Bakı
Slavyan Universitetinin (BSU) rektoru, professor Asif
Hacıyev Müqəddəs Kirill və Mefodi adına Universitetin
rektoru, professor Velimir Stajkovskinin dəvəti ilə
Makedoniya Respublikasına işgüzar səfər edib. Professor
A.Hacıyev Avropanın nüfuzlu təhsil müəssisələrindən
sayılan, 60 mindən artıq tələbə kontingentinə sahib bu
universitetin rektoru, prorektorları, habelə filologiya
fakültəsinin dekanı və kafedra müdirləri ilə görüşüb.
Görüş çərçivəsində professor Asif Hacıyev Azərbaycanın
iqtisadi, sosial-mədəni inkişafı, ölkədə mövcud olan
multikultural mühit və bu sahədə aparılan dövlət
siyasəti haqqında geniş məlumat verib, Azərbaycanın
təhsil sistemi, mövcud layihə və proqramlar, o cümlədən
Bakı Slavyan Universitetinin fəaliyyətindən söz açıb.
A.Hacıyev BSU-nun tarixi, tədris prosesi və kadr
hazırlığı, elmi araşdırmalar, burada fəaliyyət göstərən
tədris-mədəniyyət mərkəzləri, eyni zamanda xarici
universitetlərlə əlaqələrindən danışıb.
Azərbaycan haqqında məlumatlı olduğunu bildirən rektor,
professor Velimir Stajkovski ölkəmizin sürətli
inkişafına böyük dəyər verdiklərini, slavistika üzrə
unikal təhsil müəssisəsi və elm mərkəzlərindən olan
BSU-nun fəaliyyətini yüksək qiymətləndirdiklərini,
əməkdaşlıqda maraqlı olduqlarını və onun hər iki tərəf
üçün səmərəli olacağını qeyd edib.
İşgüzar görüşdə hər iki universitet rəhbəri BSU-da
makedon dili və makedoniyaşünaslığın, Müqəddəs Kirill
və Mefodi adına Universitetdə isə Azərbaycan dili və
azərbaycanşünaslığın tədrisinə hazırlıq barədə razılıq
əldə ediblər. Gələcək perspektiv layihələr müzakirə
olunub, əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Mətbuat xidməti |