Noyabrın 18-də Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyətində Akademiyanın 70 illik
yubileyinə həsr olunan növbəti iclası keçirilib.
Yığıncağı AMEA-nın prezidenti, akademik Akif Əlizadə
açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Akademik Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin irəli sürdüyü elmi prioritetləri bir daha
alimlərin diqqətinə çatdırıb. AMEA rəhbəri bildirib ki,
bu il noyabrın 9-da AMEA-nın 70 illik yubileyi
münasibətilə keçirilən tədbirdə ölkə başçısı İlham
Əliyev öz nitqində Azərbaycan elminin respublikanın
sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə şərtlənən
prioritetlərini elan edib, alimlər qarşısında həyata
keçirilməsi zəruri olan yeni mühüm vəzifələr
müəyyənləşdirib.
Akademik Akif Əlizadə qeyd edib ki, AMEA-nın
müvafiq elmi bölmələrinin akademik-katibləri bu
prioritetlərin elmi müəssisə və təşkilatların Elmi
şuralarında geniş müzakirələrini təşkil etməli,
təkliflər hazırlamalı, onların icrası ilə əlaqədar
müvafiq qərar qəbul edərək AMEA Rəyasət Heyətinə təqdim
etməlidirlər.
Çıxışında Azərbaycan elminin və alimlərimizin
əməyinin daim dövlətimiz tərəfindən yüksək
qiymətləndirildiyini diqqətə çatdıran akademik Prezident
İlham Əliyevin müvafiq sərəncamları ilə AMEA-nın 70
illik yubileyi münasibətilə də Akademiyanın bir qrup
əməkdaşının orden, medal və fəxri adlarla, “Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif
edildiyini, səkkiz nəfərə isə Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünün verildiyini qeyd edib.
AMEA-nın rəhbəri Akif Əlizadə Azərbaycan elminə
göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına
alimlər, bütövlükdə elmi ictimaiyyət adından dərin
minnətdarlığını bildirib.
Sonra AMEA-nın müvafiq elmi bölmələrinin
akademik-katibləri, eləcə də Coğrafiya İnstitutunun
direktoru Ramiz Məmmədov, Tarix İnstitutunun direktoru
Yaqub Mahmudov, Dilçilik İnstitutunun direktoru Tofiq
Hacıyev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli,
AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayev və
başqaları geniş məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən,
AMEA-nın 70 illik yubileyi münasibəti ilə Azərbaycan
elminin inkişafındakı xidmətlərinə görə yüksək dövlət
mükafatları və fəxri adlara layiq görülmüş Akademiyanın
bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim
edilib.
Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi” |