il göz həkiminin müayinəsindən keçməlidir.

- Maraqlı  söhbət və bizi  geniş  şəkildə məlumatlandırdığınız üçün oxucularımız adından sizə təşəkkürümüzü bildiririk.

Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”,
s.kerimova@ muallim.edu.az

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov