Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Azərbaycan Dövlət Pedaqoji Kollecində ümumrespublika konfransı keçirilib

 

Böyütmək üçün seçinTələbələrinin, xüsusən də gələcək ibtidai sinif müəllimlərinin geniş dünyagörüşlü, milli-mənəvi dəyərlər daşıyıcısı və ötürücüsü kimi  hazırlanmasına böyük önəm verən və bu məqsədlə təşkil etdiyi orijinal məzmunlu və formalı tədbirləri ilə zaman-zaman həm tələbələrdə, həm də iştirak edən qonaqlarda  dərin  təəssürat yaradan Azərbaycan Dövlət Pedaqoji  Kolleci noyabrın 18-də növbəti  belə bir tədbir - ümumrespublika  konfransı keçirdi.  “Təhsil: milli mühit,  milli ruh, istiqamətlər, nəticələr” kimi zamanımız üçün çox aktual mövzuya həsr olunmuş ümumrespublika konfransında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Təhsil Nazirliyinin İlk peşə və orta ixtisas təhsili şöbəsinin müdiri Samir Vəliyev, şöbənin baş məsləhətçisi Ənvər İmanov, Milli Məclisin üzvü Aqiyə Naxçıvanlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, “Kaspi” Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva,  orta ixtisas və orta ümumtəhsil məktəblərinin rəhbərləri, tanınmış ziyalılar, KİV təmsilçiləri iştirak edirdilər.

İştirakçılar öncə kollecin birinci mərtəbəsinin foye və dəhlizində təşkil olunmuş tələbələrin əl işlərindən və rəsmlərindən ibarət sərgi ilə tanış oldular, Heydər Əliyev Muzeyinə baxış keçirdilər, sonra müxtəlif fənlərdən ayrı-ayrı qruplarda keçilən dərslərdə iştirak etdilər.

Kollecin akt zalında keçirilən ümumrespublika konfransını bu təhsil ocağının direktoru, filologiya elmləri doktoru, professor Nurlana Əliyeva açaraq iştirakçıları salamladı və tədbirin aktuallığını vurğuladı. Sonra professor N.Əliyeva “Təhsil: milli mühit, milli ruh, istiqamətlər, nəticələr” mövzusunda geniş  məruzə etdi. Zala toplaşanlar tərəfindən diqqətlə dinlənilən məruzəsində Nurlana Əliyeva öncə ulu öndər Heydər Əliyevin indi Azərbaycanın təhsil sisteminin xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə uyğun  qura bilməyimizin müstəqilliyimizin bizə verdiyi ən böyük töhfə olması barədəki müdrik fikrini xatırladaraq, bunun doğrudan da çox böyük və qiymətli bir töhfə olduğunu son illər bütün səviyyələrdən olan təhsil müəssisələrinin fəaliyyətinin də sübut etdiyini söylədi. Bildirdi ki, bu gün ölkəmiz təkcə iqtisadi-siyasi sabitliyinə, inkişaf tempinə görə deyil, həm də milli-mənəvi dəyərlərinə, mentalitetinə görə bir çox dövlətlərin diqqətini cəlb edir. Xalqımızın özünəməxsus dünyagörüşü, zövqü, qabiliyyəti, qonaqpərvərliyi və digər çoxlu müsbət xüsusiyyətlərini son illər Azərbaycanda təşkil olunan bir sıra  beynəlxalq tədbirlərin xarici ölkələrdən olan iştirakçıları da dəfələrlə qeyd və etiraf etmişlər.

