Noyabrın 12-də Bakı Dövlət Universitetində
“Nanotexnologiyaya əsaslanan ekologiya mühəndisliyi
kurikulumunun reforması və modernləşdirilməsi” adlı
TEMPUS ECONANO layihəsinin yerinə yetirilməsi ilə
əlaqədar Avropa və Azərbaycan alimlərinin birgə
konfransı olub. Konfransı açan Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel Məhərrəmov
Azərbaycan təhsil sisteminə çox böyük töhfə verən
layihənin əhəmiyyətindən danışıb, İtaliya, Fransa və
Yunanıstanın aparıcı universitetləri ilə Bakı Dövlət,
Azərbaycan Memarlıq və İnşaat, Qafqaz
universitetlərinin, o cümlədən AzEcolab özəl şirkəti və
Təhsil Nazirliyinin tərəfdaşlığı ilə yerinə
yetirildiyini bildirib. Rektor Abel Məhərrəmov Bakı
Dövlət Universitetinin bu layihəyə böyük dəyər verdiyini
qeyd edib.
Layihə ilə bağlı Azərbaycan Memarlıq və İnşaat
Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova,
Azərbaycan Təhsil Nazirliyinin Elm və ali təhsil
şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov,Yunanıstanın
Azərbaycandakı səfiri Dimitrios Tsounqas və İtaliyanın
Azərbaycandakı səfir müavini Campaolo Kutillo çıxış
ediblər.
ECONANO layihəsinin rəhbəri, professor Luka Di
Palma çıxış edərək layihənin qarşıya qoyduğu
problemlərdən, bu istiqamətdə görülən işlərdən bəhs edib.
Qeyd edib ki, layihə yerinə yetirildiyi müddət ərzində
bir sıra uğurlara imza atıb. Belə ki, Azərbaycan
universitetlərinin 12 magistrantı üç ay müddətində
BDU-da Avropa və Azərbaycan professorlarının
mühazirələrini dinləyib, 2015-ci ilin fevral-may ayları
ərzində Avropa universitetlərində dissertasiya işlərini
tamamlayıb, 2015-ci ilin iyul ayında BDU-da beynəlxalq
komissiya qarşısında ingilis dilində müdafiə ediblər.
Bakı Dövlət Universitetinin fizika fakültəsinin
professoru Məhəmmədəli Ramazanov isə bildirib ki, BDU-da
nanotexnologiya sahəsində həm yüksək səviyyəli
fundamental tətbiqi işlər, həm də təhsil proqramları
yerinə yetirilir. Layihənin uğurlu tərəflərindən biri də
həmin tələbələrin doktoranturaya qəbul edilmələri,
Azərbaycan və Avropa universitetlərindən ikili rəhbər
məsələsinə razılıq əldə edilməsidir.
Tədbirdə İtaliya, Fransa və Yunanıstan
universitetlərinin professorları, ölkəmizin ali
məktəblərinin aparıcı alimləri və digər sahələrdə
çalışan mütəxəssislər, doktorantlar, magistrlər iştirak
ediblər.
Mətbuat və informasiya şöbəsi |