Noyabrın 19-da “ADA” Universitetində Azərbaycan-Rusiya
Universitetlərarası Forumu işə başlayıb.
Forumu giriş sözü ilə açan “ADA” Universitetinin rektoru
Hafiz Paşayev Azərbaycanla Rusiya arasında təhsil
sahəsində tarixən geniş əlaqələrin olduğunu qeyd edib.
Rektor forumda Rusiyanın müxtəlif şəhərlərində yerləşən
universitet rəhbərlərinin iştirak etdiyini deyib.
Forum çərçivəsində Azərbaycan-Rusiya Ali Təhsil
Müəssisələri Assosiasiyasının yaradılması barədə
memorandum imzalanacağını diqqətə çatdıran rektor bu
qurumun hər iki ölkənin universitetləri arasında
əməkdaşlığın daha da genişləndirilməsinə təkan
verəcəyini deyib.
Forumda Sumqayıt Dövlət Universitetinin rektoru Elxan
Hüseynov, Ufa Dövlət Neft Texniki Universitetinin
rektoru Ramil Baxtizin, Azərbaycan Memarlıq və İnşaat
Universitetinin rektoru Gülçöhrə Məmmədova, Rusiya
Dövlət Humanitar Universitetinin rektor əvəzi Yefim
Pivovar, Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin rektoru Mustafa Babanlı, Samara Dövlət
Texniki Universitetinin rektoru Dmitri Bıkov və
Azərbaycan Texniki Universitetinin rektoru Havar
Məmmədov rəhbərlik etdikləri ali təhsil müəssisəsinin
fəaliyyəti, qarşılıqlı əməkdaşlığın prioritet
istiqamətləri barədə çıxış ediblər. Çıxışlarda forumun
təcrübə mübadiləsi baxımından mühüm ənəmiyyəti qeyd
olunub, universitetlərarası əməkdaşlığın qurulmasına və
elmi əlaqələrin inkişafına töhfə verəcəyi bildirilib.
Forum öz işini növbəti gün davam etdirib.
|