Professor N.Əliyeva məruzəsində milli-mənəvi dəyərlərin gənc nəslə ötürülməsində bu dəyərlərin beşiyi olan məktəblərin üzərinə böyük vəzifə və məsuliyyət düşdüyünü söylədi. Bu işdə ibtidai sinif müəllimlərinin rolunun xüsusilə böyük olduğunu deyən N.Əliyeva onları gələcək nəsillərin bünövrəsini qoyan insanlar kimi  səciyyələndirdi. Qeyd etdi ki, ibtidai sinif müəllimləri öz siması, danışığı, geyimi, ünsiyyəti, insanlarla təmas qurmaq bacarığı, istedadı, qabiliyyəti, sadəliyi və bu sadəlikdə aliliyi, dövlətçiliyə sədaqəti ilə yetirmələrinə örnək, bu keyfiyyətləri onlara ötürən şəxs olduğundan onların hazırlığına xüsusi diqqət yetirilməli, gənc müəllimlərin işə qəbulu zamanı təcrübəli müəllimlərin onlarla müsahibələr aparması təşkil olunmalıdır. N.Əliyevaya görə, ibtidai sinif müəllimlərinin mənəvi keyfiyyətləri, vətənpərvərliyi o qədər yüksək mövqedə inkişaf etmiş olmalıdır ki, onlar bizim gələcəyimiz olan balalarımızı gözəl vətəndaşlar kimi yetişdirə bilsinlər.

Məruzəçi milli-mənəvi dəyərlərin qorunması, təbliği, gələcək müəllimlərə aşılanması istiqamətində kollecdə aparılan işləri, xüsusən də ümummilli lider Heydər Əliyevin 2000-ci ildə milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı ilə bağlı verdiyi bəyanatdan sonra həyata keçirilən silsilə tədbirləri diqqətə çatdırdı, bugünkü konfransın da həmin silsilədən növbəti tədbir olduğunu söylədi.

Sonra konfransda uşaq ədəbiyyatının tanınmış nümayəndəsi, filologiya elmləri doktoru, professor Zahid Xəlil “Uşaq ədəbiyyatının milli ruhun oyanmasına təsiri” mövzusunda məruzə etdi. Milli-mənəvi dəyərlərin gənc nəslə ötürülməsində anaların rolunu xüsusi qeyd edən alim-şair ana-övlad münasibətlərinin ədəbiyyatımızda kifayət qədər öz əksini tapdığını bildirdi. Uşaqlarda milli ruhu qaldırmaq üçün onlara belə ruhlu bədii əsərləri mütaliə etdirməyi vacib saydı.

Kollecin III-IV kurs tələbələrinin “Milli dəyərlərimiz nəsillərdən nəsillərə” mövzusunda nümayiş etdirdikləri maraqlı kompozisiya konfrans iştirakçıları tərəfindən alqışlarla qiymətləndirildi. Kompozisiyada milli-mənəvi dəyərlər və onların gənc nəslə aşılanması haqqında kəlamlar, o cümlədən bu məsələyə  öz fəaliyyətlərində xüsusi önəm verən ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik fikirləri öz əksini tapmışdı.

Konfransın digər məruzəçisinin - TPİ-nin baş elmi məsləhətçisi, pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilovun “Gənclərin milli ənənələr, mütaliə, virtual  aləm təfəkkürünün formalaşması prosesində məktəbin və ailənin rolu” mövzusunda çıxışı da iştirakçılarda böyük maraq doğurdu.

Sonra kollecin IV kurs tələbəsi Aygün Paşazadə məktəbin milli mühitin beşiyi olması barədə qənaətlərini təhsil aldığı müəssisənin təcrübəsi əsasında dinləyicilərlə bölüşdü.

Tədbirin sonunda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev konfransı yüksək dəyərləndirdi, onun müzakirə etdiyi məsələnin hazırda cəmiyyətdə hər kəsi düşündürdüyünü söylədi. Kollecdəki ab-havadan, xüsusən də konfransdan böyük təəssüratlar aldığını, burada həmişə yüksək səviyyəli tədbirlərin keçirilməsinə şahid olduğunu deyən icra başçısı bütün bunlara görə kollecin rəhbərliyinə, müəllim və tələbələrinə təşəkkür etdi.

Konfransı yekunlaşdıran professor Nurlana Əliyeva onun iştirakçılarına  fayda verəcəyinə əminliyini ifadə etdi və qonaqlara minnətdarlığını bildirdi. 

Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”
foto Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov