Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Elm xəbərləri

 

İnstitutda illik hesabatlara start verilib 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda cari il ərzində yerinə yetirilən elmi-tədqiqat işləri, elmi-innovasiya fəaliyyəti və digər məsələlərlə bağlı illik hesabatlara start verilib.

Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev açıb. Öncə R.Əliquliyev AMEA-nın 70 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirin əhəmiyyətindən danışıb. İnstitut direktoru Prezident İlham Əliyevin iştirakı ilə keçirilən yubiley tədbirində dövlət başçısının AMEA-nın 70 illik fəaliyyətinə yüksək dəyər verməsini akademiyanın uğuru kimi dəyərləndirib. Ölkə rəhbəri tərəfindən ayrı-ayrı elmi istiqamətlər üzrə prioritetlərin müəyyənləşdirilməsinin XXI əsr Azərbaycan elminin, elmi ictimaiyyətin qarşısına mühüm vəzifələr qoyduğunu bildirib. AMEA-nın akademik-katibi Azərbaycan elminin XXI əsrdə əsas missiyasının ölkənin hərtərəfli inkişafında alimlərimizin rolunun artırılması, cəmiyyətin sosial-iqtisadi tərəqqisinə, mədəni-mənəvi təşəkkülünə töhfələrin verilməsi və s.-dən ibarət olduğunu bildirərək, alim və mütəxəssislərə gələcək fəaliyyətlərində uğurlar diləyib.

Sonra institut şöbələrinin illik hesabatları dinlənilib. Cari ildə həyata keçirilən elmi-tədqiqat işləri, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, konfrans, seminar, simpoziumlarda iştirak, çap olunmuş elmi əsərlər, tanınmış elmi jurnallarda dərc olunan məqalələr, şöbə əməkdaşlarının elmmetrik göstəriciləri, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işləri, elmi-təşkilati fəaliyyət və s. haqqında geniş məlumat verilib. 


Akademik-katib Lüksemburqda elmi ezamiyyətdə olacaq 

Noyabrın 22-də AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Lüksemburq Böyük Hersoqluğuna səfər edəcək. 6 gün davam edəcək səfərin məqsədi Lüksemburq şəhərində keçiriləcək GEANT (Gigabit European Advanced Network Technology) Assosiasiyası Baş Assambleyasının və EaPConnect layihəsinin növbəti iclaslarında, həmçinin Avropa Birliyinin dəstəyi ilə Lüksemburq Universitetində təşkil ediləcək “Elektron infrastrukturların əsasları” mövzusunda konfransda iştirak etməkdir.


Plastik kart ölçüsündə superkompüter təqdim edilib 

“NVIDIA”nın prezidenti Cen-San Xuan bildirib ki, hazırda süni intellekt və maşın təlimi sahəsi üzrə tədqiqatlar şirkətdə çalışan mühəndislərin diqqət mərkəzindədir. Bu günlərdə şirkət tərəfindən hazırlanmış süni intellektin hesablanması üçün “Jetson TX1” adlı kiçikölçülü superkompüter təqdim edilib.

hi-news.ru saytının məlumatına görə, ölçüsü 50x87 mm olan yeni kompüter plastik kredit kartını xatırladır. “Jetson TX1” superkompüteri 1 teraflops məhsuldarlığa malik 256 nüvəli “Maxwell GPU” və 64 bitlik “ARM A57” prosessorları, Wi-Fi modulları, həmçinin 4 Gb əməli və 16 Gb daxili yaddaşla təchiz edilib. 2016-cı ilin birinci rübündə satışa çıxarılacaq qurğunun qiyməti 299 ABŞ dolları təşkil edəcək.

Cen-San Xuan hesab edir ki, şirkətdə hazırlanan yeni avadanlıq, həmçinin proqram təminatı maşın təliminin təcrübədə tətbiqini xeyli sadələşdirə və sürətləndirə biləcək.

 


Ekspres-informasiya nəşri işıq üzü görüb

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Şəbəkə mühitində paylanmış hesablama sistemlərinin yaradılması texnologiyaları” adlı ekspres-informasiya işıq üzü görüb. Yeni nəşrin müəllifləri institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov və böyük elmi işçi Məmməd Həşimov, elmi redaktoru isə şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifovdur.

“İnformasiya Texnologiyaları” nəşriyyatında çapdan çıxmış ekspres-informasiyada şəbəkə mühitində paylanmış hesablama sistemlərinin yaradılmasında istifadə olunan texnologiyalar analiz olunmuşdur. Klaster, Qrid, bulud texnologiyalar əsasında yaradılan paylanmış hesablama sistemlərinin arxitektur-texnoloji prinsipləri işlənmişdir. Paylanmış hesablama sistemləri əsasında yaradılan xidmətlərin təhlili aparılmış və qeyd edilən sistemlərdə həlli nəzərdə tutulan mürəkkəb məsələlərin tədqiqi öz əksini  tapmışdır.

Qeyd edək ki, bu iş Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun EİF-2014-9(24)-KETPL-14/02/1 saylı qrant layihəsi çərçivəsində yerinə yetirilmişdir.

 www.ikt.az
 saytının materialları əsasında hazırladı:
Yusif ƏLİYEV,  “Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov