Mingəçevir
Dövlət Universitetində (MDU) Avropa Birliyinin maliyyə
dəstəyi ilə həyata keçirilən Erasmus Mundus layihəsi
çərçivəsində İNFİNİTY proqramı üzrə təlim kurslarının
keçirilməsinə başlanılıb. Bu məqsədlə Mingəçevir Dövlət
Universitetinin İNFİNİTY proqramı üzrə əməkdaşlıq etdiyi
Çexiyanın Ostrava Texniki Universitetinin tanınmış
pedaqoqları Eva Kolcunova və David Slavata MDU-ya
işgüzar səfərə gəliblər.
Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev
qonaqları salamlayaraq onları rəhbərlik etdiyi ali
məktəbdə görməsindən məmnunluğunu bildirib. Rektor
universitet haqqında ətraflı məlumat verib.
Missiyanın rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru Eva
Kolcunova universitetdə isti münasibətlə
qarşılaşdıqlarını, onlara göstərilən diqqət və qayğıdan
razı qaldıqlarını qeyd edib. Eva Kolcunova noyabrın
30-na qədər davam edəcək səfərləri zamanı universitetin
iqtisadiyyatla bağlı ixtisaslar üzrə təhsil alan
tələbələrinə “Davranış iqtisadiyyatı” və “Emosional
iqtisadiyyat” üzrə təlim keçəcəyini söyləyib.
İqtisad üzrə fəlsəfə doktoru David Slavata qəbul üçün
universitetin rektoru A.Hacıyevə minnətdarlığını
bildirib. İldə iki dəfə İtaliyanın ali təhsil
ocaqlarında mühazirə demək üçün dəvət aldığını deyən
D.Slavata Mingəçevir Dövlət Universitetinin tələbələri
ilə fikir mübadiləsi aparmaq üçün bu təhsil ocağına
gəlməsindən məmnun olduğunu vurğulayıb. O, tədqiqatçı
kimi Avropa ölkələrinin daşınmaz əmlak strukturu və
daşınmaz əmlak bazarını araşdırdığını və bu sahədə
tələbələrlə fikirlərini bölüşməyə çalışacağını bildirib.
Eva Kolcunova və David Slavata universitetin
auditoriyalarını gəzib burada tələbələr üçün yaradılan
şəraitlə, tədris prosesi ilə tanış olublar.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti İNFİNİTY
proqramı üzrə Portuqaliya, Çexiya, Sloveniya və
Estoniyanın ali məktəbləri ilə əməkdaşlıq edir.
Nazim NİFTƏLİYEV,
Mətbuat xidmətinin rəhbəri |