Bakı şəhəri 284 nömrəli tam orta məktəbdə
tanınmış şair Vahid Əzizlə görüş keçirilib. Tədbiri
məktəbin direktoru Nizami Novruzov açaraq bu görüşün
məktəb kollektivi üçün çox əlamətdar olduğunu, çoxdan
gözlədiklərini və dəvəti qəbul edib gəldiyinə görə şair
Vahid Əzizə kollektiv adından minnətdarlığını bildirib.
Tədbirin aparıcıları şairin həyat və yaradıcılığı
haqqında məlumat verərək bildiriblər ki, Vahid Əziz
deyən kimi birinci yada düşən onun sözlərinə yazılmış
mahnılar olur. Çoxu da kədərli, qəmli... Özünün yazdığı
kimi elə bil, yerdə gəzə bilmir, göylərə çıxmaq
istəyir. Qeyd ediblər ki, gəncliyinin dəliqanlı
çağlarında Rəsul Rza onun haqqında demişdir: “Vahidin
şeirləri qibtə oyada biləcək qədər poetikdir”.
Şagirdlər Vahid Əzizin şeirlərinə bəstələnən
mahnıları məharətlə ifa ediblər. Onlar şairin
şeirlərini söyləyərək ona olan məhəbbətlərini,
sevgilərini dilə gətiriblər. Yuxarı sinif şagirdləri
Vahid Əzizin lirik əsərlərindən parçalar ifa ediblər.
Sonda şair Vahid Əziz tədbirə görə məktəb
kollektivinə minnətdarlığını bildirib. Şair tədbir
iştirakçılarının arzusu ilə qələmə aldığı şeirlərindən
bir neçəsini səsləndirib. Şagirdlərə gözəl çıxışlarına
görə təşəkkür edən şair Vahid Əziz tədbir iştirakçıları
ilə xatirə şəkli çəkdirib.
Rəşad RAMAZANOĞLU,
“Azərbaycan müəllimi” |