Gəncə
şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Texnologiya
Universitetinin 45 illik yubileyinə həsr olunmuş “Elm,
təhsil və istehsalatın inteqrasiyası: müasir
tendensiyalar” mövzusunda elmi-praktik konfrans
keçirilib. Gəncə Şəhər İcra Hakimiyyəti, Təhsil
Nazirliyi və Azərbaycan Texnologiya Universitetinin
birgə təşkilatçılığı ilə baş tutan konfransda yerli və
xarici qonaqlar, elm xadimləri, ictimaiyyət
nümayəndələri və rəsmi şəxslər iştirak edib. Konfransı
giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri
Naqif Həmzəyev universitetin kollektivini 45 illik
yubiley münasibətilə təbrik edib.
ATU-nun rektoru, professor Akif Süleymanov çıxışında
rəhbərlik etdiyi ali təhsil ocağının inkişaf yolu haqda
danışıb.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Təhsil
Nazirliyinin nümayəndəsi Yaqub Piriyev kollektivi təbrik
edib və təhsil naziri Mikayıl Cabbarovun konfrans
iştirakçılarına müraciətini oxuyub. Sonra akademik Ziyad
Səmədzadə, Gürcüstanın Beynəlxalq Qara Dəniz
Universitetinin rektoru İlyas Ciloğlu, Türkiyənin Yıldız
Texniki Universitetinin professoru Hanifi Saraç, Qafqaz
Universitetinin rektoru Ahmet Saniç, GDU-nun rektoru
Yusif Yusibov, “Az-Granata” Şirə və Şərab Emalı
Zavodunun direktor müavini Vüqar Mikayılov da çıxış
edərək yubiley münasibəti ilə ATU-nun kollektivini
təbrik edib, bundan sonrakı fəaliyyətində uğurlar
arzulayıblar.
Konfransın gedişində ATU tarixindən bəhs edən film
nümayiş etdirilib. Daha sonra ATU ilə Gürcüstanın
Beynəlxalq Qara Dəniz Universiteti və Türkiyənin Yıldız
Texniki Universitetləri arasında əməkdaşlıq
memorandumları imzalanıb.
İctimaiyyətlə əlaqələr şöbəsi |