Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”
n.rahimov@muallim.edu.az
Budəfəki
mövzumuz Azərbaycan vətəndaşlarının qeyri-qanuni
yollarla xaricdə təhsil almaları ilə bağlıdır. Hamımıza
məlumdur ki, son illər ölkənin ali məktəblərinə aparılan
qəbul imtahanlarında zəif nəticə göstərən
abituriyentlər, bir qayda olaraq, xarici ölkələrin
universitetlərinə “əlverişli təhsil” təklifləri edən
şirkətlərə üz tuturlar. Bu şirkətlər əvvəlki illərdə
gənclərə əsasən MDB məkanındakı ali məktəblərə qəbul
təklif etsələr də, son zamanlar bir az da irəli gedərək,
Türkiyə, İsveçrə, Çexiya və bu kimi nüfuzlu Avropa
ölkələrini də öz siyahılarına əlavə ediblər. Yəqin
oxucularımızı da maraqlandırar ki, bu cür inkişaf etmiş
ölkələrdə qeyri-leqal təhsil necə həyata keçirilə bilər?
Araşdırmalarımız göstərdi ki, əsasən azərbaycanlılardan
ibarət olan bəzi işbazlar asan pul qazanmaq üçün bu
ölkələrdə hər hansı bir universitet adıyla kurs
statusunda olan təşkilat və cəmiyyətlər yaradırlar.
Hətta dil bacarıqları belə yoxlanılmadan
həmyerlilərimizi attestat balı ilə bu müəssisələrə qəbul
etdirirlər. Bu şirkətlər xüsusilə yay aylarında KİV və
digər vasitələrlə “Xarici universitetlərə tək attestat
ilə, imtahansız qəbul” başlığı altında reklamlar
hazırlayır, bu reklamlar hesabına vətəndaşları həmin
“universitetlərə” qəbul etdirirlər. Nəticədə bilik,
bacarıq baxımından aşağı səviyyədə olan gənclərimiz 4 il
boş-boşuna həmin müəssisələrə ayaq döyür, xeyli vəsait
xərcləyir, sonda isə lazımsız, heç bir təşkilat
tərəfindən qəbul edilməyən sənədə-kursu bitirmək
haqqında diploma sahib olurlar. Bu işlə məşgul olan
şirkətlər isə bu kimi hallardan istifadə etməklə böyük
mənfəət əldə edirlər. Rusiya, Ukrayna, Gürcustan kimi
ölkələrin universitetlərinə təklif olunan “təhsil
xidmətləri” isə gənclərimizi tamamilə başqa problemlərlə
üz-üzə qoyur. Yalançı təhsil şirkətlərı azərbaycanlı
abituriyentləri özlərinin də söz verdikləri kimi,
attestatla həmin ölkələrin hətta bəzi nüfuzlu dövlət
universitetlərinə də yerləşdirə bilirlər. Amma təəssüf
ki, onlara təhsil yox, diplom almaqda kömək edirlər. Bu
təhsil maklerləri azərbaycanlı gənclərdən aldıqları
yüksək məbləğdə vəsait hesabına 4 il ərzində onların
bütün təhsil problemlərini də “yola verməyi” öz
üzərlərinə götürürlər. Sonda isə ölkə sərhədlərindən
çıxmayan həmyerlilərimizə həmin ölkələrdə yerləşən
universitetlərin diplomlarını təqdim edirlər. Təhsil
Nazirliyinin belə diplomları tanımaması işbazların
toruna düşmüş həmyerlilərimizin asan yolla ali təhsil
almaq sevdasını gözündə qoyur. Qeyd edək ki,
gənclərimizin dünyanın ən nüfuzlu universitetlərində
təhsil alması məqsədilə ölkə Prezidenti cənab İlham
Əliyev tərəfindən “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” qəbul olunub. Hər il yüzlərlə azərbaycanlı
gənc bu proqramdan bəhrələnərək dünyanın yüksək
reytinqli universitetlərində təhsil ala bilirlər.
Bundan başqa, öz vəsaiti hesabına qanuni yollarla
xaricdə təhsil alan gənclərimiz də az deyil. Bəs onda
bəzi gənclərimizi qeyri-qanuni yollarla təhsil almağa
vadar edən səbəb nədir? Araşdırmalarımız göstərdi ki, bu
məsələlərdə valideynlərin və gənclərin məlumatsızlığı
əsas səbəblərdən biri olsa da, digəri asan yolla
diplom əldə etmək sevdasıdır. Hətta çoxları bu
diplomların müvafiq dövlət qurumlarında
tanınmayacaqlarını bilsə belə, ali təhsil almaq
istəklərindən əl çəkə bilmirlər.
