700 bal toplayan tələbə Kamran Abdulrəhimovla söhbət
Kamran
Abdulrəhimov 1997-ci ildə Kürdəmir rayonunda anadan olub.
2015-ci ildə Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyini
bitirib. Çoxlu sayda sertifikatlara və tərifnamələrə
layiq görülüb. Hazırda Bakı Dövlət Universitetinin
hüquqşünaslıq fakültəsində təhsil alır. Onunla BDU-da
həmsöhbət oldum. Səmimi və mehriban bir gəncdir.
Verdiyim sualları cavablandıranda yüksək əxlaqi
keyfiyyətlər nümayiş etdirirdi. Ən böyük uğurum Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəbələrə
keçirdiyi qəbul imtahanlarında 700 bal toplamağım oldu,-
söylədi və gülə-gülə sözünə davam etdi. - Həmin gün
mənim həyatımda ən unudulmaz bir gün oldu. Özümü
dünyanın ən xoşbəxt gənci sayırdım. Çünki illərlə
çəkdiyim əziyyət hədər getmədi, müəllimlərimin,
valideynlərimin arzusu həyata keçmişdi. Doğrusu, onda
keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm.
- Adətən uşaqlıq və yeniyetməlik dövründə oğlanlar
polis , prokuror olmaq arzusu ilə yaşayırlar. Sən necə,
belə hisslər yaşamısanmı?
- Yuxarı siniflərdə oxuyanda hər birimizi belə bir sual
düşündürür: hansı peşənin ardınca getməli? Bu, çox
məsuliyyətli bir seçimdir. İnsan elə sənət, elə peşə
seçməlidir ki, həm özünün bu peşəyə sevgisi, məhəbbəti
olsun, həm də həmin sənət və peşə ilə xalqına, cəmiyyətə
xeyir verə bilsin. Hər kəs bacardığı işdən yapışmalı,
gücü çata biləcək ixtisası seçməlidir. Arzuya çatmaq
üçün də əziyyət çəkmək, ağır zəhmətə qatlaşmaq,
yaxşı oxumaq lazımdır. Doğru deyirsiniz mənim də
uşaqlıq arzum idi hüquqşünas olmaq.
Bu peşəyə məni ən çox həvəsləndirən “Mehman” filmi oldu.
Qarşıma hüquqşünas olmaq məqsədi qoydum. İnsanların
hüquqlarını qorumağa, cinayətkarları isə
cəzalandırmağa daha çox önəm verməyi qərarlaşdırdım.
İnsan öz sənətinin mahir bilicisi olmaqla yanaşı onu
sevdirməyi də bacarmalıdır. Hüquqşünaslıq peşəsi həm
məsuliyyətli, həm də şərəflidir. Özümə söz verdim ki,
əgər bu peşəyə yiyələnsəm, saf əməllərimlə etimadı
doğruldacağam. İxtisasım üzrə çalışdığım sahələrdə
həmişə ədalət prinsipinə yiyələnəcəyəm, vətəndaşların
hörmət və ehtiramını, sevgisini qazanacağam. Aldığım
tərbiyə kifayət edir deyəm ki, saflıq, təmizlik
devizimdir.
- 700 bal topladığını biləndə sevincini öncə kimlərlə
bölüşdün?
- Valideynlərimlə. Nəticələr elan
olunduqdan sonra valideynlərimə saysız-hesabsız
təbriklər gəldi. Bu sevinci onlara yaşatdığım üçün
fərəh hissi keçirirdim.
- BDU-nun tələbəsi özünü xoşbəxt sayırmı?
- Açığını deyim ki, BDU-nun tələbəsi olmaq ən ümdə arzum
idi. Buna görə də özümü ikiqat xoşbəxt sayıram. Artıq
tələbəlik həyatına uyğunlaşmışam. “Debat “ klubunun
üzvüyəm. Klubda müxtəlif mövzular ətrafında
müzakirələr aparırıq. Çalışıram burada da birincilər
sırasında olum. Hələ ki, ümidləri doğrulduram. Qəbul
zamanı qazandığım yüksək bal məsuliyyətimi birə-beş
artırıb. Mənim zəif oxumağa haqqım yoxdur.
- Bu gün ali məktəb auditoriyalarında professorların
mühazirələrini dinlədiyin zaman orta məktəb
müəllimlərini xatırlayırsanmı?
- Orta məktəb müəllimlərini unutmaq olarmı?! Onlar
savadlı, tələbkar müəllimlər idilər. Ali məktəb
müəllimləri isə daha dərin elmi biliklər aşılayırlar.
Demək olar ki, hamısı alimlik dərəcəsi olan
pedaqoqlardır. Onların da mühazirələrini diqqətlə
dinləyir, seminarlarda fəallıq nümayiş etdirirəm.
- Artıq semestr imtahanlarına çox az vaxt qalır...
- Şübhəsiz, ali məktəb proqramı çox mürəkkəbdir.
Mühazirələrdə çox diqqətli oluram ki, sabah veriləcək
sualların qarşısında aciz qalmayım.
- Prezident təqaüdünə layiq görüldün, bu, çox böyük
bir etimaddır.
- Bunu dərindən dərk edirəm və bu etimadı hökmən
doğruldacağam. Möhtərəm cənab Prezident İlham Əliyevə
biz tələbələrə dəstək olduğuna görə təşəkkürümü
bildirirəm.
- İxtisasın üzrə karyera qurmaq üçün nə etməlisən?
- Arzularım çoxdur. İlk olaraq hüquqşünaslıq
ixtisasına yiyələnməyi, təhsilimi davam etdirməyi, daha
sonra isə karyeramı qurmağı düşünürəm. Ümumiyyətlə,
hüquq elmi, ələlxüsus kriminalistika sahəsi olduqca
maraqlıdır. Bu elmə dərindən yiyələnməyə çalışacağam.
- Təhsilini Dövlət Proqramı ilə xaricdə davam etdirmək
istərdinmi?
- Bu, təkcə mənim deyil, bütün tələbələrin arzusudur.
Magistratura pilləsini Dövlət Proqramına uyğun olaraq
xarici ölkələrin birində davam etdirə bilsəm çox
sevinərəm.
- Gələcəkdə seçdiyin sahədə uğurlar qazanacağına
əminsənmi?
- Hər hansı bir uğurun arxasında zəhmət, gərgin əmək
durur. Arzular yalnız onda reallaşır ki, insan ona nail
olmaq üçün səylə çalışır, əziyyət çəkir.
- Dostluqda sadiqsənmi?
- Dostluqda sadiqlik son dərəcə vacibdir. Gərək sədaqət
nümayiş etdirəsən ki, dost qazana biləsən. Hər hansı
bir kiçik səhv dostluğun pozulmasına səbəb ola bilər.
Dostlarımla münasibətdə səhvə yol verməməyə çalışıram.
- Ürəyinin odunu, gözlərinin nurunu müstəqil
Azərbaycanın işıqlı gələcəyi üçün layiqli nəsil
yetişdirməyə sərf edən müəllimlərinə nə arzulardın?
- Müəllim şagirdlərinin yaxın dostu, sirdaşıdır.
Yetirmələrinin gələcəyi üçün narahat olan, onları
həyatda daim düzgün addım atmağa istiqamətləndirən
ilahi bir varlıqdır. Müəllim təkcə özünün deyil, həm də
hər bir şagirdinin taleyini yaşayır-sevinci, kədəri,
problemləri ilə birgə. Müəllim yalnız sinifdə olduğu 45
dəqiqəni yox, bütün ömrünü şagirdləri ilə paylaşır.
Müəllim söylədiyiniz kimi, gözünün nurunu, qəlbinin
odunu şagirdlərinə verir. Onlara uzun ömür, cansağlığı
arzulayıram. Şam kimi əriyən ömürlərinin nuru daim
parlaq olsun. Əbədi abidədir ürəyimdə müəllimə
məhəbbət.
Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi” |