Noyabrın 20-də Rusiyanın təhsil və elm naziri
Dmitri Livanovun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri
xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı
önünə əklil qoyub, ruhuna hörmət və ehtiramını bildirib.
Sonra Rusiya nümayəndə heyəti Şəhidlər xiyabanında
ölkəmizin müstəqilliyi uğrunda həlak olanların
məzarlarını ziyarət edib.
Rusiyanın təhsil və elm naziri Dmitri Livanovun
Azərbaycana səfərinin məqsədi iki ölkə arasında təhsil
və elm sahəsində əlaqələrin genişləndirilməsindən
ibarətdir.
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və
Rusiyanın təhsil və elm naziri Dmitri Livanov Bakıdakı
23 nömrəli tam orta məktəbdə rus dilində tədris aparılan
ümumtəhsil məktəblərinin direktorları ilə görüşüblər.
Görüşdə Azərbaycanda rus dilində tədris aparılan
məktəblərin tədris prosesi ilə bağlı müzakirələr
aparılıb və məktəb direktorlarını maraqlandıran suallar
cavablandırılıb.
Rusiya nümayəndə heyətinin səfəri çərçivəsində
Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri
Assosiasiyasının təsis olunması mərasimi keçirilib.
Mərasimdən öncə Prezident Administrasiyasının
Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma
Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, Milli
Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və Elmin
İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev
Rusiyanın təhsil və elm naziri Dmitri Livanovla
görüşüblər. Görüş zamanı hər iki ölkənin elm və təhsil
sahəsində əməkdaşlığına dair məsələlər müzakirə olunub.
Mərasimdə çıxış edən Mikayıl Cabbarov ölkələrimiz
arasında humanitar, o cümlədən də elm və təhsil
sahələrində əlaqələrin genişləndirilməsinin
əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, müasir
çağırışlara əsaslanan bu əlaqələr qarşılıqlı təcrübə
mübadiləsinə və birgə innovativ layihələrin
reallaşmasına zəmin yaradacaq.
Ölkələrimizin ortaq tarixi əlaqələrinin
mövcudluğunu xatırladan Dmitri Livanov çıxışında ali
təhsil müəssisələri arasında əməkdaşlığın ümumilikdə
təhsilin keyfiyyətinə müsbət təsir etdiyini vurğulayıb.
Nazir yeni yaradılan Azərbaycan-Rusiya Ali Təhsil
Müəssisələri Assosiasiyasının universitetlərarası
əməkdaşlıq üçün yaxşı platforma olacağını deyib.
Çıxışlardan sonra hər iki ölkənin ali məktəb
rektorları tərəfindən Azərbaycan-Rusiya Ali Təhsil
Müəssisələri Assosiasiyasının yaradılması barədə
memorandum imzalanıb.
www.edu.gov.az |