Şirkətlər təhsili deyil, maddi maraqlarını üstün
tuturlar
Mütəxəssislərin fikrincə, bu işlə məşğul olan
şirkətlər “övladım universitetə qəbul olunsun, el
qınağına tuş gəlməyək” prinsipi ilə yaşayan insanların
sadəlövhlüyündən istifadə edərək xeyli vəsait
götürürlər. Onlar əsasən universitetə qəbul olmaq üçün
öncədən pul tələb edirlər. Bundan başqa, abituriyentdən
alınan yüksək təhsil haqqından da hər il müəyyən faiz
paya sahib olurlar. Tədris prosesi zamanı tələbənin
necə təhsil alması isə, ümumiyyətlə, onları
maraqlandırmır.
Təəssüf doğuran məqam budur ki, bununla bağlı
aparılan əks-təbliğata baxmayaraq, insanlar hələ də
kütləvi şəkildə bu şirkətlərə müraciət edirlər. Onlar
övladlarının təhsilini, gələcəyini diplom eşqinə qurban
verirlər. Lakin nəticədə övladlarının əldə etdikləri
diplom heç bir işə yaramır.
Universitetləri yalnız təhsil haqqı düşündürür
Məsələnin başqa tərəfi isə bu abituriyentləri
qəbul edən ali təhsil müəssisələri ilə bağlıdır. MDB
məkanında olan bəzi universitetlər heç bir imtahan
vermədən vətəndaşları ali məktəbə qəbul edirlər. Onları
əcnəbi tələbənin dil bilikləri, ümumi bilik səviyyəsi,
Avropa və ABŞ universitetlərindən fərqli olaraq, hətta
verdikləri diploma görə öz nüfuzları belə
maraqlandırmır. Bu məktəblərdə əcnəbi vətəndaşlara
yalnız maliyyə mənbəyi kimi baxırlar. Əcnəbilərə hansısa
səviyyədə təhsil vermək qətiyyən universitetin maraq
dairəsində deyil. Burada təhsil haqqı məsələlərində də
qeyri-bərabərlik mövcuddur. Belə ki, həmin
universitetlər əcnəbi tələbələrdən yerli tələbələrə
nisbətən 30-40 faiz artıq təhsil haqqı alır. Deməli,
belə qənaətə gəlinir ki, imtahansız xaricdə təhsil verən
“universitetlər”i də təhsil vermək deyil, pul qazanmaq
düşündürür.
Bu məsələdə ən böyük məsuliyyət valideynlərin üzərinə
düşür
Yuxarıda qeyd etdiyimiz kimi, övladlarını
dırnaqarası xaricdə oxudan valideynlər sonrakı dövrlərdə
böyük peşmançılıq hissi keçirirlər. Öncə övladlarının
əldə etdikləri diplomu təhsildən üstün dəyərləndirən
valideynlər uşaqları ali məktəbi bitirdikdən sonra
fərqli mənzərə ilə qarşılaşırlar. Diplomların
nostrifikasiyası ilə bağlı müvafiq quruma müraciət
edərkən başa düşürlər ki, övladlarının əldə etdiyi
diplom kağız parçasından başqa heç bir şey deyil. Nəzərə
çatdıraq ki, mövcud qanunvericiliyə görə belə yollarla
təhsil alanların diplomu rəsmən tanınmır. Bu barədə
rəsmi qurumlar dəfələrlə vətəndaşlara məsləhət və
tövsiyələr versə də, təəssüf ki, bəzi valideynlər
rəsmilərin dediklərinə deyil, daha çox fırıldaqçılara
inanırlar.
Distant təhsil, yoxsa?..
Bir vacib məsələni də qeyd etmək yerinə düşər ki,
bu gün qloballaşan dünyada müasir təhsilin yeni
formalarından biri də distant təhsildir. Mütəxəssislər
bu təhsilalma formasının rüşeymlərinin hələ XVII əsrdən
mövcud olduğunu bildirirlər. Onlar iddia edirlər ki,
həmin dövrdə bu, poçt vasitəsilə, müəyyən üsullarla
həyata keçirilib. Get-gedə təkmilləşən bu formadan
əsasən texnologiyanın sürətlə inkişaf etdiyi XX əsrin
sonlarından daha qabarıq şəkildə istifadə olunur.
Distant təhsil sahəsində bir çox ölkələrin-Amerika,
Böyük Britaniya, Avstraliya kimi ölkələrin təcrübəsi
daha geniş yayılıb. Bu sahədə nüfuz qazanan bir çox ali
məktəb var ki, buna misal olaraq Pensilvaniya
Univetsitetini göstərmək olar. Qeyd edək ki, bu
universitetin təcrübəsi YUNESKO tərəfindən qəbul
edilərək digər universitetlərə tövsiyə edilir.
Distant təhsil - təhsil müəssisəsindən istənilən
məsafədə olan öyrənənlərə xüsusiləşdirilmiş
informasiya-təhsil mühiti vasitəsi ilə göstərilən təhsil
xidmətləri kompleksidir. Distant təhsilin yüksək
səviyyədə verilməsi üçün güclü maddi-texniki baza,
əsasən də İKT bazasının olması vacibdir. Distant təhsil
tələbə və müəllim arasında interaktiv əlaqəni
telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə
operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında, uzaq
məsafədən həyata keçirən şəbəkə texnologiyasıdır.
Təhsilalanlar imtahanları yazılı və şifahi şəkildə
verirlər. Şəffaflığın təmin olunması məqsədilə tələbələr
imtahanları tərəflər arasında rəsmi təyin olunan
yerlərdə- əsasən səfirlik və həmin universitetin
filiallarında verirlər. Tələbələri tədris-metodik
materiallarla təmin etmək, həmçinin tələbə və müəllim
arasında interaktiv əlaqə yaratmaq məqsədi ilə internet
şəbəkəsindən istifadə mütləqdir.
Azərbaycanda isə bu gün distant təhsil
texnologiyalarından istifadəni bir o qədər də qənaətbəxş
hesab etmək olmaz. 2009-cu ildə təsdiq olunmuş “Təhsil
haqqında” Qanunda distant təhsil bir təhsilalma forması
kimi qeyd olunsa da, bununla bağlı müvafiq icra
mexanizmi və qanunvericilik bazası hələ də yaradılmayıb.
Mütəxəssislər bunun başlıca səbəblərini
universitetlərimizdə distant təhsilin həyata keçirilməsi
üçün lazımi şəraitin və bu sahədə püxtələşmiş
mütəxəssislərin olmaması ilə əlaqələndirsələr də, əsl
reallıqda problemin mahiyyəti bu təhsilalma formasının
Azərbaycan və bu kimi inkişaf etməkdə olan ölkələrdə
özünü bir o qədər də doğrultmaması ilə bağlıdır. Yəni,
konkret desək, distant təhsil adı altında
saxtakarlıqların baş verə biləcəyi ilə əlaqədardır.
Lakin bütün bu sadaladıqlarımıza baxmayaraq, bəzi
işbazlar vətəndaşlarımızı son vaxtlar distant təhsil adı
altında aldatmağa daha çox üstünlük verirlər. Təəssüf ki,
onlar bu mütərəqqi texnologiyalardan öz maraqlarına
uyğun formada istifadə edirlər.
Təhsil Nazirliyi xəbərdarlıq edir
Etiraf edək ki, Təhsil Nazirliyi hər il qəbul
ərəfəsində xaricdə “təhsil” təşkil edən belə şirkətlərlə
bağlı rəsmi açıqlama yayır, valideynləri ehtiyatlı
olmağa çağırır. Tövsiyə edilir ki, xaricdə təhsillə
bağlı hər hansı bir ali məktəbi seçərkən diqqətli
olsunlar. Əks halda, qeyri-qanuni fəaliyyət göstərən
“universitet”lərin verdiyi sənədlər rəsmi qurum
tərəfindən tanınmayacaq.
Nazirlik xəbərdarlıq edir ki, vətəndaşlar
imtahansız və natamam sənədlərlə xarici ali təhsil
müəssisələrinə qəbul təklif edən bu şirkətlərlə
qarşılıqlı əməkdaşlıq nəticəsində maddi və mənəvi zərər
görə bilərlər. Buna görə də xarici ölkələrdə ali təhsil
almaq niyyətində olan şagird və tələbələrə, onların
valideynlərinə tövsiyə olunur ki, özləri birbaşa olaraq
xarici ali təhsil müəssisələrindən qəbul prosedurlarını
sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər.
Azərbaycan vətəndaşları xaricdəki bəzi təhsil
şirkətlərinin xidmətlərindən istifadə edərkən daha
diqqətli olsunlar.
Rəsmi
statistika
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası
haqqında qısa statistik faktlar
* Proqramın mövcud olduğu 8 il ərzində 3558 nəfər
Dövlət Proqramı çərçivəsində təhsil almaq hüququ
qazanıb.
* Proqram üzrə cari ildə 373 nəfər xaricdə təhsil
almaq hüququ əldə edib.
* Tələbələr 32 ölkənin 379 ən nüfuzlu
universitetində təhsil alırlar.
* Tələbələrin 1032 nəfəri Birləşmiş Krallığın,
767 nəfəri Türkiyənin, 441 nəfəri Almaniyanın, 242
nəfəri Kanadanın, 181 nəfəri Niderland Krallığının
universitetlərində təhsil alırlar.
* Proqram çərçivəsində tibb üzrə 923,
iqtisadiyyat üzrə 847, informasiya texnologiyaları üzrə
348, mühəndislik üzrə 337, sosial və humanitar elmlər
üzrə 221 tələbə təhsil alır.
* Tələbələrin 1526 nəfəri magistratura, 1044
nəfəri bakalavr, 547 nəfəri rezidentura, 168 nəfəri PhD
/ Doktorantura, 213 nəfər baza ali tibb təhsili
səviyyələri üzrə təhsil alırlar.
* Bu günədək 1000-ə yaxın tələbə artıq məzun olub.
Sonuncu Dövlət Proqramı təqaüdçülərinin 2021-ci ildə
məzun olması gözlənilir, onlar da tibb təhsili alan
gənclərdir.
* Hazırda məzunların 60 faizi özəl, 40 faizi isə
dövlət sektorunda fəaliyyət göstərir. |